Virus bütün ölkələrə təsir edib. Aydındır ki, o, yoxa çıxmayacaq, biz bu virusla yaşamalı olacağıq. Ona görə də düşünürəm ki, bu ehtiyat tədbirləri, əlbəttə, artıq bizim həyatımıza çox uzun müddətə daxil olub.
ASMEDİA.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 22-də “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin təşəbbüsü ilə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda bildirib.
"Bu səbəbdən də bizim müasir, ən mürəkkəb texnoloji tələblərə cavab verən qabaqlayıcı vasitələrə ehtiyacımız var. Biz insanlarımızı qorumaq üçün əlimizdən gələni edirik. Lap əvvəldən biz çox mühüm qabaqlayıcı tədbirlər gördük, bu da bizə insanlarımızı qorumağa və minimum itki ilə bu vəziyyətdən çıxmaq üçün yol tapmağa imkan verdi. Bizim səylərimiz Azərbaycanı koronavirusa qarşı mübarizədə nümunə adlandıran Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də qiymətləndirilib. Əlbəttə ki, mən sizin bəşəriyyətin özünü qorumasına yardım etmək üçün texnologiyalar təşəbbüsünüzü tam dəstəkləyirəm", - İ.Əliyev qeyd edib.