Türkiyəyə təxliyə edilən vətəndaşlarımız Azərbaycana çatıblar

15-02-2020, 20:30

“Uhanda karantinə çox ciddi şəkildə əməl olunur. Şəhərə giriş-çıxış bağlanıb. Nə yerli, nə də xarici vətəndaş Uhanı tərk edə bilməz. Artıq şəhərlərdən əlavə universitetlər də karantinə alınıb. Biz təxliyə olunmuşuq, o demək deyil ki, bütün xarici vətəndaşlar təxliyə olunub". 
Bunu jurnalistlərə açıqlamasında Çinin Uhan şəhərindən yayılan ölümcül koronavirus epidemiyasına görə bu ölkədən Türkiyəyə təxliyə edilərək 14 gün Ankarada xəstəxanada karantində saxlanılan və bu gün oradan Azərbaycana yola salınan 6 Azərbaycan vətəndaşından biri Leyla Quliyeva bildirib. 
Leyla Quliyeva deyib ki, Uhanda təxliyə olunmayan çoxlu xarici vətəndaş var: "Dövlətimizin qüdrətindən irəli gəlir ki, biz 8 günə Çini tərk edə bildik. Bizim kimi az ölkə var ki vətəndaşlarını çıxarda bilib”. 
L. Quliyeva bildirib ki, Çinin digər vilayətlərində də azərbaycanlı tələbələr var: "Çində təxminən 500-ə yaxın azərbaycanlı tələbə var. Bildiyim qədərilə, onlarla da intensiv əlaqə saxlanılır, ehtiyacları qarşılanır. Yəqin ki, onların da yaxın zamanda təxliyəsi baş tutacaq”.
Çindən Türkiyəyə təxliyə edilən 6 vətəndaşımız Azərbaycana çatıb. 
Qeyd edək ki, 6 Azərbaycan vətəndaşından biri 7 yaşlı qız olmaqla 3-ü eyni ailənin üzvləridir. 
Bildirək ki, Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşları Ankarada Zekai Tahir Burak xəstəxanasında 14 gün karantində saxlanılıblar. Qeyd edək ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşları olub. Nazirliyin mətbuat xidmətindən məlumatına görə, həmin şəxslər Türkiyədə 14 gün karantin müddəti keçiblər. “Buna görə də onların ölkəyə qayıtdıqdan sonra təkrar karantinə alınmasına ehtiyac yoxdur”, - deyə Nazirlikdən bildirilib.
Çindən Türkiyəyə təxliyə edilən vətəndaşlarımız Azərbaycana yola salınıb. asmedia.az-apa.az


İstifadəçi paneli