Bir neçə düşməni boğaraq öldürən xüsusi təyinatlımız

6-01-2021, 17:56

Vətən müharibəsində qəhrəmancasına şəhid olan hərbçilərimizdən biri də 27 yaşlı Asifdir.
Asif Arif oğlu Talıblı 26 aprel 1993-cü ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub, buradakı məktəbdə təhsil alıb.
O, 2011-ci ilin oktyabrında hərbi xidmətə yollanıb. 2013-cü ildən etibarən Daxili Qoşunlarda xidmətə başlayıb. Asif özünümüdafiə və döyüş idman növləri ilə məşğul olduğu üçün Xüsusi Təyinatlı Dəstənin tərkibinə dəvət olunub.

Torpaqlarımızın azad olunması uğrunda başlanan Vətən müharibəsində ön sıralarda döyüşən Asif Murovdağ, Füzuli, Cəbrayıl istiqamətlərində ağır döyüşlərdə iştirak edib. Döyüşlər zamanı bir çox yaralı yoldaşını da xilas edib.

O, Hadrut uğrunda döyüşlərə cəlb edilən ən elit hərbçilərimizdən idi. Hətta bu döyüşlərdə düşmənlə əlbəyaxa olub və qəhrəmanlıq göstərərək şəhid olub. Döyüş yoldaşları deyir ki, Asif bir neçə düşmən hərbçisini boğaraq məhv edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin müvafiq sərancamı ilə şəhid Asif Talıblı “Vətən uğrunda”, “Kəlbəcərin azad edilməsi uğrunda”, “Cəbrayılın azad edilməsi uğrunda” medalları ilə təltif edilib.


İstifadəçi paneli