Türkiyə ilə Yunanıstan arasında yaşanan insident böyüyərək Fransa-Türkiyə gərginliyinə çevrilir.
Bu sözləri ASMEDİA.AZ-a politoloq Turab Rzayev Aralıq dənizində yunan freqatının “Oruc Rəis” gəmisinə qarşı təxribata cəhd etməsi və ağır zərbə alaraq geri çəkilməsini şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, Fransa Prezidenti Makron Aralıq dənizindəki çəkişmədə Yunanıstanın yanında olduğunu açıqlayıb:
“Aralıq dənizindəki bu insidentin hər nə qədər Yunanıstan və Türkiyə arasında baş verdiyi düşünülsə də, Fransanın da fəaliyyəti az deyil. Məsələ ondadır ki, Fransa Aralıq dənizi və Yaxın Şərq uğrunda Türkiyə ilə həyati mübarizə aparır. Türkiyənin Liviyaya müdaxiləsi həm Fransanın dəstəklədiyi Haftarın böyük itkilər verərək geri çəkilməsinə, həm də sülhə razı olacaq bir duruma gəlməsinə səbəb oldu.
Bu gün Türkiyə faktiki olaraq Liviyada Fransanın planlarını alt-üst edib. Halbuki buna qədər Haftar sonuncu şəhəri – paytaxtı ələ keçirmək üzrə idi. İndi isə Misir, BƏƏ, Səudiyyə Ərəbistanı və Rusiyanın tam dəstəyinə baxmayaraq, mövqelərini itirməklə məşğuldur. Beləliklə, Türkiyənin Liviyada həddən artıq zəiflətdiyi Fransa Şərqi Aralıq dənizində güzəştə getmək istəmir. Görünür, Makron Kipr və Livanı özünün qırmızı xətti elan edib”.
Politoloq Makronu Türkiyə ilə qarşı-qarşıya gətirən hədəflərini açıqlayıb:
“1) Kiprdə hərbi baza. İngiltərə və ABŞ (NATO) bazalarından asılılığı azaltmaq, mümkünsə bitirmək;
2) Şərqi Aralıq dənizinin karbohidrogen ehtiyatlarından pay qoparmaq;
3) Şərqi Aralıq dənizində möhkəmlənmək;
4) Avropa ordusunu qurmaq. Amerikadan Avropanın hərbi asılılığını azaltmaq.
Onu da deyim ki, Makron Şərqi Aralıqdakı eskalasiyadan Avropa ordusu qurmaq üçün istifadə etmək istəyir”.