ABŞ administrasiyası İstanbulda Rusiya və Ukrayna arasında danışıqların bərpasına ümidlidir
ABŞ administrasiyası gələn həftə İstanbulda Rusiya və Ukrayna arasında birbaşa danışıqların bərpa olunacağına ümid edir.
Asmedia.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt keçirdiyi brifinqdə bildirib.
“Ümid edirik ki, Rusiya və Ukrayna gələn həftə İstanbulda birbaşa danışıqlara başlayacaq. Bu görüşün baş tutacağına inanırıq. Danışıqlar ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə irəli sürülüb. Prezident hər iki tərəfi dialoqa və birbaşa müzakirələrə çağırır”, – deyə Livitt qeyd edib.
O əlavə edib ki, ABŞ bu mərhələdə danışıqlara rəsmi nümayəndə heyəti göndərməyəcək: “Əgər prezident nümayəndə göndərmək qərarına gəlsə, bu barədə məlumat veriləcək. Hazırda belə bir plan yoxdur. Prezident bu münaqişənin döyüş meydanında deyil, danışıqlar masası arxasında həll olunmasını istəyir. O, bu mövqeyini dəfələrlə hər iki ölkənin liderinə çatdırıb. Ümid edirik ki, gələn həftə danışıqlarda müəyyən irəliləyiş müşahidə olunacaq”.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbulda iyunun 2-də Ukrayna ilə danışıqların ikinci raundunun keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə Vladimir Medinski rəhbərlik edəcək və danışıqlarda böhranın əsas səbəblərinin aradan qaldırılmasına dair bütün aspektləri əhatə edən memorandum Ukrayna tərəfinə təqdim olunacaq.
Xatırladaq ki, danışıqların ilk raundu mayın 16-da baş tutub. Görüş zamanı tərəflər “1000-dən 1000-ə qədər” prinsipi ilə əsirlərin mübadiləsinə dair razılıq əldə edib və mümkün atəşkəsə dair mövqelərini təqdim ediblər. Hər iki tərəf görüşün nəticələrindən razı qaldıqlarını bəyan edib.