Bu gün tarixi hadisə yaşanır – Azərbaycanla Ermənistan arasında 30 ildən artıq davam edən münaqişə rəsmi olaraq başa çatıb.
Asmedia.az xəbər verir ki, bu fikirləri "Oxu.az"a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanı sülh masasına mərhələli şəkildə, qətiyyətli diplomatik addımlarla gətirib çıxarıb:
"Azərbaycan hələ İkinci Qarabağ müharibəsi zamanı Qarabağ münaqişəsinə son qoymuş, ərazi bütövlüyünü bərpa etmiş və bu problemi tarixə qovuşdurmuşdu. Lakin prosesin siyasi-diplomatik müstəvidə rəsmiləşdirilməsi hələ qalırdı. Əgər Azərbaycan İkinci Qarabağ müharibəsini aparmaq gücündə olmasaydı, döyüş meydanında Ermənistanı və onun havadarlarının dəstəklədiyi işğalçı ordunu məğlub etməsəydi, həmçinin müharibədən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi və diplomatik sahədə düşməni zərbə üzərinə zərbə ilə sarsıtmasaydı, bu günkü tarixi anı yaşamaq mümkün olmazdı. Ermənistan sülh masasına məhz mərhələli şəkildə, sərt diplomatiya yolu ilə gətirildi və nəticədə başqa çıxış yolunun olmadığını dərk etdi".
Xəyal Bəşirov əlavə edib ki, Vətən müharibəsindəki qələbədən təxminən beş il keçib və bu müddət ərzində Azərbaycan praqmatik ardıcıllıqla Ermənistanı sülhə məcburetmə siyasətini davam etdirib:
"Bu dövrdə bir sıra mühüm addımlar atılıb və onların hamısı ikitərəfli razılaşmalar əsasında reallaşıb. Məsələn, sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlanılması, 12,7 kilometr məsafədə bu işlərin davam etdirilməsi, Azərbaycana məxsus 4 kəndin geri qaytarılması, hərbçilərin qarşılıqlı dəyişdirilməsi və s. bütün bunlar sülhə aparan yolun mühüm mərhələləri idi".
Siyasi şərhçi qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan və Ermənistan liderləri dünyanın mühüm siyasi qərarlarının qəbul edildiyi Ağ Evə dəvət olunub:
"Bunun əsas memarı Azərbaycan dövləti və Prezidentdir. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü Cənubi Qafqazda tarixi sülhün bərqərar olmasına gətirib çıxardı. Əslində, biz sülhü döyüş meydanında qazanmışdıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə müharibədə qələbə əldə etdik, indi isə siyasi-diplomatik müstəvidə sülhü təsdiqlədik. Uzun müddətdir Cənubi Qafqazda silah səsləri kəsilmişdi, son zamanlar isə yalnız sülh sazişi istiqamətində aparılan danışıqlar diqqət mərkəzində idi. Ermənistanın prosesdəki ləngitmələrinə baxmayaraq, Azərbaycan mart ayında sülh sazişinin razılaşdırılmış mətnini açıqladı. Əbu-Dabi görüşü də göstərdi ki, biz artıq sülhə doğru real addımlar atmışıq".
O, həmçinin Zəngəzur dəhlizinin strateji əhəmiyyətini vurğulayıb:
"Zəngəzur dəhlizi əsas amillərdən biridir və bu ideya məhz ölkə başçımız tərəfindən irəli sürülüb. İkinci Qarabağ müharibəsindən əvvəl bu dəhlizdən bəhs olunurdu, lakin hazırda artıq bu, bütün dünyada tanınan bir anlayışdır. Vaşinqtonda da Zəngəzur dəhlizinə xüsusi diqqət göstərildi. Dəhlizin istifadəyə verilməsi Cənubi Qafqazda təhlükəsizlik və iqtisadi fəallığın artmasına səbəb olacaq. Bu, regionun nəqliyyat və iqtisadi kommunikasiya baxımından blokadadan çıxmasına imkan verəcək. Dünya, eləcə də Ermənistan və onun havadarları görəcək ki, Azərbaycan ərazilərinin 30 ilə yaxın müddətdə işğal altında saxlanılması bütöv regiona və qlobal iqtisadiyyata ciddi zərər vurub".