Bakı Slavyan Universitetinin "gizemli" müəllimləri - rektoru yıxan səbəbin pərdəarxası təfərrüatları (VİDEO)

5-07-2021, 00:01

Bakı Slavyan Universitetinin müəllim hazırlığından daha çox "azad düşüncəli tələbə yetişdirmək" adı altında anarxist fikirli gənclər yetişdirmək siyasəti Ümummilli Liderimiz Heydər Əliyevin abidəsinə məlum ifadələrin yazılması ilə geniş vüsət aldı desək yanılmarıq. Bu proses Nurlana Əliyevanın gəlişi ilə daha da intensivləşdi və universitetdə müəllimlər arasında qütbləşmə yaratdı. Bir tərəfdə ömrünü bu universitetə həsr edən və Rusiya mədəniyyətinin təsiri ilə formalaşan ziyalılar, digər tərəfdən isə bütün təhsil müəssisəsində öz gizli hücrələrini quran və dövlət içində dövlət yaratmağı qarşılarına məqsəd qoyan Gülənçi pedaqoqlar. Sözsüz ki belə bir mühitdə təhsilin idarə edilməsi elə də asan olmayacaqdı. Hər il doktorantura şöbəsinə onlarla Türkiyə vətəndaşı qəbul edən Nurlana Əliyeva onların "FETO"-çu olduqlarını bilsə də məlum dairələrin təkidi ilə onların dissertasiyalarının müdafiəsini təşkil edərək fəlsəfə üzrə elmlər doktoru almasına şərait yaratdı. Statistikaya nəzər salsaq son 5 ildə Pedaqogika elmləri üzrə müdafiə edənlərin əksəriyyətinin Azərbaycandakı "nurçu" məktəblərinin müəllimlərinin olduğuna şahid olacağıq. Rus dilini zəif bilən Nurlana Əliyevanın milli məfkurəyə sadiq mövqeyi və universitetdəki yerli rusdilli elita ilə dil tapmaq istəyi çoxillik pedaqoji təcrübəsinə və idarəetmə məharətinə baxmayaraq bəzən onun istər-istəməz təzadlı qərarlar qəbul etməsinə səbəb olurdu. Həmin "nurçu" tələbələrin tez-tez Türkiyəyə səfər etməsi, onların bir qisminin məlum hadisələrdən sonra Türkiyədən Azərbaycana buraxılmaması, bəzisinin Azərbaycandan Türkiyəyə gedərək orada dünyasını dəyişməsi bir çox sirli məqamlardan xəbər verir. Lakin bu barədə bir az sonra. İstintaq getdiyi üçün bəzi məsələrin üstündən keçməyimiz lazım gəlir. Bizi maraqlandıran əsas məsələ bu universitetdə tələbələrin nə üçün təhsildən savayı hər növ başqa maraq dairələrinə yönəldilməsi ilə bağlı səbəbləridir.

Universitetdə tədrisin keyfiyyətinin sıfır səviyyəyə düşməsində maraqlı olan qüvvələrin lokomotivi hesab edillən təlim-tərbiyə işləri üzrə prorektor Xanım Sultanova Bədii-kütləvi tədbirlər şöbəsi təsis edərək öz əlaltısı Aygün Kərimovanı ora müdir təyin etdirir. Yeri gəlmişkən heç bir ali  təhsil müəssisəsində belə bir adda və funksiyada fəaliyyət göstərən şöbəyə rast gəlmək mümkün deyildir. Hətta Mədəniyyət və İncəsənət Universitetində də sözügedən şöbənin bənzərini tapmaq qeyri-mümkündür. Bu şöbənin hədəfi gözəl plastikası və bədən quruluşu olan tələbələrdən rəqqas və rəqqasələr yetişdirmək olmuşdur. Bəzən tələbələrin çoxu rəqs etmək istəmədikdə X.Sultanova onları dövlət siyasətinə qarşı çıxdıqlarını söyləməklə qorxudaraq bunun Təhsil Nazirliyinin tapşırığı olduğunu bildirmiş və onları xarici qonaqların qabağında oynatmaqla qiymətlərində güzəştlər edəcəyi ilə şirnikləndirmişdir. Rəqqas və rəqqasə tələbələrin dediyinə görə, Xanım Sultanova nahar fasiləsində Aygün xanımı da "Cip"inə mindirib pünhan məkanlarından birinə çəkilərək nargilədən qüllab vurmaqla günün ikinci yarısı üçün enerji toplayırmış. Tələbələr onu da qeyd edir ki, dərs deyən zaman xanım prorektorun ağzından qoxuyan kəsif tütün iyi bütün auditoriyaya yayılırmış.

Karyerasına pioner dəstə rəhbəri kimi başlayan Xanım Sultanovannın birdən-birə prorektor vəzifəsinə yüksəlməsinin isə qəribə tarixçəsi var. Həm Aygün Kərimovaya, həm də Xanım Sultanovaya himayədarlıq edənlər isə hazırda Dövlət Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində və Təhsil Nazirliyində yüksək vəzifə tuturlar, bir-birləri ilə də ailəvi dostluq və işbirliyi münasibətləri mövcuddur.

Xanım Sultanova rəqs müsabiqələrində BSU tələbələrinin hətta Mədəniyyət və İncəsənət Universitetini təmsil edənləri də geridə qoyub ilk üçlüyə düşməsi məhz onun vəzifədə olan himayədarlarının telefon zəngləri hesabına başa gəlirmiş. Ümumiyyətlə Bakı Slavyan Unibersitetində məişət-mətbəx məzmunlu bütün tədbirlərin keçirilməsi fikri təlim-tərbiyə işləri üzrə prorektorun başının altından çıxmışdır. "Plov günü", "Həftəbecər", "Ciyər axşamı" kimi tədbirləri buna misal göstərmək olar. Bir də görürdün ki, budur ey, iş saatından sonra "Plov günü" ziyafəti verildi. Bakıdakı bütün səfirliklərə xüsusi zərflərdə ətirli dəvətnamələr göndərilirdi. Sanki işrət məclisinə dəvət olunurlar, elm ocağına yox. Bəzən səfirlər, bəzən onların nümayəndələri belə formatlı tədbirlərə qatılmağa məcbur olurdular.

Xarici qonaqların və səfirlərin qarşısında qürurla dayanan Nurlana Əliyeva tədbirin keçirilməsini elmi cəhətdən belə əsaslandırmış və onu dövlət başçısı İlham Əliyevin siyasəti ilə sıx əlaqələndirmişdir.

Sitat: "Milli ideologiyanın tərkib hissələrindən biri də xalqın mətbəx mədəniyyətidir. Mətbəx ölkədəki ictimai-siyasi durumu, sosial-iqtisadi vəziyyəti, ölkənin rifah halını, xalqın həyat şəraitini və həyat fəlsəfəsini göstərən başlıca faktorlardandır. Dövlət başçısının xüsusi qayğı və göstərişi ilə ilboyu təşkil olunan yarmarka və kənd təsərrüfatı məhsulları sərgisi insanlarımızın keyfiyyətli və sağlam ərzaq məhsulları ilə təminatına yönəlmiş real addımlardandır”.

“Səbzi plov”, “Şah plov”, “Döşəmə plov”, “Fisincan plov”, “Lobya plov” və başqa plov növlərini həzm-rabedən keçirən qonaqlar Anar Allahverdiyevin münasib qiymətə X.Sultanova üçün təşkil etdiyi nadir qırmızı və ağ şərabların dadına baxıb feyziyab olurdular. Xoş ovqat altında səfirlərin yanaqlarının qızardığını görən Xanım Sultanova məşhur işarəsi ilə dərhal tələbə qızlardan ibarət rəqqasələrini xarici qonaqlarln qarşısına çıxarar, onlar da öz növbəsində bədənlərini əsdirib süzə-süzə öz məharətlərini göstərərdilər. Qonaqlar da qabaqlarındakı təamlardan və qızların rəqsindən məst olub iş gününün bütün ağırlığını canlarından çıxarardılar. Görəsən bu qız tələbələrin valideynləri bilirdimi ki, onlar hər səhər övladlarını dərs oxumağa yox, ziyafətlərə tər-təravət və gözəllik qatmaq üçün xüsusi rəqqasəlik təliminə yola salırlarmış? Özü də rəqqasəliyi qızlara Əli Natiqoğlu (keçmişdəki bəzi əməllərinə görə bu rəqs müəllimi Asan xidmətdə X.Sultanovanın göstərişi ilə öz əsil adını dəyişmiş və başqa soyad götürmüşdü) adlı kişi müəllimi deyirdi. Yüzlərlə tələbənin əlini əlinə alan, onları adları ilə yox, saçlarının ətri ilə tanıyan Əli müəllim, hansı ki Rüstəm adı altında əvvəllər kompyuter şöbəsində "kabelşik" adı ilə işə götürülmüşdü.

Xanım Sultanova Bakı Slavyan Universitetinə prorektor təyin edilənə qədər həmin şöbəyə gözəl təhsil təşkilatçısı, Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının ən fəal və ağıllı üzvlərindən biri olan Araz Məmmədzadə rəhbərlik edirdi. Araz Məmmədzadə uca boylu, gülərüz və fəhmli bir gənc kimi kollektivdə böyük hörmət qazanmışdı. Lakin X.Sultanova məlum vəzifəyə təyinat alan kimi Araz Məmmədzadəni qaralama kampaniyasına başladı. Bunun üçün Məryəmxanım Hüseynova adlı qadından istifadə etdi. Məryəmxanım Araz Məmmədzadəni qız tələbələrlə otağında saatlarla söhbət etdiyi, qızları guya "yoldan" çıxardığı barədə universitetin tələbələri və müəllim kollektivi arasında şayiələr yaydığı deyilir. Bu işdə ona Azərbaycan dilinin tədrisi metodikası kafedrasının dosenti Sevil Hümmətova köməklik göstərmişdir. Araz Məmmədzadənin tələbə qızla təkbətək qaldığının video görüntüləri əks olunan diskə sahib olduğunu deyən Sevil Hümmətova bu görüntüləri özünün yaxın rəfiqəsi, Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın təhsil haqqı ödəmədən pulsuz oxutdurduğu sevimli tələbəsi, Elektron şöbədə işləyən Alı Quliyev vasitəsi ilə əldə etdiyini və Məryəmxanın Hüseynovanın da həmin görüntülərdən şantaj üçün istifadə etdiyi bildirilmişdir. Ümumiyyətlə X.Sultanova, D.Əliyeva və S.Hümmətova özlərinin şəxsi və korporativ maraqları naminə Məryəmxanın Hüseynovanı şərləmək və şantaj etmək üçün bir çox məsələlərə cəlb etmişlər.

Nurlana Əliyeva rektor vəzifəsini tərk edəcəyi təqdirdə öz yerinə Xanım Sultanovanı, o da mümkün olmasa Sevil Hümmətovanı təyin edəcəyi barədə yayılan söz-söhbət də bir mərkəzdən idarə olunmuşdur. Çünki Nurlana Əliyeva bu qeyd olunanların şayiə olduğu əsas gətirərək dedi-qodulara inanmadığını bildirmişdir. Lakin Sevil Hümmətovanın tez-tələsik professor elmi dərəcəsi almaq üçün bütün maddi imkanları ilə yanaşı, bacısı oğlu, Daxili İşlər Nazirliyi orqanlarında vəzifə tutan Allahverdiyev Anar Elxan oğlunun nüfuzundan istifadə etməsi Sevil Hümmətovanın rektor vəzifəsinə nə qədər susadığını açıq-aydın göstərir. Məqsədinə çatmaq üçün onun hətta falçıları da bu işə səfərbər etməsi barədə söhbətlər dolaşmaqdadır. Müdafiənin tez başa gəlməsi üçün Sevil Hümmətovaya respublikanın ən samballı və qocaman pedaqoqlarından olan Fərrux Rüstəmov elmi rəhbər təyin etdirilmişdir. Dissertasiyanın tez müdafiəyə çıxarılması üçün zəruri olan məqalələrin yazılmasını isə Anar Allahverdiyev universitet müəllimlərindən İslam Ağakərimova tapşırmıdşır. Bu tapşırığın müqabilində İslam Ağakərimovun bütün yaxınları avtomobil cərimələrindən azad olunmaqla mükafatlandırılmışdır. Anar Allahverdiyev Nəsimi rayon İcra Hakimiyyətinin müvafiq şöbəsi ilə danışıqlar apararaq məcburi köçkün olan xalası Sevil Hümmətovanı 28 may metrostansiyasına yaxın olan yeni tikilən hündürmərtəbəli binalardan birində 3 otaqlı mənzil əldə etməsini, həmin bina tikilib başa çatanacan isə həmin əraziyə yaxın yerdə kirayə mənzildə müvəqqəti yaşamasını təmin etmişdir ki, xalası rektor təyin olunanda işi evinə çox yaxın olsun. Məsələnin diqqət çəkən və maraqlı məqamı isə burasındadır ki, Sevil Hümmətovanın aylıq 500 manat kirayəsini Nəsimi rayon İcra Hakimiyyəti bələdiyyə büdcəsindən ödəyir.

Qeyd edək ki, Baş Prokurorluğun tələbələrin təhsil haqlarını mənimsəməsi ilə bağlı 25 yanvar 2021-ci il tarixdə cinayət işi açdığı Dürdanə Əliyeva işbirliyində olan Bakı Slavyan Universitetinin dosenti Sevil Hümmətova və baş müəllimi Vəfa Allahverdiyevanın adını bu məsələdə hallandırmayacağı müqabilində həbs qətimkan tədbirinin əvəzinə polisin nəzarəti altında qəti imkan tədbiri seçilib. Bu məsələdə ona Anar Allahverdiyev və sonuncunun nazirlikdə işləyən yüksək vəzifəli yaxın qohumu kömək edib. Əks halda Dürdanə Əliyeva Türkiyədəki "FETO"-çu himayədarlarının yanına, Ankara şəhərinə qaçacaqmış. Dürdanə Əliyeva Bakıdakı "Gülən" məktələrinin əksər müəllimlərini Bakı Slavyan Universitetinin doktorantura şöbəsinə qəbul etdirmiş, onların Azərbaycan Respublikasında fəlsəfə doktoru elmi dərəcəsi almalarında müstəsna xidmətlər göstərdiyi üçün Türkiyədə Gülənçilər tərəfindən sığınacaq alması an məsələsi idi.

Nəzərinizə çatdıraq ki, bir müddət əvvəl mətbuatda Vəfa Allahverdiyevanın fəlsəfə doktoru elmi dərəcəsi adı almaq üçün Bakı Slavyan Universitetinin doktorantura şöbəsinə ödənişli əsaslarla qəbul etdirən və ondan təhsil haqqı alınmayacağı vədini verən Dürdanə Əliyevanın həmçinin Vəfa Allahverdiyeva üçün ixtisasartırma diplomu vermiş, rektorun köməyi ilə istədiyi şəxsi ona elmi rəhbər təyin etdirmişdir. Daha sonra Vəfa Allahverdiyevanın Rusiya və Azərbaycan siyasi dairələrini sərt tənqid etdiyi, siyasi mövzuda yazdığı dissertasiyasının müdafiəsini təşkil etdirməklə ona fəlsəfə doktoru elmi dərəcəsi adı verdirən Dürdanə Əliyeva qatı "nurçu" olan müəllimləri ətrafına yığıb təhsildə xüsusi biznes fəaliyyəti ilə məşğul olmuşdur.
Aşağıdakı videoda Vəfa Allahverdiyevanın doktoranturaya qəbul olmazdan əvvəl Türkiyə Cümhuriyyətinə xüsusi missiya ilə bir qrup gəncin tərkibində səfər etməsi, orada verilişə çıxması yuxarıda qeyd olunanları bir daha təsdiqləyir.



Bakı Slavyan Universitetinin doktorantura şöbəsinə qəbul olduqdan sonra Türkiyədə baş verən məlum siyasi hadisələr Dürdanə Əliyevanın, Sevil Hümmətovanın və digərlərinin "gizli" rejimdə fəaliyyət göstərməyə məcbur etmişdir. Dürdanə Əliyeva Youtube-da yayımlanan videonun 06:08-ci dəqiqəsində V.Allahverdiyevanın özünü əsil adı ilə təqdim etməsinə əsəbləşərək nə üçün "Kəmalə" kod adından istifadə etməməsini ona irad tutsa da videonu kanaldan sildirmək artıq mümkün olmamışdır. Çünki Türkiyədə həmin cinayətkar şəbəkənin bütün üzvləri həbs olunan zaman onların bütün texniki bazasına əl qoyulmuş, bu görüntülər də digər maddi sübutlar kimi dövlət tərəfindən müsadirə olunmuşdur. Belə oduqda, Dürdanə Əliyevanın israrı ilə Vəfa Allahverdiyeva rinoplastika adı altında təcili tibbi əməliyyat keçirmiş, imicini dəyişmiş, saç düzümünə yeni xüsusi forma vermişdir. Daha sonra o, Vəfa Allahverdiyevaya Türkiyənin Azərbaycandakı şəbəkə üzvləri ilə əlaqəsini kəsməsini və universitetin doktorantura şöbəsinə qəbul olduqdan sonra təcili surətdə ailə həyatı qurmasınının vacibliyini tövsiyə etmişdir. Dürdanə Əliyeva görünür şəbəkə üçün yığdığı külli-miqdarda pul vəsaitini ortaya planlaşdırılmamış koronavirus pandemiyası düşdüyü üçün Nurlana Əliyeva ilə "qanuniləşdirməyə" macal tapmamışdır. Maddi sıxıntıdan əziyyət çəkən və 190 manat ala bilməyən valideynlərdən bir qismi səbirsizlik edərək Baş Prokurorluğa müraciət etmişdir. Beləliklə də Nurlana Əliyevanın rektorluq missiyası sona çatmışdır.

Yuxarıda adları qeyd olunanlardan başqa bu şəbəkəyə Əlavə və qiyabi təhsil şöbəsinin bəzi əməkdaşları, bir neçə fakültənin tyutorları və Tədris hissəsinin iki əməkdaşı da daxildir. Sabiq rektor Nurlana Əliyeva bu tyutorların "tryuk"larını "bloklamaq" üçün onların iş yerlərini müxtəlif fakültələrə dəyişsə də, görünür onlarla bacara bilməmişdir. Bu yaxınlarda tyutorlar üçün imtahan təşkil edən Nurlana Əliyeva həmin şəbəkə üzvlərini işdən azad etməyi planlaşdırsa da son anda Anar Allahverdiyevin məsələyə qarışması həmin tyutorların işdə qalmaları ilə nəticələnmişdir. Qeyd olunur ki, Dürdanə Əliyeva və Sevil Hümmətova ilə iş birliyində olan bu tyutorlar hələ də vəzifə başındadırlar və tələbələri "ilişdirməklə" məşğuldurlar. 

Göründüyü kimi bu şəbəkə professor Nurlana Əliyevadan əvvəl universitetdə kök salıb şaxələnmişdir. Bu kökü oraya kimin gətirməsini aydınlaşdırmaq üçün isə yeganə sual bu ola bilər: "Sevil Hümmətovanı Bakı Slavyan Universitetinə işə götürən və ya onu tapşıran kim olmuşdur?" Bu sualın cavabı tapılsa bu şəbəkənin kökü universitetdən birdəfəlik qazılmış olacaq.

Artıq Nurlana Əliyeva vəzifəsindən azad olunsa da şəbəkə üzvləri hələ də universitetə sarmaşıq kimi sarılıb qalmışlar və öz işlərini rahat görə bilmək üçün səbirsizliklə gözləyirlər. Ümid edirik ki, rəhbərlik Bakı Slavyan Universitetində köklü dəyişikliklər aparmağı qarşısına hədəf qoyacaqdır. N.Əliyevanın rəhbərliyi dövründə universitetdən qovulmuş müəllimlər, əməkdaşlar və digər sahələrdə çalışmış mütəxəssislər Araz Məmmədzadə də daxil olmaqla əvvəlki iş yerinə dəvət ediləcəklər. Çünki müəllimlərin və tələbələrin dərin hörmətini qazanmış Araz Məmmədzadə və onun kimi işindən kənarlaşdırılmış gənc kadrlar bacarıqlı təhsil işçisi və təcrübəli təcrübəli təşkilatçıdırlar.


İstifadəçi paneli