BSU REKTORU NURLANA ƏLİYEVANIN XƏYANƏT FƏLSƏFƏSİ...

20-05-2021, 17:01

Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri, hazırda Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş Dürdanə Əliyeva ətrafında dolaşan söz-söbhət hələ də səngimək bilmir.

Mötəbər mənbələrdən redaksiyamıza daxil olan məlumatlara görə, Bakı Slavyan Universitetində 5 illik audit yoxlamalarının aparılmasına baxmayaraq hazırda həmin universitetdə baş müəllim işləyən Allahverdiyeva Vəfa Elxan qızı hətta sonuncu tədris ilinin təhsil haqqını hələ də büdcəyə ödəməmiş, həmin universitetin Doktorantura və dissertantura şöbəsinə bildirmişdir ki, təhsil haqqını məhz Dürdanə Əliyevaya çoxdandır ki, ödəmişdir. Qeyd edək ki, Allahverdiyeva Vəfa hazırda Bakı Slavyan Universitetində müəllim işləyən Hümmətova Sevilin bacısı qızıdır. Hümmətova Sevil uzun illərdir Əliyeva Dürdanə ilə eyni kafedrada çalışmışlar və olduqca yaxın əlaqələrə malikdirlər.

Hümmətova Sevilin bacısı qızı, hazırda həmin universitetdə baş müəllim işləyən Vəfa Allahverdiyeva ödənişli əsaslarla Bakı Slavyan Universitetinin doktorantura və dissertantura şöbəsinə qəbul olmasına və 2017/2018-ci tədris ilində doktoranturanı bitirməsinə baxmayaraq illik təhsil haqlarını universitetin büdcəsinə vaxtlı-vaxtında köçürməkdən imtina etmişdir. Allahverdiyeva Vəfa Elxan qızı bu işdə xalasının yaxın rəfiqəsi, Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri, hazırda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş Dürdanə Əliyevaya arxalanıbmış.

Qeyd olunur ki, Sevil Hümmətova həmçinin dövlət idarələrinə və ölkə parlamentində müxtəlif vəzifələrdə işə düzəltmək adı ilə Dürdanə Əliyevaya "yağlı müştərilər" tapmaqda kömək etmiş, əvəzində D.Əliyeva Sevil Hümmətovanın qardaşı qızının da Bakı Slavyan Universitetində arzuladığı ixtisasa qəbul edilməsində böyük rol oynamış və onun təhsil haqqını ödəməməsi üçün rektorun qəbulunda olmuşdur.

Bundan əlavə, Dürdanə Əliyevanın Sevil Hümmətovanın bacısı qızı Vəfa Allahverdiyeva da daxil olmaqla onun bir neçə yaxın adamına saxta ixtisasartırma sənədlərinin düzəltməsi də qeyd olunanlar sırasındadır.

Ümumiyyətlə, Dürdanə Əliyeva yaxın rəfiqəsi Sevil Hümmətova vasitəsilə bir çox vətəndaşlara əvvəlcə təhsil haqqını olduğundan aşağı göstərərək şirnikləndirmiş, onları Əlavə və qiyabi təhsil şöbəsinə sənəd verməyə razı saldıqdan sonra ilin sonunda başqa bir məbləğ deyərək tələbələrin haqlı etirazlarına səbəb olmuşdur. O da vurğulanır ki, Dürdanə Əliyeva dərsə maşınla gedib-gələn "imkanlı" ailələrin nümayəndələrinin müəyyənləşdirərək onların avtomobillərinin dövlət nömrə nişanlarını rəfiqəsi Sevil Hümmətovaya ötürmüş, sonuncu isə həmin vaxtlar Nəsimi rayon Dövlət Yol Polisi İdarəsində həmin ərazini kurasiya edən bacısı oğlu Allahverdiyev Anar Elxan oğluna məlumatları bildirmiş, nəticədə həmin tələbələr bilərəkdən "ilişdirilərək" asan gəlir mənbəyinin qurbanlarına çevrilmişlər.

Sevil Hümmətova Dürdanə Əliyeva ilə əlbir olaraq qanunazidd əməllərdə iştirakı ilə bağlı ona ünvanladığımız suallardan yayınaraq Bakı şəhəri Nəsimi rayonu Dövlət Yol Polisi İdarəsində işləyən bacısı oğlu Allahverdiyev Anar Elxan oğlunun və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın xüsusi mühafizə rəisi işləyən qohumunun adını çəkərək bu məsələni mətbuatda işıqlandırmağımıza mane olmuşdur.

Mövzudan da göründüyü kimi, Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri, hazırda cinayət məsuliyyəttinə cəlb olunmuş Dürdanə Əliyeva bu işləri təkbaşına görməmişdir. Onunla əlbir işləmələri ehtimal olunanlar dövlət strukturlarında yüksək vəzifə tutduqları və bir-birlərini qoruduqları üçün hələlik istintaq prosesinə cəlb olunaraq cavabdeh qismində çıxış etməkdən yayına bilmişlər.

Əlbəttə ki, haqq-ədalətin tezliklə öz yerini tutacağına inanırıq. Qoy bununla müvafiq orqanlar məşğul olsunlar. Biz isə hələlik ən sadə bir suala cavab axtarırıq.

1. Yenicə "dosent" elmi dərəcəsi "almış" Sevil Hümmətovanın bacısı qızı, yenicə "fəlsəfə doktoru" elmi adı "almış" Vəfa Allahverdiyevanın təhsil haqqını hələ universitetin büdcəsinə ödəməməsinə kim himayədarlıq edir?

2. Ödənişin indiyədək aparılmaması necə qanuniləşdirilmişdir?

Bakı Slavyan Universitetinin Maliyyə şöbəsinin Baş mühasibi hələ də bu ödənişin hansı səbəbə görə aparılmadığını aydınlaşdırmayıb və ya aydınlaşdırılmasında da maraqlı deyil. Bu faktlar da universitet rəhbərliyi ilə Dürdanə Əliyevanın əlbir olmasına əsaslı şübhələr yaradır. Əks halda ödənişli əsaslarla təhsil alan Vəfa Allahverdiyevanın təhsilini başa vurmasına, sonra fəlsəfə doktoru elmi adı almasına, bunun üstündən 5 il ötməsinə və bu müddət ərzində universitetdə bir neçə dəfə maliyyə və audit yoxlamalarının aparılmasına baxmayaraq bunu ört-basdır etmək olardımı?! Yəqin ki, bunlar hələ aysberqin görünən tərəfləridir və hadisələrin inkişafını izləməklə gələcəkdə daha qaranlıq məsələlərin də üzərinə işıq düşəcəkdir.

Qeyd edək ki, cari ilin aprel ayında bəzi kütləvi informasiya vasitələrində Bakı Slavyan Universitetinin, Dürdanə Əliyevanın qanunsuz əməllərinə dair cinayət işinin guya vətəndaş şikayətləri əsasında deyil, Universitetin rektorunun Baş Prokurorluq və Təhsil Nazirliyinə etdiyi müraciət əsasında başlandığı barədə məlumatlar yayılmışdır. Lakin Azərbaycan Respublikası Baş Prokurorluğun Mətbuat xidməti sözügedən informasiyanı qətiyyətlə təkzib edərək bildirmişdir ki, Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın qanunsuz əməlləri ilə bağlı Baş Prokurorluğun “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş çoxsaylı şikayətlər əsasında başlanmışdır.
Yazılanların təkzib etmək üçün Bakı Slavyan Universitetinin mövqeyini, ödənilmiş təhsil haqqı qəbzinin surətini və Baş mühasibin münasibətini dərc etməyə hazırıq.

İlham Cəfərov


İstifadəçi paneli