Qobustan həbsxanasından məhkum fəryadı

24-05-2021, 12:29

Qobustan qapalı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Orucov Səxavət Oruc oğlu ilə bağlı
Təqsirləndirilən şəxs Orucov Səxavət Oruc oğlu Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-17/18 saylı 04 iyul 2018-ci il tarixli Hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 120.2.10, 120.2.11, 181.3.2 və 181.3.3 maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 120.2.10, 120.2.11, 181.3.2 və 181.3.3 maddələri ilə ona bəraət verilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1. maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin127.2.3. maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3. maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-11/2019 saylı 20 fevral 2019-cu il tarixli Hökmü ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 1(088)-17/2018 saylı hökmü ləğv edilmiş, Orucov Səxavət Oruc oğluna CM-nin 181.3.3. maddəsi ilə bəraət verilmiş, 120.2.1., 120.2.4., 120.2.5., 120.2.9. və 120.2.10. maddələri ilə təqsirli bilinib 18 il, CM-nin 221.1. maddəsi ilə təqsirli bilinib 9 ay və CM-nin 127.2.3. maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkumedilmiş, CM-nin 66.3. maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılaraq üzərində 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-927/19 saylı 24 dekabr 2019-cu il tarixli Qərarı ilə təqsirləndirilən şəxslər və onların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, kassasiya protesti və zərərçəkimiş şəxslərin hüquqi varislərinin kassasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Apellyaisya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2019-cu il tarixli hökmü təqsirləndirilən şəxslər Orucov Səxavət Oruc oğlu, Həsənov Şaiq Tahir oğlu və Aslanov Aqil İsrəfil oğluna CM-nin 181.3.3. maddəsi ilə bəraət verilməsi və CM-nin 120.2.11. maddəsinin ittihamdan xaric edilməsi, Orucov Səxavət Oruc oğlunun əməlinin CM-nin 221.3. maddəsindən həmin Məcəllənin 221.1. maddəsinə tövsif edilməsi hissəsində ləğv edilmiş və iş yeni apellyasiya baxışına təyin edilmişdir.

Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-15/2021 saylı 09 aprel 2021-ci il tarixli Hökmü ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 1(088)-17/2018 saylı hökmü ləğv edilmiş, Orucov Səxavət Oruc oğluna CM-nin 181.3.3. maddəsi ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 120.2.11. maddəsi ilə təqsirli bilinib 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3. maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3. maddəsinə əsasən ona hazırkı hğkmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası və Gəncə Apelyasiya Məhkəməsinin 20 febral 2019-cu il hökmü ilə CM-nin 120.2.1., 120.2.4., 120.2.5., 120.2.9. və 120.2.10. maddələri və CM-nin 127.2.3. maddəsi ilə təqsirli bilinib təyin edilmiş 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunmaqla qəti olaraq 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

Səxavət Orucov həm ibtidai istintaq orqanında, həm də məhkəmə istintaqı zamanı qanunsuzluqlarla qarşılaşmış, o, etmədiyi, törətmədiyi cinayətlərə görə məhkum edilmişdir.

Səxavət Orucova verilən ittihamlardan biri 2014-cü il fevral ayının 18-də guya dostu Sərdar Hacıyevin dələduzluq cinayəti ilə tutulmasına səbəb olmuş Sənan Mirzəyevin öldürülməsidir:
Orucov Səxavət Oruc oğlu məhkəmə istintaqı zamanı bildirmişdir ki, 18 fevral 2014-cü ildə saat 23.30 radələrində Məmmədova Mahrux Novruz qızı yemək hazırladığını bildirərək onu evinə dəvət etmiş, lakin həmin vaxt o, Yusifov Cəbrayıl və İsmayılov Vahidlə birlikdə olmuşdur. Həmin vaxt Mahrux Məmmədova ona dəfələrlə zəng etmiş, lakin o, hər dəfə yanında adam olduğundan bir azdan gələcəyini bildirmişdir.19 fevral 2014-cü il tarix, saat 01 radələrində yenidən Mahrux zəng etmiş, növbəti zəng təxminən 40 dəqiqə sonra olmuş və o, həmin vaxt Mahruxgilin kəndlərinə çatdığını bildirmişdir. Həmin vaxt evdə Mahruxun qızı Məmmədova Günel Köçəri qızı və rəfiqəsi Zeynalova Şahnaz Zeynal qızı olmuşdur. Mahruxun evində olarkən Bərdədə yaşayan Zaur adlı tanışının onun evinə gələcəyi yadına düşmüş, ona zəng etsə də, lakin zəng çatmadığından, əmisi nəvəsi Rüstəmov Nahid Yaqub oğluna zəng vurmuş, Zaurun digər nömrəsini istəmiş, Nahid nömrəyə baxdıqdan sonra ikinci dəfə Nahidə zəng vurmaqla Zaurun digər nömrəsini almış, lakin Zaurun bu nömrəsinə də zəng çatmadığını görüb yatmışdır. Səhər 10-11 radələrində yuxudan durarkən telefonuna çoxlu zənglərin gəldiyini görmüş, zənglərin daha çoxu Səlimin yaşadığı Məsmə adlı qızdan gəldiyindən ona zəng vurmuş, Səlimi sanksiya vermək üçün apardıqlarını öyrənmiş, maşınına minib Tərtər rayon Məhkəməsinə gəlmiş və Səlimə sanksiya verilib aparıldığını görmüşdür. Ondan 1-2 gün sonra Mirzəyev Sənanın ölümü ilə əlaqədar şübhəli şəxs kimi şöbəyə çağırılmış, 11 gün inzibati həbs edilmiş, günahı olmadığından azad buraxıldıqdan 3 gün sonra polis şöbəsinə dəvət edilmiş, cibinə narkotik vasitə qoyularaq barəsində Azərbaycan Respublikası CM-nin 234.1. maddəsi ilə cinayət işi başlanılmışdır. 

İbtidai istintaq zamanı dindirilən təqsirləndirilən şəxs Orucov Səxavət Oruc oğlu guya bildirmişdir ki, o, Sənan Mirzəyevin yaşayış evinin böyründə olan çörək sexi yanından divarın dibi ilə gedib divarda olan taxta reyka və divarın yaxınlığında olan ağac vasitəsilə hasarı tullanmaqla Sənan Mirzəyevin həyətyanı sahəsinə gecə saat 03:30 radələrində daxil olmuşdur. Sənan Mirzəyevin həyətində ağ rəngli “VAZ 2107” və ağ rəngli “VAZ 21002” markalı avtomobillərin olmasını görmüş, həyətə keçib 2-3 dəqiqəətrafa nəzər yetirmiş, Vaz 2107 markalı avtomobilin arxa tərəfi həyətin "sıçan" rəngli darvazası istiqamətində olmuş,həyətdə bir ədəd yarımçıq uca tikili və həmin tikilinin bir neçə metr yaxınlığında birmərtəbəli yaşayış evinin olduğunu görmüşdür. O, evə yaxınlaşıb evin qarşısında olan aynabəndə tərəf pilləkənlə qalxmış, aynabəndin qapısını itələyib açıq olduğunu görmüş, bundan sonra oraya daxil olub. Sənan Mirzəyevi qapıda öldürüb silahın səsinin yayılmamasını istəməmiş, buna görə də onun otağa keçməsini istəmişdir. Sənan Mirzəyev arxaya tərəf addım atmış, evə daxil olduqda evdəki otaqların səliqəsiz, dağınıq vəziyyətdə olduğunu görmüş,onlar əvvəlcə daxil olduqları otaqdan digər otağa keçmiş, Sənan Mirzəyev otağın qapısının ağzında olarkən o, heç nə deməyib otağın girişində silahı tam Sənan Mirzəyevin ürək nahiyyəsinə yaxın dirəyib atəş açmışdır. Sənan Mirzəyev arxaya doğru böyrüüstə yerə yıxılmış, yıxıldığı zaman onun baş nahiyyəsi stola dəymiş, alın vəürək nahiyyələrindən qan açılmışdır. Hadisədən sonra Tərtər rayonunun Səhləbad kəndinə qayıtmışdır. O, silahı salafan torbaya qoymuş və pres ipi ilə silahı ayaqyoluna sallayıb kəndirin ucunu taxta ayaqyolunda olan mismara ilişdirmişdir. Bundan sonra paltarını dəyişib əynində olan bütün paltarları ayaqyolunun qarşısında salafana yığıb üzərinə benzin töküb yandırmışdır.

Mərhum  Sənan Mirzəyevin ölümü ilə bağlı təqsirləndirilən Səxavət Orucov ilkin dindirmə zamanı cinayəti törətdiyini etiraf etsə də, lakin onun ifadəsi təzyiqlər nəticəsində alınmış, zor tətbiq edilməklə imzalatdırılmışdır. Səxavət Orucov 21 dekabr 2016-cı il tarixdə MCMBİ-nin əməkdaşları və Tərtər RPŞ-nin CAB-nin rəisi Anar Hüseynov və digər polis işçiləri tərəfindən tutulmuş, qanunsuz olaraq, heç bir sənəd tərtib etmədən 6 gün MCMBİ-də saxlanılmış, həmin müddətdə dəfələrlə bədəni elektrik cərəyanına qoşulmuş, “bita” ilə döyülmüş, başına qalın papaq keçirdilərək ağır ayaqqabılarla əzilmişdir. 25 dekabr 2016-cı il tarixdə prokuror Azər Hətəmov və müstəntiq Rəşid Bayramov da oraya gəlmiş, Sənan Mirzəyevin ölüm işini də özləri ilə birlikdə gətirmişlər və Səxavət Orucova təzyiqlər edərək hər iki cinayəti öz boynuna almasına məcbur etmişlər. Bütün cinayətləri boynuna alacağını bildirdikdən sonra Səxavət Orucov 27 dekabr 2016-cı il tarixdə Tərtər RPŞ-nə gətirilmişdir. Tərtərə gəldikdən sonra da cinayəti etiraf etmədikdə Tərtər RPŞ-nin rəisi Rauf Məcidov tərəfindən qardaşı arvadının şərəfi ləkələnəcəyi hədəsi ilə üzləşdikdən sonra məcbur olaraq cinayətləri yalandan boynuna almışdır. İş materiallarında olan video disklərdən də görünür ki, Səxavət Orucovun üzündə xəsarətlər var və bu xəsarətlər hələ 11 yanvar 2017-ci il tarixdəki xəsarətlərdir, yəni Səxavət Orucov cinayətləri etiraf etdikdən sonrakı, yəni 27 dekabr 2016-cı il tarixdən keçən uzun müddət ərzində hələ qismən sağalmış xəsarət izləri idi.

Səxavət Orucovun ifadəsinin həqiqəti əks etdirdiyinə inandırmağa çalışan ittiham tərəfi onun Sənan Mirzəyevin həyətində olan avtomaşınları, evin səliqəsizliyini düzgün təsvir etməsinə əsaslanmışdır. Lakin iş materialları içərisində avtomaşınların və evin, otağın daxili vəziyyətinin şəkillərinin olması, Səxavət Orucovun özünün də qeyd etdiyi kimi onun ifadə verməməsi, yalnız göstərişlərə əsasən hadisə yerini göstərməsi və ona deyilənləri təkrarlaması təsdiq edir ki, ifadə süjetini qurmaq üçün iş materialları içərisində kifayət qədər məlumat var idi və bütün ifadə hüquq mühafizə orqanları tərəfindən hazırlanmışdır.

Səxavət Orucovun Sənan Mirzəyevin evini rahat göstərməsi ilə bağlı bildirmək istəyirəm ki, diskin bir neçə yerində Səxavət Orucovun müstəntiqə “indi haranı göstərim?”, “indi nə deyim?” sualını verir, bu isə onun göstərişlərlə hərəkət etidiyinin göstəricisidir.

 Məhz buna görə də Səxavət Orucovun 11 yanvar 2017-ci il tarixdə şahid qismində dindirilmiş ifadəsi 3 saat, yəni 11.05-dən 14.05-dək davam etdiyi halda, həmin ifadənin yerində yoxlanılması 5 saatdan artıq davam etmişdir. Cinayət işinin 9-cu cildində, iş vərəqəsi 220-224-də Səxavət Orucovun şahid qismində ifadəsinin yerində yoxlanılması 14.46-da başlayıb, 19.50-də qurtardığı göstərilmişdir. 

Onun ifadəsinə hüquqi qiymət verən istintaq ifadənin həqiqəti əks etdirməsini sübuta yetirmək üçün Orucov Səxavətin hadisə yerinə daxil olmasına “yardım edən”  ağacın müəyyən edilməsi üçün tədbirlər görmüşdür. Səxavət Orucovun ilkin eitrafedici ifadəsində həyətə darvazanın qarşısında olan ağacın köməkliyi ilə girdiyi göstərilmişdir. Cinayət işi materiallarının 10-cu cildində iş vərəqi 84-87-də hadisə yerinə baxış keçirilməsi haqqında protokola əsasən, Sənan Mirzəyevin evinin darvazasının qarşısında ağac kötüyünün olması müəyyən edilmişdir.

Cinayət işinin 6-cı cildində Mirzəyev Sənan Ərşad oğlunun yaşadığı evin giriş qapısının görünüşü əks olunmuşdur və həmin fotoşəkil 2014-cü ildə çəkilmişdir. 10-cu cilddə iş vər.87-də də mərhum Mirzəyev Sənan Ərşad oğlunun yaşayış evinin həyətyanı sahəsinin qarşı divarlarının qabaq hissəsində yerləşən kəsilmiş ağac kötüyünün icmal fotoşəkilləri verilmişdir (şəkil1-2) və 2017-ci ildə çəkilmişdir. Qeyd edilən cildlərdəki fotoşəkillər müqayisəli şəkildə təhlil edilərkən eyni darvazanın fotoşəkilləri olmadığı aşkar olunur. Belə ki, darvazaların rəngləri, onlar üzərində olan naxışlar, darvazanın qarşısındakı torpaq örtüyü tamamilə müxtəlifdir. Həmçinin, 2014-cü ildə çəkilən fotoşəkildə ağac yoxdur.  Bütün bunlar isə, sübutları saxtalaşdırmağa yönələn hərəkətlər olduğunu bir daha təsdiq edir. 

Şahidlər Qarayev Xaliq Şahlar oğlu və Qarayev Şakir Şahlar oğlu Sənan Mirzəyevin həyətinin darvazasının və evinin qapısının açıq olduğunu bildirmişdilər. Həmçinin, Sənan Mirzəyevin əynində buşlat olmuşdur. Bu isə onu bildirir ki, Sənan Mirzəyev özü darvazanı açmış, qonağını evə gədər gətirmişdir. Əynində buşlatın olması isə təsdiq edir ki, o, həmin paltarla darvazanı açmağa getmiş, darvazanı üzünə açdığı isə tanıdığı şəxs olmuşdur. Səxavət Orucovun ilkin etirafedici ifadəsində olduğu kimi əgər evin qapısını döymüşdürsə, bu zaman mərhum Sənan Mirzəyevin əyninə buşlat geyməyə imkanı olmamalıydı, həmçinin, Sənan Mirzəyev darvazanın bağlı olduğunu bildiyindən, gələn qonağın yaxşı niyyətlə gəlmədiyini bilməliydi və bu zaman rahatlıqla qapını açmamalıydı, hazırlıqlı olmalıydı, lakin onun heç bir hazırlıqlı vəziyyətdə olmaması, üstəlik evin qapısında heç bir xəsarətin olmaması qapının da rahat içəridən açıldığını göstərir. Bu da bir daha təsdiq edir ki, Sənan Mirzəyevin qatili onun yaxşı tanıdığı şəxs olmuşdur. Sənan Mirzəyevin yalnız buşlatda həmin adamı qarşılaması isə onların arasında daha yaxın münasibətin olmasının göstəricisidir.
Səxavət Orucovun ilkin ifadəsində yenidən divarı aşaraq hadisə yerindən uzaqlaşdırığı göstərilir, əgər qapı açıq idisə, o zaman Səxavət niyə özünü əziyyətə salıb divardan ağacın üstünə aşmalı, oradan isə qaçmalı idi. Axı, daha rahat bir çıxış yolu var idi, yəni çöl darvazası açıq idi.

Mərhum Mirzəyev Sənan qaşarası nahiyyəsində və burunun üzərində olan xəsarətlərin atəş açıldıqdan sonra stola dəyərək yetirilməsi barədə ifadədə göstərilən hallarla bağlı isə bildirmək istəyirəm ki, hadisə yerinə baxış haqqında 19 fevral 2014-cü il tarixli protokolda meyidin başının dirəndiyi göy rəngli şkafdan bəhs olunur və həmin otaqda hər hansısa bir stolun mövcudluğu qeyd edilməmişdir. Bundan başqa eyni tarixli meyitə baxış protokolundan da görünür ki, meyit ləkələri sağ yan və arxa səthlərdə yerləşir. Yəni mərhum S.Mirzəyev atəşdən yıxıldıqdan sonra sağ böyrü üstə düşmüşdür və ona görə də bu zaman onun üz nahiyyəsinin harasa dəyib xəsarət alması qeyri-mümkün idi. Əgər həqiqitən də, o qarşıya doğru müvazinətini itirmiş olsaydı, o zaman sağ böyrü üstə deyil, üzü üstə yıxılmalı idi. Sağ böyrü üstə yıxıldığından onun baş nahiyyəsindəki xəsarətlər də ən azından sağ gicgah tərəfdə olmalı idi.  

Bundan başqa, 05 aprel 2014-cü il tarixli 04 saylı ekspert rəyinə əsasən  yaranı törətmiş atəşin yaxın məsafədən, təqribən 70-80 sm məsafədən aşağıdan yuxarıya açıldığı bildirilmişdir. Halbuki, Səxavət Orucovun ibtidai istintaq zamanı verdiyi ifadəsində atəşi silahı ürəyə dirəyərək açdığı bildirilmişdir. Atəşin aşağıdan yuxarıya açılması isə atəş açan şəxsin mərhumla müqayisədə döşəmədə oturaq və ya uzanıqlı vəziyyətdə olduğunu təsdiqləyir.

Həmçinin, bildirim ki, Mirzəyev Sənanın ölümü ilə əlaqədar Səxavət Orucov 22 fevral 2014-cü il tarixdə şahid qismində dindirilmişdir. Lakin o, şahid qismində hər hansısa bir faktı təsdiq edə bilməzdi, çünki həmin hadisənin törədilməsi ilə əlaqədar hər hansısa formada əlaqəli deyildi, bu barədə məlumatlı deyildi.  Eyni tarixdə Səxavət Orucovun evində axtarış aparılmışdır. Axtarış aparılarkən əgər Səxavət Orucovun dediyinə əsaslansaq, o zaman həyətdə olan ayaqyolunun qarşısında torpaq üzərində yanıq izləri aşkar edilməli idi, həmçinin, axtarış zamanı onun ayaqyolunda gizlətdiyi silah da tapılmalı idi. Səxavət Orucovun 11 gün inzibati həbs olunduqdan sonra azadlığa çıxdıqdan sonra silahı “Qarabağ” kanalına atdığına inansaq, o zaman axtarış tarixində silah həyətdə olmalı idi. Həmçinin, onu da bildirim ki, həmin tarixdə Səxavət Orucovun evində aparılan axtarış zamanı məhz həyətyanı sahədən 08 ədəd istifadə olunmuş ov silahının patronları tapılmışdır. (ittiham aktı səh.114, 7 cild iş v. 119-123). Cinayət törədilən zaman əynində olan paltarların üzərinə benzin töküb gecə saat 04 radələrində yandırması torpaq üzərində izin qalmasına və hadisənin gecə baş verməsi kiminsə tərəfindən həmin tonqalın görünməsinə səbəb olardı. Lakin məhkəmə istintaqı zamanı dindirilən şahid Səxavət Orucovla qonşu olan Rüstəmov Nahid Yaqub oğlu həmin gecə Səxavətlə telefon danışıqlarının olduğunu bildirdi, eyni zamanda, gecə Səxavətin həyətində hər hansa bir atəşin, tonqalın olub-olmaması barədə ona verilən suala belə bir tonqalı görmədiyini bildirdi. Hadisədən bir neçə gün sonra evdə və həyətdə axtarış aparılarkən də heç bir atəş-tonqal izinin mövcudluğu barədə qeydə rast gəlmək mümkün deyil.

Mirzəyev Sənan Ərşad oğlunun geyim əşyalarının üzərində kənar lif mikrohissəciklərinin mövcudluğu ekspert rəyi ilə müəyyən edilir, lakin qeyd edilən kənar lif hissəcikləri Səxavət Orucovun paltarlarının lifləri ilə eyniyyət də təşkil etmir. 

12 mart 2014-cü il tarixdə 2 saylı İT-da saxlanılarkən Səxavət Orucovun bozumtul rəngli papaqlı idman gödəkcəsinin götürülməsi barədə qərar verilmiş və prokuror Azər Hətəmovun iştirakı ilə həmin gödəkçə 2 saylı İT-dan götürülmüşdür (8-cild, 170). 8-cild işv. 249-252-dən görünür ki, 27 mart 2014-cü il tarixdə Orucov Səxavətin telefon antenləri prokurorluğa daxil olmuşdur. Həmin zaman Səxavət Orucovun telefonunun anten dairəsinin  Tərtər rayonunun Qaynaq kəndi olması bəlli olur.

17 mart 2014-cü il tarixli ekspert rəyinə görə, S.Orucova məxsus gödəkçənin üzərində Mirzəyev Sənan Ərşad oğluna məxsus geyim paltarlarının tərkib liflərinin olmadığı bəlli olmuş, eyni tarixli başqa bir ekspert rəyində isə Orucov Səxavət Oruc oğluna məxsus papaqlı gödəkçə üzərində qana şübhəli hər hansı bir ləkə aşkar edilmədiyi qeyd edilmişdir.

27 fevral 2014-cü il tarixdə ifadə verən Məmmədova Mahruxun guya ki, Səxavətin gödəkçəsinin qolunun yuyulub sıxılması və qırışıq qalması, yəni yuyulub sıxılma izinin mövcudluğu və həmin yerdə guya ki, qana bənzər ləkənin olması da həmin ekspert rəyi ilə öz təsdiqini tapmamışdır. Bundan başqa, hadisənin şaxtalı fevral ayında baş verməsini və guya ki, hadisəni törətdikdən sonra S.Orucovun Məmmədova Mahruxun evinə gəlməsinə əsaslansaq, o zaman gödəkçənin qolu sulu olmalı idi, lakin bu barədə Mahrux heç bir şey bildirməmişdir. Qış günündə hadisədən yarım saat sonra əgər gödəkçənin qolu yuyulubdursa, bunu yarım saat ərzində ancaq ütü ilə qurutmaq mümkün olardı ki, bu zaman da təbiidir ki, həmin yer qırışıq – sıxılıb quruldulmuş kimi iz qala bilməzdi. 

Səxavət Orucovun mərhum Mirzəyev Sənan Ərşad oğlunun telefonu ilə sonuncunun ixtilafda olduğu Səlimin, yəni Sərdar Hacıyevin qohumu “Həzi” ləqəbli Hacıyev Pərviz Əjdər oğluna izi itirmək məqsədilə zəng etməsi də ağlabatan deyil. Çünki mərhum Mirzəyev Sənanın Sərdar Hacıyevdən şikayətçi olması ilə əlaqədar Sərdar Hacıyevlə bağlı maraqlananlardan, narahat olanlardan biri də Səxavət Orucov olmuşdur, belə olan halda onun törədilən qətl hadisəsini Sərdar Hacıyevlə bağlamaq üçün hər hansısa bir hərəkətin edilməsinə  yönələn hərəkəti cinayətin tezliklə açılmasına səbəb ola bilərdi. Demək, Mirzəyev Sənanı öldürən şəxs baş verən hadisədən yararlanmaq və törətdiyi cinayəti başqalarının boynuna atmaq məqsədi daşımış və yaranan bu şəraitdən yararlanmağı bacarmışdır. Əgər həqiqətən də Səxavət Sənan Mirzəyevi öldürmüş olsaydı, bu zaman izi itirmək üçün ozünün oturub-durduğu, birlikdə narahatlıq keçirdiyi insana deyil, başqa insana yönəlməsi üçün tədbirlər görərdi. 
                                                                                               
Səxavət Orucov 27 dekabr 2016-cı il tarixdə Musayev Səxavətin ölümü ilə əlaqədar təqsirləndirilən şəxs qismində dindirilərkən Sənan Mirzəyevi öldürdüyünü etiraf etmişdir.

 Təqsirləndirilən şəxsin barəsində digər təqsirləndirilən şəxslər tərəfindən ilkin olaraq cinayət törətməkləri barədə məlumat olduğu halda şəxsin qolunda qandal şahid qismində dindirilməsi onun Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyası hüququna zidd olduğundan eyni zamanda onun şahid qismində dindirilməsi onun həmin vaxt verdiyi ifadəsinin özü əleyhinə olan ittihama yardım etmək məqsədi daşıdığından onun hüquqlarının kobud pozuntusudur. Eyni zamanda, onu da bildirmək istəyirəm ki, həmin vaxt onun   yanında etibarnamə əsasında müdafiəçisinin iştirak etməsi də sübutları saxtalaşdırmaqdan başqa bir şey deyil və yalnız görüntü xatirinə həyata keçirilmişdir. İş materialları içərisində etibarnamənin olmasına baxmayaraq, həmin etibarnamə S.Orucov şahid kimi dindirildikdən sonra alınmışdır. Belə ki, cinayət işi materillarının 9-cu cildinin 211-219-cu vərəqlərində S.Orucovun 11 yanvar 2017-ci il tarixdə şahid qismində dindirilməsi protokoluna görə dindirmə saat 11.05-də başlamış, 14.05-də isə qurtarmışdır. İş vərəqi 208-də isə S.Orucovun verdiyi etibarnamədə etibarnamənin çap tarixinin saat 14.26 olduğu qeyd edilmişdir. Aydın məsələdir ki, etibarnamə çap edildikdən sonra Səxavət Orucov tərəfindən imzalanmalı idi. İş vərəqi 209-da isə etibarnamə verilən vəkilin  orderi yerləşir ki, 009400 saylı həmin orderdə tarix tam olaraq qeyd edilməmişdir. Yalnız yanvar ayı və 2017-ci il olduğu qeyd edilmiş, ayın tarixi göstərilməmişdir.

Bununla da, müdafiəçinin müstəntiq Rəşid Bayramovun diktəsi altında prosesə daxil edilməsi yuxarıda göstərilən arqumentlərlə tam təsdiq edilir. Müdafiəçinin təqsirləndirilən şəxsin şahid qismində qolu qandallı öz əleyhinə olan ittiham ilə bağlı ifadə verməsinə etiraz etməməsi faktı bir daha təsdiq edir ki, müdafiəçi müstəntiqin, ittihamın müdafiəçisi olmuşdur. 

Qeyd edilənlərlə yanaşı müdafiəçinin üzləşdirilmə zamanı Səxavət Orucovun üz nahiyəsində olan xəsarətə heç bir reaksiya verməməsi, həmçinin onun 21 dekabr 2016-cı il tarixdə tutulması faktına münasibət bildirməməsi, əksinə digər təqsirləndirilən şəxsin müdafiəçisinin bu halı aydınlaşdırdığı halda təqsirləndirilən şəxsin müdafiəçisinin bu məsələyə heç bir münasibət bildirməməsi təqsirləndiriən şəxsin müdafiə hüquqlarının kobud sürətdə pozulmasıdır. Müdafiəçi dövlət hesabına təyin edilsə də, işdə olan 27 dekabr 2016-cı il tarixli 009277 saylı və tarixsiz 009400 saylı vəkil orderlərində vəkil xidmətinin müştəri, vəkil və hüquq məsləhətxanasının müdiriyyətinin iştirakı ilə bağlanan müqavilə əsasında həyata keçirildiyi bəlli olur. Bu zaman müdafiəçinin haqqının təqsirləndirilən şəxs S.Orucov və onun qohumları tərəfindən deyil, müstəntiq tərəfindən ödənilməsi faktı da ortaya çıxır. Bu hal eyni zamanda, 21 dekabr 2016-cı il tarixdən həbs edilmiş Səxavət Orucovun 11 yanvar 2017-ci il tarixdə notariat xidmət haqqını ödəyərək etibarnamə götürməsinə də aiddir. Həmin etibarnamə üzrə xidmət haqqının və rüsumun kim tərəfindən ödənilməsi də məhkəmə istintaqı zamanı araşdırılmamış qaldı. Çünki S.Orucov artıq uzun müddət idi ki, həbsdə idi və onun notariat kontoruna ödəmək üçün pulu yox idi.

22 fevral 2014-cü ildə Səxavət Orucovun Tərtər rayonu Səhləbad kəndində yerləşən evində axtarış aparılması onun bu işlə bağlı şübhəli şəxs statusunun rəsmiləşdirilmədən belə mövcudluğunu təsdiq edir. Lakin buna baxmayaraq, cinayət işi üzrə naməlum statusa malik olan S.Orucovdan vəzifəsi naməlum Anar Hüseynov (qeyd edim ki, Anar Hüseynovun da kimliyi barədə həmin izahatda heç bir məlumat yoxdur) tərəfindən naməlum tarixdə izahat alınmış (9-cu cild, iş vər.197-199), 11 yanvar 2017-ci il tarixdə isə şahid qismində dindirilmiş və sonradan S.Orucova12 yanvar 2017-ci il tarixdə ittiham elan edilmişdir. Beləliklə, təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması baş vermişdir.

S.Orucov və Ş.Həsənovun ifadələrinin yerində yoxlanılması ilə əlaqədar hadisə yerlərində baxış keçirilməsi ilə əlaqədar olan disklərdən görünür ki, tez-tez video görüntü dayandırılır. Bu isə həmin zaman kəsiyində nələr baş verdiyi barədə məlumatsızlıq yaradır, təqsirləndirilən şəxslərin həqiqətən də dediyi kimi müstəntiqin göstərişlərini dinlədiklərini və onun göstərişlərinə uyğun olaraq hərəkət etdiklərini təsdiq edir. Cinayət işinin 9-cu cildində olan Orucov Səxavətin Mirzəyev Sənanın evinə daxil olduğunu göstərən fotoşəkillərdə də sübutların saxtalaşdırılmasını görmək olur. Belə ki, Orucov Səxavətin Mirzəyev Sənanın evinə daxil olduğu aynabəndə girdiyi yeri əli ilə göstərməsi (şəkil 6) əvvəl olmalı olduğu halda qapını döydüyü, silahı dirədiyi, öldürdüyü hərəkətləri etməsindən sonrakı saatı, yəni 15.47-ni göstərir. (şəkil 7, 8, 9 – saatlar: 15.39; 15.40; 15.42). Şəkillərdəki ardıcıllığın pozulması təsdiq edir ki, foto çəkimin video çəkilişlə birgə aparılması səbəbindən  həmin video çəkimdəki dayanmalar bilərəkdən və sübutları saxtalaşdırmaq məqsədi ilə edilmişdir. 

Səxavət Orucovun özünün də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd etdiyi kimi onun ifadəsi yerində yoxlanılarkən video çəkilişlə foto çəkiliş eyni vaxtda həyata keçirilməmişdir. Yəni ümumiyyətlə, hər iki çəkiliş görüntü və “sübutların” siyahısını artırmaq məqsədilə həyata keçirilirmiş. Hər dəfə video çəkiliş dayandırılmış və Səxavət Orucova necə danışmaq lazım olduğu barədə göstərişlər verilmişdir, hətta video çəkilişlər həyata keçirilmədikdə, yəni növbəti video çəkiliş üçün nə demək lazım olduğu barədə göstərişlər aldığı müddətdə ona əli ilə müəyyən yerləri göstərmək əmri edilmiş və həmin zamanda da foto çəkilişlər həyata keçirilmişdir. Səxavət Orucovun dedikləri iş materialları ilə tam təsdiqini tapır. Belə ki, 11 yanvar 2019-cu il tarixli video çəkiliş 15.30-dan 15.42-dək dayandırılmış vəziyyətdə olsa da, 15.32, 15.33, 15.37, 15.39,15.40-da foto çəkilişlər mövcuddur. Həmçinin, 15.48-dən 17.00-dək də video çəkiliş dayandırılmış vəziyyətdə olmuş, lakin yenə də 16.05, 16.06, 16.07-də çəkilmiş fotolat cinayət işinin içərisində mövcuddur. Belə olduqda 5 saatdan artıq ifadənin yerində yoxlanılması həyata keçirilərkən video çəkilişlə foto çəkilişlərin həyata keçirilməsi vaxtının üst-üstə düşməməsi, video çəkilişin cəmi 47 dəqiqə davam etməsinin səbəbi nə Gəncə Apellyasiya Məhkəməsinin hökmündə, nə də ən yuxarı instansiya olan Ali Məhkəmənin qərarında göstərilməmişdir.

Səxavət Orucov  “ona deyilən, əzbərlədilən” ifadəni verməsinə səbəb işgəncələr, qeyri-insani və ləyaqətini alçaldan rəftar olmuşdur. Təsadüfi deyildir ki, 11 yanvar 2017-ci il tarixli Səxavət Orucovun qismində şahid ifadəsi yerində yoxlanılarkən ona işgəncə vermişTərtər rayon Polis şöbösəinin rəisi Rauf Məcidov, rəis müavini İlqar Fərəcov, digər rəis müavini Əfqan Qurbanov, Tərtər RPŞ-nin CAB-nin rəisi Anar Hüseynov da iştirak etmişlər və onların prokurorluğun icraatında olan cinayət işi üzrə “şahid” qismində dindirilən Səxavət Orucovun ifadəsinin yerində yoxlanılması zamanı funksiyalarının nədən ibarət olması bəlli deyil. Səxavət Orucovun ifadəsinin yerində yoxlanılması zamanı Tərtər rayon Polis Şöbəsinin bütün məsul rəhbər işçilərinin hadisə yerində olması səbəbi isə cavablandırılmamış qalır. (10-cu cild, 220-224).

Azərbaycan Respublikası CPM-nin 260.3. maddəsinə əsasən, zəruri hallarda ifadələrin yerində yoxlanılmasında müstəntiqin dəvəti ilə, həmçinin tərcüməçi, mütəxəssis, ifadəsi yoxlanılan cinayət prosesi iştirakçısının qanuni nümayəndəsi və ya nümayəndəsi, habelə müəllim, həkim və digər şəxslər iştirak edirlər.

Göründüyü kimi, qanunverici zəruri halların olmasını “digər şəxslər”in müstəntiqin dəvəti ilə iştirakını nəzərdə tutur. Lakin Tərtər RPŞ-nin rəis və rəis müavini heyətinin bütün tərkibinin ifadənin yerində yoxlanılmasında iştirakı hansı dəvətlə və hansı zərurətdən irəli gəldiyi məlum deyil.

Musayev Səxavət İnayət oğlunun ölümü ilə bağlı təqsirləndirilən Səxavət Orucov ilkin dindirmə zamanı cinayəti törətdiyini etiraf etsə də, lakin onun ifadəsi yuxarıda da qeyd etdiyim kimi təzyiqlər nəticəsində alınmış, Aqil Aslanovun ifadəsinin süjet xətti rəhbər tutulmaqla yazılmış və Səxavət Orucova zor tətbiq edilməklə imzalatdırılmışdır:

Orucov Səxavət Oruc oğlu bildirmişdir ki, 26 sentyabr 2016-cı ildə Kərimova Qızxanım Əzim qızının telefon zənginə yuxudan oyanmış, bir az sonra öz maşını ilə Tərtər rayonuna çıxmış, tanışı olan İsayev Sərxan Kamil oğluyla rastlaşmış və çay içmək üçün “Dalğa” deyilən kafeyə gəlmiş, onlar kafeyə gələndə kafenin yeyəsi Əzimov Müşviq Əsəd oğlu, Hüseynov İsa Musa oğlu və adını bilmədiyi kafenin işçisi orada olmuşdur. Onlar birlikdə çay içməyə oturandan bir az sonra Sərxan ona demişdir ki, üşüyürəm, maşınını ver, gedib əynimə paltar geyinim. O da maşının açarını vermişdir ki, getsin. Bir az keçəndən sonra təxminən saat 16 radələrində Sərxana zəng vurmuşdur ki, harda qaldın? Sərxan da maşınla “Dalğa” restoranına düşdüyünü bildirmişdir, o da baxaraq görmüşdür ki, Sərxan onun maşını ilə “Dalğa” restoranına düşür. Sərxan “Dalğa” restoranına gəldikdən sonra birlikdə təxminən yarım saat oturub çay içmişlər, həmin vaxt Quliyev Rəşad Firuddin oğlu ona zəng vurmuş, telefon danışıqları zamanı Bərdədə maşının təkərlərini balans etdirmək barədə razılığa gəlmişlər, bunun üçün Rəşadın arxasınca Tərtər rayonu Düyərli kəndinin ayrıcına getmiş, həmin yerdə düşüb kafedə oturaraq Rəşadı gözlədikləri zaman Qədimzadə Qədir Azər oğlu gəlmiş, Rəşad gec gəldiyində ona zəng etmiş, Rəşadın onun telefon zənginə cavab verə-verə stadiona daxil olduğunu görmüş, onlar maşına minib getmək məqamında Rəşad Vüsala zəng etmişdir ki, yol ayrıcına çatır. Vüsal ona borclu olduğu 100 manatdan 90 manatını vermiş, o, Vüsala onlarla birlikdə Bərdəyə maşını balans etdirməyə getməyi təklif etmiş, Vüsal etiraz etməyərək onlarla birlikdə Bərdəyə getmişdir. Bərdə rayonunda yanğınsöndürmə idarəsinin yanında olan balansirovka evinə getmişlər. Orada onlardan əvvəl 2 ədəd maşın – qara rəngli “Audi” markalı maşın, digəri isə metal rəngli “015” markalı 41 seriyalı maşın olmuşdur. Bərdə rayonunda olarkən Sabirabad rayonu Polad Toğay kənd sakini Əliyev Cabbar Cavidan oğlu ona zəng vuraraq sentyabr ayının 27-nə əmisi oğlunun sünnət toyuna dəvət etmiş, pulları olmadığından iştirak etmək barədə qəti bir söz deməmişdir. Bundan sonra ona 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Goranboy rayon sakini Neman ona zəng etmiş, ondan sonra Bakı şəhərində yaşayan qardaşı Orucov Aqil Oruc oğlu ilə telefonla danışmış, bundan sonra həmin gün dəfələrlə telefonla ona zəng etmiş Kərimova Qızxanım Əzim qızı ilə telefonla danışarkən ondan toya getmək üçün 50 manat pul istəmiş,  Kərimova Qızxanım pulu tapanda ona zəng edəcəyini bildirmiş, lakin Qızxanımda xəbər bir az gec gəldiyindən təkəri balans etdirdikdən sonra Bərdədən Tərtərə doğru yola çıxmışlar, yolda olarkən Qızxanım zəng etmiş, o da yoldan qayıdaraq Bərdə rayonu Koroğlu küçəsində yerləşən gözəllik salonunda Qızxanımla görüşüb ondan 50 manat pul almış, Tərtər rayonuna qayıtmış, Səhləbad kənd ayrıcında yerləşən çay evində düşmüş, sonra “Dalğa” restoranına gəlmişlər. Quliyev Rəşad və Sərxan İsayevlə birlikdə ora gələndə kafenin yiyəsi Əzimov Müşviq Əsəd oğlu, Hüseynov İsa Musa oğlu olmuş, oturub çay içən zaman Quliyev Azər Məzahir oğlu, Aslanov Rəşad Məhərrəm oğlu, İsmayılov İftixar İltifat oğlu gəlmiş, sünnət toyuna getmək barədə məsləhətləşmişlər və Quliyev Rəşad, Aslanov Rəşad, İsayev Sərxan və İsmayılov İftixarla getməyi razılaşmış, bir az oturduqdan sonra istirahət etmək üçün evə getmişlər və səhər tezdən zəngləşərək birlikdə Sabirabada toya getmişlər.

Orucov Səxavət Oruc oğlunun Musayev Səxavət İnayət oğlunun qətlini törətməsi ittihamı yalnız Aslanov Aqilin ifadəsinə əsasən verilmişdir. Aqil Aslanov 10 oktyabr 2016-cı il tarixdə şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Səxavət qara “Priora” markalı avtomaşınında gəlmişdir.
Lakin Səxavət Orucovun həmin vaxt qara rəngli “Priora” avtomaşını olmamışdır. S.Orucovun belə bir avtomaşını hadisədən ən azı 4-6 ay əvvəl olmuş, hadisə olan zaman S.Orucovun avtomobili ağ rəngli “Priora” olmuşdur. Belə olan halda onun avtomaşının bir günlük rənginin dəyişib qara rəngdə olması təbii ki, mümkün deyildi və bu fakt təsdiq edir ki, həmin günlərdə Aqil Aslanov Səxavət Orucovu ümumiyyətlə görməmişdir, Aqil Aslanovla Səxavət Orucov hadisədən bir neçə il əvvəl, onun qara rəngli “Priora” markalı avtomaşını olarkən görüşmüşlər.

Aqil Aslanov 10 oktyabr 2016-cı il tarixdə (2-ci cild, 137-145) şahid qismində dindirilərkən Səxavət Orucovun mərhum Səxavət Musayevi bıçaqla vurmasını görmədiyini bildirsə də, lakin şübhəli şəxs qismində 10 oktyabr 2016-cı il tarixdə (2-ci cild, 208-216) “S.Orucovun silahı Səxavət Musayevin böyrünə soxduğunu gördüm”,- demişdir.

Aqil Aslanov 11 oktyabr 2016-cı il tarixdə (2-ci cild, 268-277) təqsirləndirilən şəxs kimi verdiyi ifadəsində “Səxavət Orucovun sarımtıl rəngli köynəyin və şalvarının çox hissəsinin qanlı vəziyyətdə olduğunu” bildirsə də, 18 oktyabr 2016-cı il (2-ci cild, 269) tarixdə təqsirləndirilən şəxs qismində əlavə dindirmə protokolunda “Səxavət Orucovun göy rəngli cins şalvar, göyə çalan rəngli boğazında 3 düyməli olan köynəyin qanlı vəziyyətdə olduğu”nu bildirmişdir.

Məhkəmə istintaqı zamanı Aqil Aslanov bunu onunla izah etdi ki, o, Şaiq Həsənovla üzləşdirmə aparılarkən Şaiq Həsənovun Səxavət Orucovun paltarının sarımtıl olmasını deməsinə görə belə demiş, hesab etmişdir ki, əsas paltarın rəngi deyil, Şaiq Həsənovun cinayəti etiraf etməsidir.
Lakin Şaiq Həsənovla Aqil Aslanovun üzləşdirilməsi 11 oktyabr 2016-cı il tarixdəki dindirmədən 10 gün sonra, 18 oktyabr 2016-cı il tarixdəki əlavə dindirmədən isə 3 gün sonra, yəni 21 oktyabr 2016-cı il tarixdə olmuşdur. (4-cü cild, 191-202). Aqil Aslanov üzləşdirmədən 10 gün əvvəl Şaiq Həsənovun üzləşdirmədə Səxavət Orucovun hansı rəngdə paltar geyinməsini deməsini nədən bilə bilərdi?!

Aqil Aslanov həmçinin cinayət törədərkən istifadə olunan avtomaşını Səxavət Orucovun gətirdiyini bildirmişdir. Lakin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı həmin avtomaşının Aqil Aslanov tərəfindən əldə edildiyi müəyyən edilmişdir.

Aqil Aslanov mərhum Səxavət Musayevin üzərindən avtomaşınla keçmək barədə olan ifadəsi də ekspert rəyi ilə öz təsdiqini tapmamışdır. Belə ki, ekspert rəyindən meyitin üzərində hər hansısa bir təkər izlərinin olması bildirilməmişdir.

İş materiallarında Aqil Aslanova aid yazı nümunələrinə nəzər salsaq, o zaman mərhum Səxavət Musayevə göndərilən mesajların da məhz Aqil Aslanov tərəfindən icra edildiyini təsdiq etmiş olarıq.

Məhkəmə istintaqı zamanı sübutlar tədqiq edilən zaman təqsirləndirilən Səxavət Orucova məxsus olan boz rəngli köynəyin üzərində zədələrin olduğu qeyd edildi və bu sübut ittiham tərəfindən maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilmişdir. İttiham tərəfinin boz köynəyi maddi sübut kimi sübutların siyahısına daxil etməsi Səxavət Orucovun guya ki, Səxavətin Musayevin qətlini həmin paltarda törətməsini təsdiq etmək məqsədi daşıyır. Lakin qeyd edilən boz köynək və Səxavət Orucovun evində axtarış aparılarkən götürülən digər “maddi sübut” hesab edilən əşyalardan heç biri Səxavət Orucova tanınma üçün təqdim edilməmişdir. Ən əvvəla, belə olan halda istintaq nədən bilə bilərdi ki, qeyd edilən köynək məhz Səxavət Orucova məxsusdur. Bundan başqa, qeyd edilən qısaqollu, sol qolu cırılmış boz rəngli köynək üzərində olan qan ləkələrinə görə sübutlar siyahısında göstərilsə də, lakin təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı həmin köynəyiin cırılmasını 02 oktyabr 2016-cı il tarixdə adqoyma mərasimində baş verən dava zamanı cırıldığını və qana bulaşdığını qeyd etmişdir. Həmin adqoyma mərasiminin video diskindən də görünür ki, həqiqətən də Səxavət Orucovun əynində olan köynək iş materiallarında olan köynəkdir. Maraqlı olan odur ki, təqsirləndirilən şəxs həmin köynək əynində qətl hadisəsi törətmiş olsa idi, onda həmin köynəyi əlbəttə evdə saxlamazdı. Hadisənin sentyabr ayının 26-da baş verdiyini nəzərə alsaq, onda həmin hadisədə cırılmış və qana bulaşmış köynəyi heç bir vaxt 02 oktyabr 2016-cı il tarixdə olan adqoyma mərasiminə geyinmək olmazdı. 

Səxavət Orucovun evində 10 oktyabr 2016-cı il tarixdə aparılan axtarış zamanı qeyd edilən qısaqollu, sol qolu cırılmış boz rəngli köynəklə bərabər üzərində qanabənzər ləkələr olan ağ-qara zolaqlı uzunqollu köynək də götürülmüşdür ki, ümumiyyətlə hər iki köynətin maddi sübut kimi hansı faktı təsdiq etməsi, cinayət hadisəsinin hansı izini özündə əks etdirməsi müəyyən edilməmişdir.

Musayev Səxavət İnayət oğlunun meyiti tapıldıqdan sonra “meyitə və paltarlara baxış keçirilməsi” 30 sentyabr 2016-cı il tarixli protokolda (1-ci cild, 28) meyit üzərində bütün xəsarətlər sadalanmış, “gözlə görünən başqa xəsarət aşkar olunmadı” qeyd olunan protokolda meyitin bədən hissəsində heç bir cırılmış-didilmiş yaranın olduğu göstərilməmişdir. Protokolda Səxavət Musayevin yalnız sol əlin ovuc hissəsinin 5-ci barmaq nahiyyəsində 6x2 sm ölçüdə cırılmış-didilmiş yaranın müəyyən edildiyi qeyd edilibdir.

Mərhum Musayev Səxavət İnayət oğlunun məhkəmə-tibbi ekspertizasının 19 oktyabr 2016-cı il tarixli 21 saylı rəyinin (4-cü cild, 166-175) 3-cü səhifəsində xarici müayinə hissəsində “sağ bel nahiyyəsində bayır tərəfdə 1-ci xəsarətdən bir qədər aşağıda köndələn istiqamətdə yerləşmiş 4,0x1,2 sm ölçüdə kənarları hamar ucları iti daxilə keçməyən kəsilmiş-deşilmiş yaranın olduğu” (səh.170) göstərilmiş, rəyin 7-ci səhifəsində - 1e bəndi “sağ qluetar sahədən yuxarıda bel nahiyyəsində köndələn istiqamətdə yerləşən daxilə keçməyən kəsilmiş-deşilmiş yara – kəsici-deşici səthə malik əşyanın zərbəsi nəticəsində əmələ gəlmişdir” (səh.174) göstərilmişdir.

Ekspert rəyində kəsilmiş-deşilmiş yaradan bəhs edilsə də, lakin kəsilmiş-deşilmiş yaranın uzunluğu və eni ilə bərabər eyni zamanda, onun dərinliyi də olmalıdır. Yəni hər bir halda deşici-kəsici alətlər tam batmasalar da, müəyyən yara kanalı əmələ gətirməli idi. Bu yaralar adətən adi bıçaq vasitəsilə törədilir, məhz bu aspektdən çıxış edən ekspert və istintaq Aslanov Aqilin danışdığı və guya ki, Səxavət Orucovun bıçaqla Səxavət Musayevi bıçaqlaması məsələsinə həqiqi don geyindirməyə çalışmışlar. Ekspert rəyinin tarixinin Aqil Aslanovun dindirilməsindən sonrakı tarixin olması da təsdiq edir ki, həqiqətən də meyitin üzərində heç bir bıçaq xəsarəti olmamışdır. Mərhum Səxavət Musayevin sol əlinin ovuc hissəsinin 5-ci barmaq nahiyyəsindəolan yaranın eninin 2 sm olması da təsdiq edir ki, bu bıçaq yarası ilə yarana bilməzdi. Heç bir bıçağın eni 2 sm-ə bərabər deyil. Həmçinin, zərərçəkmişin əlinin ovuc səthində qeyd edilən zədənin əmələ gəlməsi onun hücumdan müdafiə olunan zaman əmələ gəldiyinin göstəricisidir. Lakin nədənsə, ekspertin rəyində bu, öz əksini tapmamışdır.

Daha maraqlısı odur ki, əgər həqiqətən də mərhum Səxavət Musayevə avtomaşında olarkən ilkin bıçaq xəsarəti yetirilmiş olsaydı, o zaman avtomaşında oturacaqda qan ləkələri tapılardı. Lakin belə bir ləkə mövcud olmamışdır.

Baş Prokuror Zakir Qaralova ünvanlanmış 30 sentyabr 2016-cı il tarixli 33/160666031 saylı xüsusi məlumatda (cinayət işinin 1-ci cildi iş vərəqi 55-56-da), həmçinin müstəntiq Rəşid Bayramovun Tərtər rayon PŞ-nin rəisi Rauf Məcidova ünvanlanmış əlavə əməliyyat tapşırığında (2-ci cild, iş vər. 1-3) meyitdəki bütün xəsarətlər sadalanmış, lakin bıçaq xəsarətinin olması qeyd edilməmişdir.

Bundan başqa, mərhum Səxavət Musayevin öldürülməsi yerini əks etdirən 6-cı cilddəki iş vərəqəsi 85-89-da şəkillərdə yalnız düzəngahlıq olduğu görünür. Halbuki, Aqil Aslanovun ifadəsinə görə, Səxavət Orucov mərhum Səxavət Musayevi dərəyə apararaq öldürmüşdür. Hətta Aqil Aslanov onun öldürülməsini görməməkdən ötrü maşını arxaya verdiyini də bildirmişdir. (10 oktyabr 2016-cı il tarixdə şahid qismində dindirilərkən).

Lakin hadisə yerinin şəkillərində və təqsirləndirilən şəxslərin hadisə yerini göstərən video görüntülərdə də heç bir dərəyə rast gəlinmir. Belə çıxır ki, mərhum Səxavət Musayevin öldürülməsi yeri məlum deyil və ya həmin yer istintaq tərəfindən uydurulmuş, nəticədə sonradan mövcud olmadığı bəlli olduğundan şəkli və videosu çəkilmədən ört-basdır edilmiş, yalnız heç bir dərə gözə çarpmayan düzəngah yerlərin şəkli çəkilib cinayət işinin materiallarına əlavə edilmişdir. Mərhum Səxavət Musayevin ayaqqabısının bir tayının, daima eynəkdən istifadə etdiyindən eynəyinin də tapılmaması, həmçinin, avtomobilin baqajında Səxavət Musayevə məxsus olan qan izlərinin aşkar edilməsi də təsdiq edir ki, meyitin tapıldığı yer hadisə yeri deyildir.

Cinayət işinin materialları içərisində ifadənin yerində yoxlanılması zamanı yalnız Səxavət Orucovun və Şaiq Həsənovun ifadəsinin video çəkilişləri həyata keçirilmişdir. Aqil Aslanovun ifadəsi yerində yoxlanılsa da, lakin onun ifadəsinin vodeo çəkilişi həyata keçirilməmişdir. Maraqlısı isə odur ki, Şaqi Həsənovun ifadəsinin yerində yoxlanılması iş materiallarına görə 10 oktyabr 2016-cı il, Aqil Aslanovun ifadəsinin yerində yoxlanılması 11 oktyabr 2016-cı il tarix, Səxavət Orucovun ifadəsinin yerində yoxlanılması isə 29 dekabr 2016-cı il tarixdə həyata keçirilmişdir. Bu isə onu göstərir ki, Səxavət Orucova və Şaiq Həsənova işgəncə verilərək, onlara zor tətbiq edilmiş, onların adından tərtib olunmuş ifadələrə imza atdırılmış və onların “həqiqəti” dediklərini sübuta yetirmək üçün hadisə yerində video çəkiliş həyata keçirmişlər. Lakin Aqil Aslanovun ifadəsinin yerində yoxlanılması zamanı heç bir video çəkilişdən istifadə edilməmişdir. Heç bir sübuta qiymət verməyən, yalnız mülahizələrə əsaslanaraq hökm verən Gəncə Apellyasiya Məhkəməsi isə buna qiymət verməmişdir. Əgər 3 nəfər təqsirləndirilən şəxs varsa və bu üç təqsirləndirilən şəxsin üçü də cinayəti etiraf edirsə, niyə iki nəfərin ifadəsi yerində yoxlanılarkən video çəkilişdən istifadə edilir,  digərilə bağlı isə yox?! Üstəlik, ifadəsinin yerində yoxlanılması video çəkilişlə aparılmayan təqsirlədirilən nə birinci, nə də sonuncu ifadəsi hadisə yerində yoxlanılan deyil. İfadəsi yerində yoxlanılan ikinci təqsirləndirilən şəxsdir (əgər sənədlərin həqiqiliyinə inansaq). Çünki həm Səxavət Orucov, həm də Şaiq Həsənov işgəncələrə məruz qalmış, etmədikləri, törətmədikləri cinayəti “etiraf etməyə” məcbur edilmişlər. İbtidai istintaqa rəhbərlik edən prokuror Azər Hətəmov, müstəntiq Rəşid Bayramov da bunu bu prosesin birbaşa iştirakçısı olduqlarından onların ifadələrinin yerində yoxlanılması zamanı video çəkilişdən istifadə etmişlər ki, ittihamedici sübutları möhkəmləndirsinlər.

İfadələrin yerində yoxlanılması zamanı təqsirləndirilən şəxslərin hər ikisi həm Səxavət Orucov, həm də Şaiq Həsənov  işıq dirəklərinə əsasən hadisə yerini tanıdıqlarını bildirdilər. Lakin maraqlıdır ki, video görüntülərə baxanda orada arxa planda da işıq dirəklərinin olduğu görünür. O zaman təqsirləndirilən şəxslərin işıq dirəklərinin çox olduğu bir yerdə məhz hansı işıq dirəyini hansı keyfiyyətinə görə yadda saxladıqları da məlum deyil.
Mərhum Səxavət Musayevə məxsus olan avtomaşına baxış keçirilməsi haqqında 27 sentyabr 2016-cı il tarixli protokolda avtomaşında olan əl izlərinin götürüldüyü qeyd edilsə də, lakin Tərtər rayon Polis Şöbəsinin 28 sentybar 2016-cı il tarixli 184-15992-1216 nömrəli məktubundan (c.i. cild 1, iş vərəqə 110) görünür ki, 27 sentyabr 2016-cı il tarixdə Tərtər şəhəri Şah İsmayıl Xətai küçəsi ilə Tərtər rayonun Səhlabad kəndinin kəsişməsində aşkar edilmiş Musayev Səxavət İrayət oğluna məxsus Hunday İX-35 markalı 59 BE 303 dövlət nömrə nişanlı avtomobildən əl-barmaq izlərinin müəyyən edilməsi ilə əlaqədar kriminalistik vasitələrlə tədqiqat aparılmış, lakin avtomobilin üzərindən ekspertizaya təqdim edilməsi üçün yararlı barmaq izlərinin müəyyən edilib götürülməsi mümkün olmamışdır. Onda belə bir sual ortaya çıxır, əslində barmaq izləri götürülmüşdür, yoxsa götürülməmişdir?! Əgər barmaq izləri   götürülmüşdürsə, həmin barmaq izlərinin eyniləşdirmə üçün yararlı olub-olmaması barədə rəyi ekspert verməlidir.

Həmçinin, 27 sentyabr 2016-cı il tarixli protokolda avtomaşından VEHİCLE BlackBox markalı video kameranın götürüldüyü qeyd edilsə də, hansı əsasla həmin video kameranın məhz bu markadan olduğu və hətta onun nəyə əsasən qiymətləndirilməsi də əsaslandırılmamışdır. Avtomaşına baxış keçirilərkən mərhum Səxavət Musayevin atalığı Rəhimov Omardan məhkəmə istintaqı zamanı bu barədə soruşulduqda, videokameranın markasının nə olduğunu bilmədiyini göstərərək, həmin video kameranın avtomaşın əldə edildiyi vaxtdan maşında yerləşdirildiyini bildirdi. Bu isə uzun zaman deməkdir. Həmin vaxt zərərçəkmişin hüquqi varisi guya ki, video kameranın qutusunun uzun illərdir ki, oğlu mərhum Səxavət Musayev tərəfindən avtomaşında saxlanıldığını bildirdi. Lakin avtomaşının işərisində olan əşyaların şəkillərindən də bəlli olur ki, orada VEHİCLE BlackBox markalı video kameranın qutusu olmamışdır. Həmçinin, avtomaşından çıxan əşyalar işərisində də VEHİCLE BlackBox markalı video kameranın qutusunun olduğu qeyd edilməmişdir.

Səxavət Orucovun avtomobilin Tərtər rayonu Səhləbad kəndinin girəcəyində saxlaması ilə əlaqədar da bildirmək istəyirəm ki, cinayət işində elə bir şahid yoxdur ki, həmin avtomobilin həqiqətən 26 sentyabr 2016-cı il tarixdə Səhləbad kəndinin girişində dayandırıldığını görmüş olsun. Həmçinin, əgər Həsənov Şaiq və Aslanov Aqillə Səxavət Orucov Tərtər rayonu Məhkəməsinin qarşısında və ya bazarda görüşmüş olsaydı, o zaman bunu da görən hər hansısa bir şahid olardı.

Həmin iş üzrə zərərçəkmiş Musayev Səxavət İnayət oğlunun hüquqi varisi Bəsti Verdiyeva oğlu – mərhum Musayev Səxavət İnayət oğlunun ölüm hadisəsi baş verən gün əri Omar Rəhimovla birlikdə soğan almağa getdiyini bilirmiş, oğluna zəng edir, oğlunun telefonuna zəng çatmır, lakin oğlu Musayev Səxavətin əri Omar Rəhimovun  yanında olduğunu bildiyi halda əri Omar Rəhimova zəng etmir.

Mərhum Musayev Səxavətin telefonundan bacısına “Azərbaycanı tərk etməsi, bir müddət buralarda olmayacağı, onu axtarmamaları” ilə bağlı mesajlar gedir, lakin bacının “oğlunu axtaran anaya” bu barədə məlumat verib-verməməsi barədə məlumatlar bir yana, ümumiyyətlə bacının şəxsiyyəti ilə bağlı iş materiallarında heç bir məlumat yoxdur.

İş üzrə şahid olan Omar Rəhimov (bu şəxs məhrum Səxavət Musayevin atalığıdır) 27 sentyabr 2016-cı il tarixdə dindirilərkən avtomaşının arxasında oturmuş şəxslər barədə heç bir məlumat vermir, 30 sentyabr 2016-cı il tarixdə, yəni artıq məhrum Səxavət Musayevin cəsədi tapıldıqdan sonra verilən ifadəsində isə qarşıda oturan uzun boylu şəxsin paltarının göy, arxada oturanın isə açıq boz rəngli köynək geyindiyini bildirən Omar Rəhimov paltarlar barədə səhvə yol verə biləcəyini bildirir. Maraqlısı isə odur ki, yenə də Aqil Aslanov tutulduqdan və onun ifadəsi alındıqdan sonra Omar Rəhimovdan 12 oktyabr 2016-cı il tarixli ifadədə o, 26 sentyabr 2016-cı il tarixdən keçən bu müddət ərzində ilk dəfə Səxavət Orucovun xarici görünüşü barədə danışır. Hər bir törədilən hadisədən nə qədər qısa müddət keçərsə, insanın yaddaşı daha yaxşı olsa da, hazırkı vəziyyətdə nədənsə, zaman fasiləsi çoxaldıqca yaddaşın daha da mükəmməlləşməsi faktı ortaya qoyulur və Omar Rəhimov hadisədən uzun müddət keçəndə qısa müddət keçəndən daha çox şey xatırlamış olur.

Apellyasiya instansiya məhkəməsi zamanı isə Omar Rəhimov bildirdi ki, o, yalnız bircə dəfə, Səxavət Musayevin meyidi tapılan gün, prokurorluqda ifadə vermişdir. Bu isə apellyasiya instansiya məhkəməsinin güvəndiyi və ittiham hökmü çıxardan zaman əsaslandığı ibtidai istintaqın saxta faktlara əsaslandığını bir daha göstərir.

Cinayət işinin 11-ci cildi, iş vər.16-18-də şəxsin tanınmaya təqdim edilməsi haqqında 11 mart 2017-ci il tarixli protokol var. Həmin protokola görə təqsirləndirilən şəxs Səxavət Orucov başqa şəxslərlə birlikdə Omar Rəhimova tanınma üçün təqdim edilir. Lakin həmin protokolda müdafiəçi Hikmət Xəlilov tərəfindən qeyd edilmişdir ki, “tanınmaya dəvət edilmiş Həsənov Mahir Əyyub oğlu bildirmişdir ki, Omar Rəhimov Səxavət Orucovu tanıyır, belə ki, Omar Rəhimov mənimlə birlikdə bazarda işləyirdi, Səxavət də tez-tez ora gəlirdi. Ona görə də müstəntiq Rəşid Bayramov həmin şəxsi tanınan şəxslərin sırasından çıxardı...”

Omar Rəhimov Səxavət Orucovu qabaqcadan tanıdığı halda, onda o, mərhum Səxavət Musayevin itkin düşməsi faktı üzrə axtarışlar aparılan zaman bu barədə, yəni Səxavət Orucov barədə daha tez məlumat verməli idi. 

Mərhum Səxavət Musayev itkin düşdükdən sonra onun kiminlə olması, axırıncı dəfə kiminlə getməsi, kiminlə birlikdə olması barədə ailə üzvləri və təbii ki, polislər tərəfindən düşünülmüşdür və məhz buna görə də, məhrumun ailə üzvləri onun axtarılması üçün tədbirlər görmüş, oğullarının itkin düşmələri ilə bağlı polisə məlumat vermişlər. Mərhumun cəsədi tapıldıqdan sonra da onun ifadəsinin alınması və bundan sonra baş verən istintaq hərəkətləri də təsdiq edir ki, ilkin verilən ifadələr daha çox həqiqəti əks etdirir. Omar Rəhimovun 12 oktyabr 2016-cı il tarixdəki ifadəsi əslində Aqil Aslanovun ifadəsini möhkəmləndirmək məqsədilə “alınmış” ifadədir.

Sənan Mirzəyevin ölümü hadisəsindən dərhal sonra Səxavət Orucovun cinayət törədərkən əynində olan paltarları yandırması qənaətinə gələn istintaq, Səxavət Musayevin ölümündən sonra isə həmin paltarların guya ki, avtomaşının baqajında gəzdirdiyi, yalnız onun barəsində axtarış elan edildiyindən sonra məhv etdiyinə dair gəldiyi qənaətlə ziddiyyət təşkil edir. Səxavət Orucovun cinayət törətdiyi zaman əynində olan paltarların uzun müddət maşının baqajında gəzdirməsi tamamilə absurddur və heç bir zaman cinayət törətmiş şəxs belə bir hərəkətə yol verməz.
Mərhum Səxavət Musayevin qətlini Vasifin boynuna yıxmaq məqsədilə Vasifə zəng etdirmək məsələsi də ağlabatan deyil. Vasifin Səxavət Musayevə külli miqdarda borclu olması Səxavət Orucova  məlum deyildi. Bu fakt Səxavət Musayevi yaxşı tanıyan şəxsə bəlli ola bilərdi. Səxavət Musayevin borc dəftərinin maşından götürülməsi də həqiqətən də Səxavət Orucovun bu işdə əli  olmadığının göstəricisidir. Ümumiyyətlə isə, uzaqda olan şəxsin kimisə qətlə yetirməsi də normal ağılın qəbul edəcəyi hal deyil.
Əlavə olaraq bildirmək istəyirəm ki, mərhum Səxavət Musayevin telefonundan 051 536 68 28 nömrəsinə də (bacısına) mesajlar getmiş və həmin mesajlarda “Bacl men getdim bir il meni gozlemeyin de bizimkilere neran qalmayln gelecem hamlnlzl cox isdeyirem haml narahat olmasln”,  “Seni ylqacam vasifde 11 minim var onu rasime verin alln zeng elemiwdim narahat olmayln ylqacam sizi eve de bize rasimden aldlm onu verin yuz faiz” göstərilmişdir. Bu isə məhkəmənin Vasifə zəng etməklə cinayəti onun üstünə yıxmaq veriyasını alt-üst edir. Maraqlıdır ki, bu cür maraqlı bir fakt hətta Gəncə Apellyasiya Məhkəməsi tərəfindən gizlədilmişdir ki, baş vermiş cinayət törətmədiyi halda Səxavət Orucovun üzərinə atılsın. Ən yuxarı instansiya olan Ali Məhkəmə də buna göz yummaqla kifayətlənmişdir.
Onu da bildirim ki, oğlunun cəsədi tapıldıqdan sonra Bəsti Verdiyevadan ilkin izahat alınır və o, ifadəsində Polis İdarəsində olan böyük vəzifəli məmurların adlarını çəkərək bildirir ki, onun oğluna borclu olmuşlar, bu barədə oğlu ona bildirmişdir, lakin onların nə qədər borclu olduğunu bilmir. Belə çıxır ki, bu borclu şəxslər Səxavət Musayevin ortadan götürülməsində maraqlı idilər. 
Başqa bir maraqlı məsələ isə odur ki, Səxavət Musayev öldürülməmişdən qabaq bildirmişdir ki, onun hazırda elə bir qadınla əlaqəsi var ki, əgər bu qadının kim olduğunu bilsələr, onun üçün pis olar və onu öldürərlər. Lakin bu barədə işin içərisində şahid ifadələri olsa da, həmin qadının kim olması, ümumiyyətlə, həqiqətənmi, bu qadınla Səxavət Musayevin münasibətinin mövcudluğu onun həyatı üçün təhlükə ola biləcəyi araşdırılmamışdır və təəssüflər olsun ki, məhkəmələr buna əhəmiyyət verməmişlər. 
            Həmçinin, qeyd edilən saatlarda Səxavət Orucovun telefon anten dairələri onun başqa yerdə olduğunu göstərir.
Musayev Səxavət İnayət oğlunun ölümündə Səxavət Orucovun   təqsirinin olmaması ilk əvvəl onun telefon anten dairələri ilə müəyyən olunur. 26 sentyabr 2016-cı il tarixdə, saat 15.28-dən 16.30-dək S.Orucovun telefon anten dairələri onun Tərtər rayonu Səhləbad kəndində olduğunu göstərir. Həmin zaman dairəsində Şaiq Həsənovun telefonu Tərtər rayonunu, Aqil Aslanovun telefonu isə Tərtər rayonu H.Əliyev prospektini göstərir. Mərhum Səxavət Musayevin də telefon anten dairələri Aqillə eyni ərazini göstərir. Belə ki, Səxavət Musayevin telefonu 16.22-də Tərtər rayonu H.Əliyev pr., 16.23; 16.24; 16.26-da Tərtər rayonu Ş.Qurbanov küçəsini, 16.28; 16.32-də Tərtər rayonu H.Əliyev pr., 16.46-da Tərtər rayonu Ş.Qurbanov küçəsində olduğunu göstərir.
16.54-dən 17.52-dək S.Orucov Tərtər rayonunun Düyərli kəndində olmuş, 16.54-də mərhum S.Musayevin telefonun anten dairəsi Tərtər rayonunun Evoğlu kəndi olduğunu göstərmiş, eyni vaxtda Həsənov Şaiqin telefon anten dairəsi onun Tərtər rayonu Səhləbad kəndi olduğu göstərilmişdir. Eyni zaman kəsiyindən başlayaq, Aqil Aslanovla Səxavət Musayevin telefon anten dairələri eyni yeri göstərir. Belə ki, 17.24-dən 17.26-dək Tərtər rayonu H.Əliyev pr.,17.37-dən 17.41.-dək Tərtər rayonu Yuxarı Sarıcalı kəndini göstərir. 19.21-dən mərhum S.Musayevin telefonu sönənədək Aqil Aslanovun və mərhum Səxavət Musayevin telefonlarının anten dairələri eyni yerləri göstərir.
Məhkəmənin S.Orucovun istifadəsində olan 051 690 32 66 nömrəsi ilə işləyən mobil telefonun 26.09.2016-cı il tarix, saat 16.54-dən 17.52-dək və 17.52-dən 18.49-dək zaman aralığında hansı anten dairəsindən istifadə etməməsi, “telefonun söndürülmüş vəziyyətdə, ümumiyyətlə istifadə edilməyə də bilər” versiyası və digər versiyaları bildirən apellyasiya instansiya məhkəməsi nəzərə almır ki, əgər telefon söndürülübdürsə, yenidən açılan zaman necə əvvəlki yerdə ola bilərdi. Ümumiyyətlə isə, Səxavət Orucovun istifadəsində olan telefonun giriş-çıxış zənglərinə nəzər saldıqda onun həqiqətən də Tərtər rayonunun Düyərli kəndində olduğu və bir neçə dəfə 16.54, 17.28, 17.52-də telefonla əlaqə saxladığı bəlli olur və məhkəmə istintaqı zamanı onun telefonla əlaqə saxladığı şəxslər də dindirildi və onların Səxavətin özü ilə əlaqə saxladıqları bəlli olmuşdur. Həmçinin, əgər Səxavət Orucovun telefonu söndürülmüş olsaydı, o zaman açılan zaman ona “Azercell”-dən gələn zənglər barədə SMS gəlməli idi. Lakin belə mesajlar da yoxdur. Bəs onda telefon necə söndürülmüş ola bilərdi?!
Həmçinin, Səxavət Orucov nəinki 26 sentyabr 2016-cı il tarixdə, heç 25 sentyabr 2016-cı il tarixdə də nə Aqil Aslanovla, nə də Şaiq Həsənovla birlikdə olmamışdır.  Əgər Səxavət Orucov onların hər hansısa biri ilə birlikdə olmuş olsaydı, telefon anten dairələri ilə bu, müəyyən olunardı.
Səxavət Orucovla Şaiq Həsənov əgər istintaqın qeyd etdiyi kimi qabaqcadan əlbir olub cinayət törətmiş olsaydılar, onlar arasında həm cinayət hadisəsindən əvvəl, həm də sonra telefon danışıqları kifayət qədər çox olmalı idi, həmçinin, onları birlikdə görən şahidlər təqdim edilərdi. Lakin iş materiallarından da görünür ki, Ş.Həsənovla Səxavət Orucov 25 sentyabr 2016-cı il tarixdə 31 saniyə, 28 sentyabr 2016-cı il tarixdə isə 59 saniyə olmaqla telefon əlaqəsi yaratmışdır. 02 oktyabr 2016-cı il tarixdəki davadan sonra onlar arasında həmin tarixdə 99 san., 66 san., 36 san., 53 san., 50 san. olmaqla danışıqlar olmuş, 03, 04 və 09 oktyabr 2016-cı il tarixlərdə aralarında mesajlaşma olmuş, 07 oktyabr 2016-cı il tarixdə 194 san., 08 oktyabr 2016-cı il tarixdə 61 san. danışıqlar olmuşdur. Bu faktın mövcudluğu onu göstərir ki, dava zamanı birgə olan Şaiq əgər kiçik bir davadan sonra Səxavətlə bu qədər çox əlaqə saxlayırdısa, onda ölüm hadisəsindən sonra daha çox əlaqə saxlamalı idi. 
İstintaq Şaiq Həsənovun telefonunda 051 476 39 14 saylı “Xala Q” kimi qeydiyyatdan keçmiş bir nömrə ilə S.Orucovla 02 oktyabr 2016-cı il tarixdən 26 dəfə əlaqə saxlanıldığı qənaətinə gəlmişdir.  Lakin həmin nömrə Bərdə rayonu Vaqif küçəsi 7 saylı ünvanda yaşayan Kərimova Qızxanım Əzim qızına məxsusdur və sonuncunun özünün istifadəsində olmuşdur. İstintaq yanlış məlumatı materiallara əlavə etməklə, Şaiqlə Səxavətin bir-biri ilə əlaqəsinin daha sıx olmasını sübut etməyə çalışmışdır. Həmçinin, Şaiqlə Səxavət onsuz da 09 oktyabr 2016-cı il tarixədək əlaqə saxlamışdır, onların yenidən başqa bir nömrə ilə əlaqə saxlamasına heç bir ehtiyac yox idi.
Aqil Aslanov öz ifadəsində maşına tökülən benzinin pulunun gah Səxavət Orucov, gah da Şaiq Həsənov tərəfindən verildiyi bildirmişdir. Lakin şahid Qurbanov Tahir Abuzər oğlu maşına benzini Aqilin göstərişi ilə tökdüyünü və benzinin pulunun da Aqil tərəfindən verildiyini bildirdi və avtomaşında Şaiqi və Səxavəti görmədiyini dedi.
Şahid Əliyev Semur Ramiz oğlu məhkəmədə bildirdi ki, hətta Aqil Aslanov onun Aqilin telefonu ilə mərhum Səxavət Musayevə zəng etməsi barədə istintaqa yalan ifadə verərək cinayəti onun boynuna yıxmağa çalışmış, bununla əlaqədar olaraq çağırılaraq dindirilmişdir. Bu fakt da təsdiq edir ki, Aqil Aslanov bu cinayəti üstünə yıxmağa adam axtarırmış və hələ də dəfələrlə yalan məlumatlar verərək əsl cinayətkarları istintaqdan gizlətmək məqsədi daşıyır.
Şahidlər Mürsəliov Ruslan Firuddin oğlu kənd içərisində Aqilin cinayətin predmeti olan avtomaşını sürətlə, yolu toz içərisinə salaraq sürdüyünü gördüyünü gördüyünü bildirmiş, digər şahidlər Əliyev Mütalib və Quliyev Azər də onun dediklərini təsdiq etmişlər.
Şahidlər Əzimov Müşviq Əsəd oğlu, Hüseynov İsa Musa oğlu həqiqətən də Səxavət Orucovla “Dalğa” kafesində günortadan sonra görüşdüklərini, Orucov Aqil Oruc oğlu və Əliyev  Cabbar Cavidan oğlu telefon danışıqlarını Səxavət Orucovla həyata keçirdiklərini bildirdilər. Şahidlər Quliyev Rəşad Firuddin oğlu və Ağayev Vüsal Məzahir oğlunun 26 sentyabr 2016-cı il tarixdə Səxavət Orucovla birlikdə olduğunu, onunla birlikdə Bərdə rayonuna avtomaşını balans etdirməyə getdiyini, Abbasov Elgün İlham oğlu və İsmayılov Fəxri Yaşar oğlu isə Səxavət Orucovun saat 18.00-dan sonra Bərdə rayonunda olan avtomaşınların balans sexində olduğunu bildirdilər. Hətta Abbasov Elgün müstəntiq tərəfindən bu barədə dindirildiyini, lakin dindirmənin səbəbinin nə olduğu barədə məlumatlandırılmadığı, dindirmənin şifahi, heç bir sənədə imzalatdırılmadan həyata keçirildiyini, sonradan dindirmə üçün çağırılacağını bildirmişdir. Bu fakt isə təsdiq edir ki, həqiqətən də müstəntiq Rəşid Bayramov Səxavət Orucovun təqsirsizliyini bilmiş və bilə-bilə onu ağır cinayətdə ittiham etmişdir.
Şahid  Qasımov Talıb Ziyad oğlu da birinci instansiya məhkəməsində ifadə verərək bacısıoğlu Aslanov Aqil İsrəfil oğlunun ona zəng edərək oğlu Zahirin istifadəsində olan “Vaz 2106” markalı 10-UG-593 dövlət qeydiyyat nişanlı avtomobilə müştəri tapdığını bildirməsi, onu satmalarını ona və  oğlu Zahirə təkidlə bildirməsi də təsdiq edir ki, Aqil törədiləcək cinayət barədə xəbərdar idi və bütün cəhdlərlə cinayətin həyata keçirilməsi üçün tədbirlər görürdü.
Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş  09 oktyabr 2016-cı il tarixli əşyanın götürülməsi və baxış keçirilməsi barədə qərardan görünür ki, 160666031 nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar Bərdə rayonu Koroğlu küçəsində Telestudiyanın yerləşdiyi binanın yaxınlığlnda aşkar edilmiş bir ədəd üzərində qanabənzər ləkələr olan açılıb-bağlanan bıçağın götürülməsinə və ona baxış keçirilməsinə dair qərar qəbul edilmişdir.
Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13 oktyabr 2016-cı il tarixli əşyanın tanınması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkildən görünür ki, təqsirləndirilən şəxs Həsənov Şaiq Tahir oğlu tanınmaya təqdim edilmiş bıçaqları nəzərdən keçirib bildirmişdir ki, ona tanınmaya təqdim edilmiş bıçaqlar arasında 3 rəqəmli trafaretdə işarələnmiş bıçaq 26 sentyabr 2016-cı il tarixdə dostu Orucov Səxavət Oruc oğlunun üzərində olmuş, Səxavət Orucov həmin bıçağı Musayev Səxavət İrayət oğlunun öldürülməsi zamanı istifadə etmiş, bıçaq qanlı vəziyyətdə görmüşdür. Şaiq Həsənov həmin bıçağı formasından, nazikliyindən və üzərindəki qəhvəyi rəngli hissəsindən tanıdığını bildirmişdir. Əşyanın tanınması zamanı fotoşəkil çəkilərək protokola əlavə edilmişdir.
Şaiq Həsənovun nəyə görə tanımadığı, görmədiyi bıçağı tanımasının səbəblərinin açıqlanmadığınl göstərmişdim.  Lakin maraqlı məsələlərdən biri də ondan ibarətdir ki, Səxavət Orucovun Bərdə rayonunun Koroğlu küçəsindəki gözəllik salonundan Qızxanım adlı şəxsdən 50 manat pul almaq üçün getdiyi onun öz ifadəsindən aydın olduğu kimi, eyni zamanda istifadəsində olan telefon anten dairələrindən də aydın idi. Bu isə Tərtər rayon Polis Şöbəsinə məlum idi. Məhz ölüm hadisəsinin Səxavət Orucovla əlaqəsini müəyyən etmək və bunu təsdiqlətmək üçün bıçağın da Koroğlu küçəsindən tapılması hadisəsi quraşdırılmış və ümumiyyətlə, həmin bıçağın törədilən cinayət hadisəsi ilə əlaqədar nəyə görə önəmli olmasl, onun orada olması barədə hansısa bir məlumatın olması və məhz Səxavət Orucova məxsus olması barədə də heç bir məlumat iş materialları içərisində yoxdur. Lakin Şaiq Həsənov həmin bıçağı “tanıyır.
Şaiq Həsənova tanınma üçün təqdim edilən bu bıçaq  sonradan Aqil Aslanovun cinayətin predmeti olmaması ilə bağlı verdiyi ifadəsindən sonra maddi sübutların siyahısından çıxarılmışdır. Əgər bıçaq cinayətin predmeti deyildisə,o zaman hansı əsasa görə əvvəl maddi sübut hesab edilmişdir və nə üçün Şaiq Həsənov həmin bıçağı cinayətin predmeti kimi tanımışdır?! Bu, onu təsdiq edir ki, Şaiq Həsənov işgəncəyə məruz qaldığından hər şeyi etiraf edirdi və bıçağı da ona məhz nişan verildikdən sonra tanınmaya təqdim etmişdilər. Lakin sonradan baş rolda gedən və bütün cinayətin təfərrüatlarını dəqiqliklə bilən, lakin hər vəchlə gizlədən Aqil Aslanov həmin bıçaq olmadığını bildirdikdən sonra maddi sübut hesab edilməmişdir. Bəs maraqlıdır, nə üçün istintaq Aqil Aslanova bu qədər güvənmiş, onun ifadəsini bu qədər mötəbər sanmışdır?! Axı, istintaq elə təqdim edir ki, guya ki, Şaiq Həsənov özü könüllü cinayəti etiraf etmişdir, heç bir işgəncəyə məruz qalmamışdır. Onda, Şaiq Həsənov nə üçün görmədiyi, bilmədiyi, tanımadığı şeyi yalandan tanımalı idi. Axı onsuz da, o, cinayəti “etiraf etmişdir”.
Ümumiyyətlə, Aqil Aslanov cinayətin baş verməsi üçün kifayət qədər səy göstərmişdir. Onun bu cəhdləri bütün iş materialları ilə təsdiq olunur.
Aqil Aslanovun ifadəsi heç zaman səmimi olmamışdır. Səhhət Sadıqovun avtomaşının baqaj hissəsində mərhum Səxavət Musayevə məxsus qan ləkələrinin olması, Səxavət Musayevə məxsus ayaqqabının bir tayının, eynəyinin meyitin tapıldığı yerdə olmaması, hadisənin baş verdiyini bildirdiyi yerin hərbçilərlə dolu olması, həmin yerə getmək üçün hərbi postdan keçmək məcburiyyətinin olması, həmçinin Musayev Səxavət İrayət oğlunun meyitinin aşkar edildiyi səngərdən Tərtər rayonunun Səhləbad kəndi ətrafında 27 sentyabr 2016-cı il tarixdə onun avtomobilinin aşkar edildiyi yerədək olan məsafənin 9,5 km olması və səngərdən həmin yerədək avtomobillə 24 dəqiqəyə çatmağın mümkün olmasını Aqil Aslanovun həqiqəti tam bildirməməsindən xəbər verir. 
Həmçinin, hadisədən bir gün əvvəl, yəni 25 sentyabr 2016-cı il tarixdə Aqil Aslanov evdə xəstə anasını qoyaraq taksi vasitəsilə Tərtər şəhərinə gəlməsi səbəbi də məlum deyil. Aqil Aslanov Tərtər şəhərinə gəlir və ayaqyoluna gedir, təsadüfən Şaiq və Səxavətlə görüşür və yenidən Tərtərə qayıdır. Əgər onun Səxavət və Şaiqlə görüşünü özünün dediyi kimi təsadüf hesab etsək, onda Tərtərə ayaqyoluna girmək üçünmü gəlmişdir?! 
Həmçinin, əgər Həsənov Şaiq və Aslanov Aqillə Səxavət Orucov Tərtər rayon Məhkəməsinin qarşısında və ya bazarda görüşmüş olsaydı, o zaman bunu da görən hər hansısa bir şahid olardı. Əgər nəzərə alsaq ki, Tərtər rayonun mərkəzi hər zaman, günorta vaxtı isə daha çox insanla dolu olur və kiçik bir rayon olduğundan hamının da bir-birini tanıdığını nəzərə alsaq ola bilməzdi ki, onları görən olmasın. 
Bütün bunlar təsdiq edir ki, Aqil Aslanovun həm bütün hərəkətləri, həm də bütün ifadəsi qabaqcadan hazırlanmış süjet xətti ilə yerinə yetirilmişdir. Aqil Aslanovun ifadələrində ziddiyyətlər isə onun məsuliyyətdən qaçmaq üçün etdiyi cəhdlərdir ki, bu da onun istədiyi nəticəni vermir.
Aqil Aslanov Tərtərə gələrkən yalnız 35 manat pulunun olmasını bildirmişdir. Səhhət adlı şəxsin avtomaşınını götürən zaman artıq onun üstündə pul olmamalı idi. Çünki o, pulunu taksilərə, kontura, telefon nömrəsinə və digər yerlərə xərcləmişdi. 
Şahid qismində dindirilən Aqil Aslanovun avtomaşınından istifadə etdiyi Səhhət Sadıqov həmişə günorta vaxtı spirtli içki içdiyini, buna görə də günortadan sonra taksi kimi fəaliyyət göstərmədiyini  hamının bildiyini, Aqilin ona günortadan sonra yanaşaraq anasını həkimə aparmaq adı ilə avtomaşınını aldığını, lakin ona vermək üçün pulunun olmadığını bildirmiş, o, isə pul lazım olmadığını, yalnız maşında benzin olmadığından benzin tökməli olduğunu bildirirək avtomobili Aqilə verdiyini, Aqilin avtomaşını qaytararkən cibindən bir qalaq pul çıxardığını, qaranlıqda pulların hamısının 20 manatlığa oxşadığını görmüş, Aqil həmin pullardan bir ədəd 20 manatlıq çıxararaq onun oğluna konfet almaq üçün verdiyini bildirmişdir.
Şaiq Həsənovun hadisə yerini göstərə bilməməsi və Aqil Aslanov gətirilib hadisə yerini göstərdikdən sonra onun “hadisə yerini göstərməsi” qeyri-rəsmi olsa da, lakin hamıya bəlli olan haldır. Hətta ona dövlət hesabına təyin edilmiş müdafiəçi İslam Teymurovla təsadüfən Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasında rastlaşdıqda da mənə bu barədə bildirmişdir. Onu da qeyd edim ki, onun başqa şəxslərə də bu barədə dediyini eşitmişəm.
Orucov Səxavət Oruc oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 127.2.3. və 221.3. maddələrinin tərkibi yoxdur:
Hazırkı 160666031 nömrəli cinayət işindən 14 aprel 2017-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında qərar”la  Mehdiyev Elxan Bəhrəm oğlu və qeyriləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ayrılmış və ibtidai istintaq aparılması üçün Tərtər rayon Polis Şöbəsinə göndərilmiş 170666005 nömrəli cinayət işi də mövcuddur. Həmin cinayət işinin mövcudluğu təsdiq edir ki, əgər hətta Səxavət Orucovun əməlində 127-ci maddənin tərkibi olsa belə, bu əməl xuliqanlıq niyyəti ilə törədilməmişdir. Yəni Səxavət Orucovun Mehdiyev Xosrova yönələn zərbəsi əslində digər şəxslərin zərbələrindən yaranmış növbəti zərbədir.
Mehdiyev Xosrov Bəhram oğlu barəsində keçirilən canlı şəxsin ekspertizasında onun alt çənəsinin sağ tərəfində çənə sümüyünün hissəvi olaraq sınması və həmin nahiyyədə sümük sekvestirinin müəyyən edilməsi bildirilmişdir. Bununla da, o, Azərbaycan Respublikası CM-nin 127.2.3. maddəsi ilə zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin xəsarət az ağır xəsarət hesab olunur. 
Birinci instansiya məhkəməsində  o və yaxınları – Mehdiyev Elxan Bəhram oğlu, Quliyev Fuad Yusif oğlu, Quliyev Yusif Cəlal oğlu və digərləri verdiyi ifadələrində, habelə apellyasiya instansiya məhkəməsində Mehdiyev Xosrovun özü bildirmişdir ki, dava zamanı onun çənəsi sınmamış, yalnız dodağı qanamışdır. Həmçinin, Xosrov Mehdiyev bildirdi ki, hadisədən sonra əvvəllər əməliyyat olunduğundan qorxmuş və odur ki, ciyərlərini rentgendən keçirmişdir. Demək ki, alt çənəsi ilə bağlı Xosrov Mehdiyevdə heç bir narahatlıq olmamışdır.
Qeyd edilən 471 saylı 03.10.2016-cı il tarixli ekspert rəyində həmçinin, çənə sümüyün açıq və ya qapalı sınığının olması da öz əksini tapmamışdır. Həmçinin, zərərçəkmiş Mehdiyev Xosrov Bəhram oğlu ifadəsində sümük sınığı üçün xarakterik olan hər hansısa bir halı qeyd etməmişdir, hansı ki, bunlar dişin qırılması, alt və üst çənə dişlərin üst-üstə düşməməsi, danışıq imkanlarının həyata keçirilməsində problemlərin olması hallarıdır. 
Cinayət işinin 4-cü cildi iş vərəqi 26-29-da Mehdiyev Xosrovun hadisə yerini göstərən şəkilləri öz əksini tapmışdır ki, həmin şəkillərdə də onun sağlam olduğu və ayaqda olduğu aşkar bilinir. Qeyd edim ki, həmin şəkillər 03.10.2016-cı il tarixdə çəkilmişdir. 
Orucov Səxavət Oruc oğlunun Azərbaycan Respublikası CM-nin 221.3. maddəsi ilə təqsirli bilməsinə dair isə bildirmək istəyirəm ki, Səxavət Orucov məclisdəkiləri qorxutmaq üçün tüfəngi nümayiş etdirmiş, həmin silahı tətbiq etməmiş, sonradan isə soyuq silah qismində olan bıçağı yalnız tüfəngini tələb etmək məqsədi ilə məclisdəkiləri yenə də qorxutmaq məqsədi ilə göstərmişdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair20 may 2011-ci il tarixli Qərarına əsasən, xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Bununla yanaşı, əgər silah və ya silah qismində istifadə edilən əşyalar  yalnız əmlakın məhv edilməsi və ya zədələnməsi üçün istifadə edilərsə, lakin bunun nəticəsində insanların sağlamlığına zərər vurulmazsa və yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yaranmazsa, əməl CM-in 221.3-cü maddəsi ilə tövsif oluna bilməz.Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən xuliqanlıq işlərinə baxılarkən silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi və ya tətbiqinə cəhd olunması,  habelə zərərçəkmişin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan bütün hallar hərtərəfli araşdırılmalıdır.
Sonda, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, CM-in 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa  zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Eyni zamanda, silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin CM-in 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir.
Qanunsuz həbsdə saxlama, işgəncə faktı, müdafiə hüququnun, təqsirsizlik prezumpyası hüququnun, ədalətli məhkəmə araşdırılması hüququnun pozulması və digər hüquq pozuntuları:
Təqsirləndirilən Orucov Səxavət Oruc oğlu bildirmişdir ki, o, 27 dekabr 2016-cı il tarixdə deyil, 21 dekabr 2016-cı il tarixdə tutulmuşdur. Qeyd edilənlərlə yanaşı, təqsirləndirilən şəxsin istifadəsinə olan telefon nömrəsinin anten dairəsindən də şəxsin istifadəsində olan telefonun 21 dekabr 2016-cı il tarixdən işləməməsi, habelə məhkəmədə şahid qismində dindirilən Qurbanov Uğur Yelmar oğlu da Səxavət Orucovu 23-24 dekabr 2016-cı il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində gördüyünü bildirmişdir. 
10 may 2018-ci il tarixdə məhkəməyə təqdim etdiyim internetdən çıxarılmış materiallarda da təqsirləndirilən Orucov Səxavətin həqiqətən 27 dekabr 2016-cı il tarixdə deyil, həmin tarixdən xeyli əvvəl 22 dekabr 2016-cı il tarixdə artıq onun tutulması ilə bağlı məlumatların yayılması bəlli olur. Bu məlumatlar müxtəlif xəbər portallarında, o cümlədən rəsmi sayt olan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin 22 dekabr 2016-cı il tarixli “kriminal xronika” bölməsində öz əksini tapmışdır. Həmin məlumata görə, “Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Baş Cinayət Axtarışı İdarəsi və Tərtər RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində CM-nin 120-ci, 127-ci və 221-ci maddələri ilə axtarışda olan Səxavət Orucov tutulmuşdur”.
Səxavət Orucov tutulsa da, lakin bu rəsmiləşdirilməmişdir. Baxmayaraq ki, Səxavət Orucov barəsində 4 ay müddətində həbs qətimkan tədbirinin seçilməsi və həbsin əvvəlinin tutulduğu andan hesablanması barədə Tərtər rayon Məhkəməsinin 14 dekabr 2016-ci il tarixli qərarı var idi.
Bununla da, Səxavət Orucov qanunsuz və gizli olaraq tutulmuş, 6 gün ərzində ona işgəncə edilmiş, qeyri-insani rəftara məruz qalmış, yalnız 27 dekabr 2016-cı il tarixdə bütün sənədlərə imza edəcəyini bildirdikdən sonra onun tutulması rəsmiləşdirilmiş və 27 dekabr 2016-cı il tarixli tutulma protokolu tərtib edilmişdir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Səxavət Orucovun 22 dekabr 2016-cı il taridə tutulması barədə xəbərin yayımlanmasının texniki səhv olmasını bildirsə də,  lakin mətbuat xidmətinin həmin məlumatı təkzib edən hər hansısa bir məlumatı yayımlanmamışdır. Həmçinin, əgər S.Orucov 27 dekabr 2016-cı il tarixdə tutulmuş olsa idi, onda bu zaman həmin məlumat 27 dekabr 2016-cı il tarixli məlumatların içərisində əks olunmuş olardı. Səxavət Orucovun tutulması ilə bağlı məlumatın 22 dekabr 2016-cı il tarixli məlumatların içərisində yayımlanması təsdiq edir ki, məhkəmənin sorğusuna verilən cavab  yanlış məlumatı əks etdirir və bu barədə yalan ifadə vermiş polis işçilərini qorumaq məqsədi daşıyır. Onu da bildirim ki, Səxavət Orucov barədə növbəti məlumat 31 yanvar 2017-ci il tarixdə verilmişdir.
Maraqlı olan odur ki, DİN-nin Mətbuat Xidmətinə birinci instansiya məhkəməsi tərəfindən verilən sorğunun cavabı 14 iyun 2018-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsində elan edildikdən sonra məhkəmə istintaqının qurtarması elan edilmiş və müdafiə tərəfi kimi çıxışa vaxt istəmişdik və həmin vaxt irəli sürdüyümüz arqumentlərdən biri də ondan ibarət olmuşdur ki, sorğunun cavabı da çıxışda öz əksini tapacaqdır. Həmin zaman məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Bəsti Verdiyeva bildirdi ki, onun həmin sorğunun cavabından xəbəri var idi. Bu barədə ona polisdən məlumat verilmişdir. Bu isə təsdiq edir ki, həqiqətən də Tərtər RPŞ bu işlə başqa “maraqları” var və məhz DİN-nin Mətbuat Xidməti bu “maraqlara xidmət edən” cavab vermişdir.
Səxavət Orucov tutulduqdan sonra məhkəmənin qarşısına çıxarılmalı olduğu halda da, məhkəmə çıxarılmamışdır. Belə ki, Səxavət Orucov barədə həbs qətimkan tədbiri Tərtər RPŞ-nin rəisi Rauf Məcidovun məktubu, müstəntiqin vəsatəti və Tərtər rayon Prokuroru Azər Hətəmovun təqdimatı əsasında 14 dekabr 2016-cı il tarixdə onun özünün və müdafiəçisinin iştirakı olmadan seçilmişdir. Həmin vəsatət və təqdimata görə, Səxavət Orucovun guya ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda, MDB dövlətlərində olması, onun barəsində axtarış aparılması üçün həbs qətimkan tədbirinin seçilməsi zərurəti olduğu bildirilmişdir. Halbuki, hazırkı vəziyyətdə belə bir məlumatın həqiqətə uyğun olub-olmamasını müəyyən etmək hüquq mühafizə orqanlar üçün çox asandır. Dövlət Sərhəd Xidmətindən məlumat almaqla, həqiqətən də Səxavət Orucovun Respublikadan kənarda olub-olmamasını müəyyən etmək mümkün idi və  bu zaman qaldırılan vəsatət və, təqdimat da yalan məlumatları özündə əks etdirməzdi. Lakin qeyd edilən məmurların Səxavət Orucovun ölkədə olması barədə dəqiq məlumatları olduğu halda belə bir vəsatət və təqdimatla müraciət etməsinin əsas səbəbi onun məhkəməyə çıxarılmasının qarşısını almaq olmuşdur. Səxavət Orucova məxsus olan telefonun anten dairəsi də həmin vaxtda onun Respublikada olduğunu göstərirdi.
18 aprel 2017-ci ildə onun həbsdə saxlama müddəti uzadıldıqda da onun məhkəməyə çıxarılmaması onun birinci instansiya məhkəməsində işə baxılarkən, yəni 2017-ci ilin iyun ayında, tutulduqdan təxminən 6 ay sonra məhkəmənin qarşısına çıxarılmasına şərait yaratmışdır.
Bu faktın mövcudluğu isə təsdiq edir ki, həqiqətən S.Orucov iki ağır cinayəti etiraf etmək üçün təzyiqlərə məruz qalmışdır. Şaiq Həsənov ilə Səxavət Orucovun üzləşdirilməsi ilə bağlı protokolda olan qeydlərdən və Səxavət Orucovun hadisə yerini göstərməsini özündə əks etdirən video disklərdən də görünür ki, həqiqətən də Səxavət Orucovun sifət nahiyəsində xəsarətlər olmuşdur. 
            Deməli, Səxavət Orucovdan ifadə almaq məqsədilə o, qanunsuz olaraq 6 gün saxlanılmış və bu günlərdə işgəncəyə məruz qalmış, dayanmadan bədəni elektrik cərəyanına qoşulmuş, döyülmədiyi və elektrik cərəyanına qoşulmadığı vaxtda daimi olaraq qolları arxadan qandallı vəziyyətdə saxlanılmış, belə bir vəziyyətdə təqsirləndirilən şəxs özünün ən kiçik tələbatını da ödəyə bilməmişdir. Fiziki və mənəvi iztirablara məruz qalmış, ailə üzvləri ilə şantaj edilmiş, nəticədə Avropa Konvensiyasının 3-cü maddəsinin pozuntusu baş vermişdir.
            Şahidlər Aqil Orucovun və İman Almuradovun ifadələri ilə müəyyən edildi ki, Səxavət Orucov onlara özünü öldürmək niyyətində olmadığını bildirmişdir. Yəni Səxavət Orucova verilən işgəncələr o qədər dözülməz olmuşdur ki, bu işgəncələrdən öləcəyini düşünmüş və polisin bunu intihar kimi qələmə verəcəyini düşünmüşdür.
Səxavət Orucov isgəncə görmüş, qeyri-insani, ləyaqəti alçaldan rəftara məruz qalmış bir insan kimi Tərtərə gətirildikdən sonra ona fiziki işgəncələr verilmir, lakin əvəzində kifayət qədər çox mənəvi işgəncələr verilirdi, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalırdı. Hər dəfə ifadə verməkdən imtina etdikdə Rauf Məcidov tərəfindən “gətirin bunun qardaşı arvadını” sözünü eşitmək onda mənfi emosiyalar yaratmışdır. Tərtər RPŞ-də saxlanıldığı bütün müddət ərzində əlləri arxadan qandallı vəziyyətdə saxlanılır, yatmasına icazə verilmirdi, bəzən hətta ayaqlarına da qandal vurulurdu, belə bir vəziyyətdə insan heç ən adi tələbatlarını belə ödəyə bilməzdi. Səxavət Orucov  dəfələrlə polisdə olarkən tələbatının ödənilməsi üçün əllərini 5 dəqiqəliyə açılmasını xahiş etsə də, onun şərəfi tapdanılmış və əlləri açılmamışdır. O, cinayəti etiraf etməyə məcbur edilirdi, barəsində 13 yanvar 2017-ci il tarixdə keçirilən kompleks məhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizasın ekspert qarşısında əməlindən peşman olmamasını bildirməsi isə onun əslində cinayəti əslində etməməsinə və onun məruz qaldığı işgəncələri başqalarının görmələri, duymaları üçün çağırış idi ki, təəssüflər olsun ki, hər dəfə qeyri-peşəkar ekspertlərin qarşısına çıxarılan Səxavət Orucovun bu çağırışı da duyulmamışdır. Həmçinin, daha maraqlı bir hal ekspertin Səxavət Orucovun üz nahiyyəsində gördüyü xəsarətlərə, əlləri arxadan qandallı vəziyyətdə onun – yəni ekspertin yanında oturmasına etiraz etməmiş, bunu araşdırmamışdır. Yalnız istintaqın verdiyi məlumatları öz rəyində əks etdirmişdir. Bütün bunlar bir daha təsdiq edir ki, Səxavət Orucov həqiqətən də Tərtər RPŞ-də təzyiqlərə məruz qalmış və bu hal onun qarşısına çıxan bütün insanlar tərəfindən sükutla qarşılanmışdır.
            İstintaq cinayət işinin 6-cı cildində iş vərəqi 12-13-də Səxavət Orucovun 26 dekabr 2016-cı il tarix saat 23-30-da Bakı şəhərində tutulduğunu bildirmiş, 27 dekabr 2016-cı il tarix, saat 16.30-da Tərtər RPŞ-nə gətirildiyini və 17.10-da Tərtər RPŞ-nin MSY-nə təhvil verildiyini bildirib. Müdafiəçi ona 27 dekabr 2016-cı il tarix, naməlum saatda təqdim edilmişdir. Göründüyü kimi, hələ istintaqın özünün dediyinə inansaq, o zaman o dərəcə də böyük olmayan məsafəni - Bakı şəhərindən Tərtər rayonuna qədər olan məsafəni Səxavət Orucovu 17 saata gətiriblər. Şahidlər belə bir uzun zamanı hava şəraitinin pis olması ilə əlaqələndirsələr də, hər bir halda 3-4 saata gedilməsi mümkün olan yolu, pis hava şəraitində, yəni dumanlı havada uzağı 5-6 saata getməliydilər. Üstəlik, həmin vaxt havanın necə olması barədə iş materiallarında heç bir sənəd yoxdur və əgər hava həqiqətən də dumanlı olmuş olsaydı, “ağacı axtaran” müstəntiq şahid ifadələrinin həqiqəti əks etdirdiyini təsdiqləmək üçün bu barədə sənədi də işə əlavə edərdi.  17 saatla 5-6 saat arasındakı fərq isə həqiqətən də düşünülməyə dəyən, kifayət qədər uzun zamandır və məhz Səxavət Orucova müdafiəçi də bu 17 saatlıq zaman fasiləsindən sonra təqdim edilmişdir. Müdafiəçinin təqdim edilməsi saatı barədə iş materiallarında heç bir məlumat yoxdur. S.Orucovun dindirilməsinin 27 dekabr 2016-cı il tarix, saat 18.15-də başlanmasını nəzərə alaraq, elə müdafiəçinin də saat 18 radələrində təqdim edilməsini düşünmək daha ağlabatan olar. 
            Bundan başqa, Səxavət Orucovun evində axtarış və götürmə aparılması haqqında Tərtər rayon Məhkəməsinin 5(061)-35/2016 saylı 10 oktyabr 2016-cı il tarixli Qərarı da çox maraqlıdır. Belə həmin qərar Tərtər rayon prokuroru Hətəmov Azər Abuzər oğlunun təqdimatı ilə çıxarılmış, məhkəmə iclasında A.Hətəmovun özü də şəxsən iştirak etmişdir. (2-ci cild, iş vər.184-187). Təqdimatdan Səxavət Orucovun Aqil Aslanov və Şaiq Həsənovla əvvəlcədən əlbir olub qrup təşkil edərək 26 sentyabr 2016-cı il tarixdə Musayev Səxavəti öldürməsi bildirilir və cinayət nəticəsində əldə edilmiş pul, qiymətli əşyalar və sairin onun evində olması ehtimal olunaraq mənzildə axtarış və götürmə aparılması üçün qərar qəbul edilməsi xahiş olunmuşdur. Həmin qərar əsasında axtarış 18.05-də başlanılmış və 18.35-də başa çatmışdır. Halbuki, həmin tarixdə Aqil Aslanov və Şaiq Həsənov təqsirləndirilən şəxs statusuna malik olmamış, hətta Aqil Aslanov şübhəli şəxs qismində axtarışdan 10 dəqiqə sonra, 18.45-də dindirilməyə başlanılmış, 20.55-də onun dindirilməsi bitmişdir.  
            Bütün bunlar bir daha təsdiq edir ki, Azər Hətəmov şəxsən Səxavət Orucovu qeyd edilən cinayətlərdə ittiham etməkdə maraqlı olmuşdur.
            Etirafedici ifadəsi alınarkən Səxavət Orucovun işgəncə və polis təzyiqinə məruz qalması faktının müəyyən olunmadığına görə cinayət işinin başlanmasının rədd edilməsinə istinad edən Gəncə Apellyasiya Məhkəməsinin hakimi Elçin Xasməmmədov məhkəmənin belə bir sənədin iş materiallarının içərisində olmadığı və məhkəmə iclasında tədqiq edilmədiyi halda haradan tapıb hökmdə qeyd etməsi də maraqlıdır.(Gəncə Apellyasiya Məhkəməsinin hökmü, səh.30, abzas 8). Həmçinin,  25 noyabr 2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarına da istinad edən məhkəmə Şaiq Həsənov barədə olan qərarı Səxavət Orucova da aid etməklə öz hökmünün qanuniliyi görüntüsü yaratmaq istəyir (eyni hökm, səh. 57, abzas 5).
Bundan başqa, Gəncə Apellyasiya Məhkəməsinin iş materialları içərisində olmayan və təbiidir ki, araşdırılmayan “Səxavət Orucovun barəsində işgəncə faktını inkar edən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı” ilə bağlı isə bildirmək istəyirəm ki, həmin qərar 54C-18 saylı material üzrə 08 avqust 2018-ci il tarixdə müstəntiq Məmmədov Şahin Asif oğlu tərəfindən qəbul edilmişdir.
            Məmmədov Şahin istintaq qrupunun üzvü olmuş, bir çox istintaq hərəkətlərində iştirak etmişdir. Səxavət Orucovun həbsdə qalma müddətini uzadılması zamanı məhkəmədə prokurorun təqdimatını müdafiə etmiş, Şaiq Həsənovla Səxavət Orucovun üzləşdirilməsində iştirak etmiş və digər iş üçün əhəmiyyətli prosessual hərəkətlərin edilməsində iştirak etmişdir. Bu isə onu göstərir ki, həmin şəxs verilən ittihamda maraqlı olmuş, odur ki, bütün faktları təhrif olunmuş formada göstərmiş, hətta işgəncənin, qeyri-insani rəftarın subyektlərinin özlərinin izahatı mötəbər hesab edilmiş və bu ifadələrə əsasən, işgəncə faktının olmaması qənaətinə gəlinmişdir.
            Sənan Mirzəyevin ölümü ilə əlaqədar Mahrux Məmmədovanın ifadəsini ən önəmli sübut kimi göstərən Gəncə Apellyasiya Məhkəməsinin mövqeyinə görə, 19 fevral 2014-cü il tarixdə Sərdar Hacıyevi tutduran şəxslərin ünvanına nalayiq söyüşlər söyməsini bildirən məhkəmə bir şeyi nəzərə almamışdır ki, əgər məhkəmənin mövqeyi ilə yanaşsaq, onda artıq Səxavət Orucov Sənan Mirzəyevi öldürmüş olmalıydı, belə olan halda, öldürdüyü adam artıq onda niyə əsəbə səbəb olmalıydı?! (hökm,səh.38, abzas 6)
            Səxavət Orucovun ifadəsinin hadisəyə bağlılığını “xüsusən dostunun tutulmasına əsas olmuş borcu ödəməyə cəhd etməsi cəmiyyətdə bərqərar olmuş mövcud ənənələrə görə yaxın dostluğun göstəricisi hesab olunur və belə şəxsin özü-özlüyündə məsuliyyətinin daha da artması kimi qiymətləndirilir”, fikri ilə qeyd etməyə çalışan məhkəmə nəzərə almır ki, əgər Səxavət Orucov borcu ödəməyə çalışırdısa, onda niyə adam öldürsün və ümumiyyətlə, məhkəmənin bu fikri digər fikrini istisna edir. (hökm,səh.39, abzas 7).
            Gəncə Apellyasiya Məhkəməsinin hökmündə ən təəssüf doğuran məsələ isə, sübutların təhrif olunmuş formada verilməsidir. Mahrux Məmmədova, Səidə Həsənova, Cəbrayıl Yusifov və başqalarının Səxavət Orucov tutulduqdan sonra ifadə verməsi, ifadənin yerində yoxlanılması protokolu da bunlardan biridir. (hökm,səh. 41, abzas 4). Məhz Mahruz Məmmədovanın ifadəsindən sonra 2 saylı İstintaq Təcridxanasında saxlanılan və CM-nin 234-cü maddəsi ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Səxavət Orucovun gödəkçəsi gəlib götürülmüş və ekspertizaya göndərilmişdir. Bu hadisə isə 2014-cü ilin mart ayında baş vermişdir.
            Ümumiyyətlə isə, məhkəmədə elan edilməməsinə və araşdırılmamasına baxmayaraq, ibtidai istintaqda və məhkəmə istintaqında verilən ifadələrə və digər sənədlərə istinad edən apellyasiya instansiya məhkəməsi bu sənədləri təhrif olunmuş formada hökmdə yerləşdirməklə qalmır, ibtidai istintaqı ali istintaq olan məhkəmə istintaqından üstün tutaraq, əslində elə “ibtidai istintaqın davamı” rolunu oynayır. (hökm,səh.39, abzas 11-13)
            Birinci instansiya məhkəməsinin hökmündə Aqil Aslanovun hansı motivlə cinayəti Səxavət Orucovun və Şaiq Həsənovun üstünə atdığını, nə üçün onları öz əməlinə ortaq etməklə cinayət-hüquqi mənada öz vəziyyətini ağırlaşdırdığını (hökm,səh. 29) araşdırılmadığını qeyd edən apellyasiya instansiya məhkəməsi hökmün başqa yerlərində Aqil Aslanovun israrla təkid edib əməlinin qəsdən adam öldürmə kimi deyil, xüsusilə ağır cinayət barədə xəbər verməmə kimi tövsif olunmalı olduğunu bildirdiyini qeyd edir (hökm,səh.42, abzas 2; səh.43, abzas1).
            “İbtidai istintaqın sonrakı gedişində Aqil Aslanov əvvəlki ifadələrinin üstündə qalsa da” ifadəsini işlədən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi, məhkəməyə sədrlik edən Elçin Xasməmmədovun təqsirləndirilən şəxs Aqil Aslanovun son sözünü də kəsərək “Sən sonuna qədər, axıra qədər sözündə duracaqsanmı? Sözünü dəyişməyəcəksən ki? Üstündə qalacaqsanmı?!” deməsini və müdafiə tərəfinin bu barədə protokola qeyd verməsinə baxmayaraq, bunu rədd etməsinin də əsassızlığını dolayı yolla da olsa təsdiq etmişdir (hökm,səh. 44, abzas3).
            Ümumiyyətlə isə, Gəncə Apellyasiya Məhkəməsi hökmü elan etməmişdən əvvəl onunla bağlı fikrini müdafiə tərəfinə təqdim etmədiyi 11 yanvar 2019-cu il tarixli qərarında bildirmişdir. Belə ki, həmin qərarın 3-cü səhifəsinin  9-cu abzasında bildirmişdir. Yəni müdafiə tərəfi olaraq mən məhkəmədə Mehdiyev Xosrovla bağlı təkrar canlı şəxsin ekspertizasının keçirilməsini xahiş etsəm də, lakin məhkəmə hər bir sübutun digər sübutlarla bərabər qiymətləndirilməli olması barədə bildirməli olduğu halda (ən azından), “həmin rəyi şübhə altına alınması üçün işdə əsas yoxdur”, deyərək onun mötəbərliyini qeyd etmişdir. Bununla da müdafiə tərəfinin apellyasiya şikayətini təmin etməyəcəyini qabaqcadan bildirmişdir.
            Səxavət Orucovun hansısa bir cinayət törətməsi barədə konkret və mötəbər sübuta istinad etməyən Gəncə Apellyasiya Məhkəməsi yalnız “edə bilər, ola bilər” deməklə ittiham hökmü çıxarmışdır. Üstəlik, cinayət işində hər hansısa bir sübutun saxtalaşdırılması və ya hər hansısa bir şahidin ifadəsinin dəyişdirilməsi fikrini irəli sürən məhkəmə nədənsə bu faktların ortaya çıxarılması üçün heç bir tədbir görməmiş, həmin şəxslərin məsuliyyətə cəlb edilməsi üçün qərar qəbul etməmişdir (təbii ki, əgər varsa).
Orucov Səxavət Oruc oğlu, Həsənov Şaiq Tahir oğlu barəsində olan 1(102)-927/2019 saylı cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasında hakim İmran Hacıqayıbovun sədrliyi, hakimlər Gülzar Rzayeva və Fərhad Kərimovdan ibarət tərkibdə 10 dekabr 2019-cu il tarixdə məhkəmə baxışı oldu, həmin iclasda məhkəmə yekun qərar qəbul etmək üçün müşavirə otağına getdi, 35 dəqiqədən sonra qayıdaraq, məhkəmənin qərarının 24 dekabr 2019-cu il tarixdə elan ediləcəyini bildirmişdir.
24 dekabr 2019-cu il tarixdə mən şəxsən məhkəmədə iştirak etmişəm və hakim İmran Hacıqayıbovun qərarı elan etməsinin şahidi olmuşam. Həmin qərarın surəti 2 aydan artıq müddət keçdikdən sonra 28 fevral 2020-ci il tarixdə dəfələrlə tələb etdikdən sonra mənə rəsmən poçt vasitəsilə çatdırılmışdır (bildirim ki, qərar elektron məhkəmə portalında da yerləşdirilməmişdir) və mən həmin qərarla tanış olduqda, qərarın nəticə hissəsinin hakimin elan etdiklərindən fərqli və daha geniş olduğunu müəyyən etdim.
 Belə ki, 24 dekabr 2019-cu il tarixdə hakim İ.Hacıqayıbov qərarı belə elan etmişdir: “Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2019-cu il tarixli hökmü təqsirləndirilən şəxslər Orucov Səxavət Oruc oğlu, Həsənov Şaiq Tahir oğlu və Aslanov Aqil İsrəfil oğluna CM-nin 181.3.3. maddəsi ilə bəraət verilməsi hissəsində ləğv edilsin, iş yeni apellyasiya baxışına təyin edilsin. Kassasiya protesti və zərərçəkmiş şəxslərin hüquqi varislərinin kassasiya şikayətləri qismən təmin edilsin. Məhkumlar və onların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin”.
Qərarın yazılı nümunəsinin nəticə hissəsində isə bu cür qeyd edilməmişdir. Baxmayaraq ki, qərarın nəticə hissəsinin olduğu kimi, təhrif olunmadan, səlis, anlaşılan dillə elan edilməsi hakimin vəzifəsidir.
Ali Məhkəmənin Cinayət Kollegiyasının 24 dekabr 2019-cu il tarixli Qərarının nəticə hissəsində bu cür qeyd edilmişdir: “Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2019-cu il tarixli hökmü təqsirləndirilən şəxslər Orucov Səxavət Oruc oğlu, Həsənov Şaiq Tahir oğlu və Aslanov Aqil İsrəfil oğluna CM-nin 181.3.3. maddəsi ilə bəraət verilməsi və CM-nin 120.2.11.-ci maddəsinin ittihamdan xaric edilməsi, Orucov Səxavət Oruc oğlunun əməlinin Cm-nin 221.3-cü maddəsinindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsüf edilməsi hissəsində ləğv edilsin, iş yeni apellyasiya baxışına təyin edilsin. Kassasiya protesti və zərərçəkmiş şəxslərin hüquqi varislərinin kassasiya şikayətləri qismən təmin edilsin. Məhkumlar və onların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin”.
Qeyd etdiklərimin həqiqəti əks etdirdiyinin göstəricisi kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 dekabr 2019-cu il və 24 dekabr 2019-cu il tarixli məhkəmə iclaslarının gedişatını əks etdirən audio və video görüntülər olan disklərə baxış keçirilməsi kifayətdir. 
Sonuncu dəfə Gəncə Apelyasiya Məhkəməsində işə baxılarkən təqsirləndirilən şəxslərin təqsirsizliyini sübut edəcək faktların araşdırılması, bunun üçün verdiyimiz vəsatətlərin heç bir əsaslı səbəb olmadan təmin edilməməsi, məhkəmənin ancaq görünüş xatirinə aparılması Səxavət Orucov və Şaiq Həsənovun kiminsə tərəfindən törədilən cinayətlə bağlı söz-söhbətə son qoyulması və cinayət işinin “bağlanması” üçün sifarişlə məhkum olunmasına inamı artırır.
Cinayət işinin içərisində bir çox halların araşdırılmaması, belə ki, zərərçəkmişin avtomaşınında mövcud olmayan kameranın göstəriciləri barədə məlumatların qeyd olunaraq avtomaşında olmaması barədə qeydlər və kameranın göstəriciləri barədə məlumatın mənbəyinin olmaması, zərərçəkmişin WhatsApp olan telefonununun aşkar edilməməsi, onun telefonundan sonuncu mesaj gedən bacısının heç bir zaman dindirilməməsi, zərərçəkmiş şəxsin bir qadınla görüşdüyü üçün qorxub münasibətlərə son qoymağa çalışdığı qadının kimliyinin məlum olmaması, zərərçəkmişin avtomaşınında hər zaman mövcud olan tüfəngin axtarılmaması və digər hallar bu cinayət hadisəsi törədilən zaman və cinayət işi araşdırılan zamanı gizli bir əlin mövcudluğunu göstərir.
Ədalətin bərqərar olması üçün həmin gizli əl və ya əllər aşkar edilməlidir.
Bir sozlə, cinayəti törədən şəxslər bu cinayətin açılmaması üçün respublikanın hüquq mühafizə orqanları ilə əməkdaşlıq etməyi bacarmışlar. Beləliklə də, cinayətin əsl subyektləri məsuliyyətdən qaça biliblər və cinayətlə əlaqəsi olmayan iki nəfər insan kimlərinsə vəzifədə qalması, rütbələrinin artması və ya sirrlərinin aşkara çıxarılmaması, məsuliyyətdən yaxa qurtarması üçün qurban verilir. Təəssüf ki, bu insanların səsini eşidən, bu haqsızlığa son qoyan yoxdur.                      
            


İstifadəçi paneli