Dünya boyu bir çox ölkələrin hökümətləri koronavirusun yayılmasının qarşısını almaq üçün insanları evdə qalmağa və izdihamlı yerlərdən uzaq durmağa çağırırlar.
Cənubi Koreya ölkədə yoluxma halları əhəmiyyətli dərəcədə azaldığı bir vaxt virusun yayılmasının qarşısını almaq üçün ölkəyə gələn insanları yoxlanışdan keçirir. Çin də bənzər yanaşma tətbiq edir. Çin höküməti 21 yeni yoluxma halının qeydə alındığını və onların hər birinin xaricdən gəldiyini bildirib.
Bu iki ölkə son bir neçə həftədə böyük irəliləyiş əldə edib, lakin dünyanın digər hissələrində, xüsusilə də Avropada koronavirusa yoluxma halları sürətlə artır.
İtaliyada bir gün ərzində 3.000 yeni yoluxma halı qeydə alınıb. Bu isə o deməkdir ki, İtaliya koronavirusa ümumi yoluxma hallarına görə Çindən sonra ikinci yerdədir və orada yoluxma halları üçüncü yerdə gələn İrandan iki dəfə çoxdur.
Birləşmiş Ştatlar boyu icmalar daha öncə Çin, Cənubi Koreya və İtaliyadakı kimi bəzi karantin tədbirlərini görür. Ağ Ev isə əhalini 10-dan çox insanın toplaşdığı yerlərlə getməməyə çağırıb. San Fransisko şəhəri yaxınlığındakı ərazidə 7 milyona yaxın insana evlərində qalmalarına və yalnız mühüm işlərini həll etmək üçün bayıra çıxmalarına dair göstəriş verilib. Bundan əlavə Venesuela virusun yayılmasının qarşısını almaq üçün ölkə boyu karantin elan edəcəyini bildirib, Finlandiya isə məktəb və universitetləri bağlamağı planlaşdırır. Birləşmiş Millətlər Təşkilatı dünya boyu 500 milyon şagird və tələbənin dərsə getmədiyini bildirib. Səhiyyə rəsmilərinin insanların izdihamlı ərazilərə getməmələrinə dair çağırışları nəticəsində bir çox öllələrin hökümətləri barlar, restoranlar və kinoteatları bağlayıb, idman liqaları isə oyunları təxirə salıb.
Hindistan Tac Mahala ziyarətləri qadağan edib. Ümumdünya Səhiyyə Təşkilatı bazar ertəsi sosial məsafənin zəruri olduğunu bildirib. Bundan əlavə ÜST-ün sədri Tedros Adhanom Ghebreyesus deyib ki, hər şübhəli insan test olunmalıdır. Əgər onların testi müsbət çıxsa, onları izolyasiya edib, onlarda simptomlar üzə çıxamdan bir iki-gün öncə onlarla yaxın ünsiyyətdə olan insanları müəyyən edib, onları da test etmək lazımdır. Dünya boyu 180 min təsdiqlənmiş yoluxma və 7100 ölüm halı var. 79 mindən çox insan isə artıq sağalıb. Çox insanda virus nəticəsində yüngül simptomlar olur, xəsətliyin daha ağır formaları yaşlı insanlar və ya səhhətində problem olan insanlara üzə çıxır.
Qeyd edək ki, ABŞ-da koronavirusdan (COVİD-19) ölənlərin sayı 100 nəfərə çatıb.
Bununla bağlı ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ümumilikdə koronavirusa 50 ştatda 6 min 362 nəfər yoluxub.
İlk dəfə ABŞ-da koronavirusun aşkarlandığı Vaşinqtonda ölənlərin sayı 55, Nyu-Yorkda 13, Kaliforniyada isə 12 nəfər qeydə alınıb.
Son gün ərzində isə İtaliyada koronavirusdan ölənlərin sayı 345 nəfər təşkil edib.
Asmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Departamentinin rəhbəri Andcelo Borrelli bildirib. O, qeyd edib ki, bununla da ölkədə koronavirusun qurbanlarının sayı 2,5 min nəfəri ötüb. Koronavirusdan sağalanların sayı demək olar, 3 min nəfərə çatıb. “Hazırda ölkədə virusa yoluxanların ümumi sayı 26 062 nəfərdir, onların 2 060 nəfəri intensiv terapiya bölməsindədir", - o qeyd edib.
Məlumata görə, Lombardiyada 120 nəfər koronavirusun qurbanı olub. İtaliyanın başqa regionlarında da virusdan ölənlərin sayı artır.
Kolumbiya Prezidenti İvan Duke xalqa müraciəti zamanı koronavirus infeksiyası səbəbindən ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu elan edib.
Onun çıxışı “Tvitter”də canlı yayımlanıb. Prezident ölkə konstitusiyasına əsasən, bu addımı atdığını bildirib. Dövlət başçısı həmçinin yaşlı vətəndaşları evdən çıxmamağa çağırıb. Fövqəladə vəziyyət rejimi martın 20-dən mayın 31-dək qüvvədə olacaq. Son məlumatlara görə, Kolumbiyada COVID-19 virusuna 75 yoluxma hadisəsi qeydə alınıb. Kolumbiya əvvəllər koronavirus infeksiyasının yayılması təhlükəsi səbəbindən Venesuela ilə sərhədi bağlamışdı.
Avropa Komissiyası isə koronavirusun yayılmasına qarşı mübarizə məqsədi ilə Şengen zonası daxilində səyahətə qadağa qoyur. Bir çox Avropa ölkəsi öz sərhədlərini bağlayıb. Avropa İttifaqının xarici sərhədləri də bağlanır.
Sərhədi keçmə icazəsi tibb işçilərinə, evlərinə qayıdan avropalılara, onların ailə üzvlərinə və diplomatlara veriləcək. İçazə həmçinin yük daşımalarına da veriləcəkdir.
Avropa Komissiyasının təklifi ilə, məhdudiyyətlər 30 gün ərzində tətbiq olunacaq, lakin bu müddət uzadıla da bilər. BBC koronavirusa qarşı mübarizə aparan bəzi Avropa ölkələrində yaranmış vəziyyətə nəzər salıb.
Böyük Britaniyanın virusla mübarizə planları Aİ ilə müqayisədə daha yumşaqdır. Baş nazir Boris Johnson, vətəndaşları pab və restoranlara getməkdən çəkinməyə, səyahətlərdən imtinaya və imkan daxilində evdən işləməyə səsləyib. Rəsmi olaraq məktəb, ofis və digər ictimai yerləri bağlamaq barədə göstəriş olmayıb, lakin bəzi qurumlar bu qərarı özləri qəbul edib. Hakimiyyət pandemiya vaxtı və ondan sonrakı müddətdə iqtisadiyyatın dəstəklənməsinə yönələn xüsusi planını açıqlamağa hazırlaşır. Bir çox şirkət, epidemiya ilə əlaqəli itkilərə tab gətirə bilməyəcəyindən narahatdır.
Britaniyada virusa yoluxanların rəsmi sayı 1500-i keçib. 55 nəfər koronavirusdan ölüb. Fransa prezidenti Emmanuel Makron səbəbsiz olaraq evdən çıxmağı qadağan edən fərman imzalayib. Lakin məktəblərin, bir sıra dükanların, kafelərin və muzeylərin bağlanması barədə qərarın kifayət qədər təsiri olmayıb.
"Vəziyyətin ciddiliyinə dair tibbi xəbərdarlıqlara baxmayaraq, insanlar parklarda, bazarlarda və restoranlarda toplaşaraq hakimiyyətin əmrlərini tamamilə qulaqardına vururlar", - Emmanuel Makron deyib. Fransa tədbirləri sərtləşdirib: hazırda 15 günlük karantin rejimi elan olunub və ona riayət etməyənlərə qarşı cəzalar nəzərdə tutulur. Virusa yoluxanların xəstəxanaya çatdrılmasına hərbçilər cəlb olunub. Gələn həftəyə təyin olunan yerli seçkilərin ikinci turu qeyri-müəyyən vaxta təxirə salınıb. Bu günə qədər Fransada altı mindən çox insan koronavirusa yoluxub, ölənlərin sayı 150-ə yaxındır. Emmanuel Makron, ölçüsündən asılı olmayaraq heç bir Fransa şirkətinin çökməsinə yol verməyəcəyini deyib.
Almaniya kansleri Angela Merkel bütün dini mərasimlərə qadağa qoyub və vətəndaşları ölkə daxilində planlaşdırılan bütün səfərlərdən imtina etməyə çağırıb.
Klublar, barlar, əyləncə və idman kompleksləri, zooparklar və oyun meydançaları bağlanıb. Restoranlara masalar arasında maksimum məsafəni təmin etmək və iş vaxtını məhdudlaşdırmaqla bağlı göstəriş verilib.
Məktəblər artıq bir neçə gündür ki, bağlanıb, tədrislə bağlı başqa planlar da təxirə salınıb. Almaniyada 7 minə yaxın insan virusa yoluxub. Ölkə boyunca 14 ölüm hadisəsi qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı Avropanı virusun yeni episentri elan edib.