Böyük Britaniya Avropa İttifaqını rəsmən tərk edib.
Asmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Krallıq bu gün, Bakı vaxtı ilə saat 3:00-da birliyi rəsmən tərk edib.
Bununla da Britaniyanın Avropa İttifaqını tərk etməsi prosesi başa çatıb. Qeyd edək ki, krallıq 47 il qurumun üzvü olub.
Britaniya sakinləri arasında ölkənin Avropa Birliyində qalıb-qalmaması ilə bağlı referendum 2016-cı ildə keçirilib. Ölkə əhalisi 1,3 milyon səs çoxluğu ilə (49%-ə qarşı 52%) Britaniyanın birliyi tərk etməsini dəstəkləyib.
Qeyd edək ki, Böyük Britaniya ötən gün Avropa İttifaqında son gününü keçirib. Yanvarın 31-də London vaxtı ilə saat 23:00-da (Bakı vaxtı ilə saat 03:00) Birləşmiş Krallıq rəsmən üzvlüyünü başa vuraraq birliyin tərkibindən çıxıb. Onun Avropa İttifaqına üzvlüyü düz 47 il 31 gün davam edib.
Bundan sonra Avropa Birliyi 27 dövlətdən ibarət olacaq.
Qeyd edək ki, Böyük Britaniya 50-ci illərin sonu – 60-cı illərdə o zamankı Avropa İqtisadi Birliyinə (AİB-red) üzvlük üçün bir neçə dəfə müraciət edib. Lakin Fransa, o cümlədən həmin vaxt bu ölkəyə rəhbərlik etmiş Şarl de Qoll (İkinci Dünya Müharibəsində ABŞ Şarl de Qolla deyil, onun rəqibi olan digər generala dəstək verirdi - red) Britaniyanın amerikapərəst siyasət yürütdüyünü əsas gətirərək Londonun müraciətinə iki dəfə “veto” qoyub. Buna görə də Britaniya yalnız 1973-cü ildə birliyə daxil olub.