Pakistanlı komandan Azərbaycanda hərbi hissəyə gəldi

2-12-2022, 16:17

Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Məhəmməd Amcad Xan Niazinin ölkəmizdə səfəri davam edir.
Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.
Dekabrın 2-də admiral M.A.X.Niazinin rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.
Qonaqlara hərbi təhsil müəssisəsinin yaranma tarixi, əsas fəaliyyət istiqaməti və tədris prosesi barədə brifinq təqdim edilib.
Pakistan HDQ komandanı Hərbi İnstitutun “Fəxri qonaqlar kitabı"nı imzalayıb.

Sonra qonaqlar Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Dəniz Qüvvələri fakültəsindəki tədris prosesi və burada şəxsi heyət üçün yaradılan şəraitlə tanış olublar.
Daha sonra nümayəndə heyəti HDQ-nin N hərbi hissəsini ziyarət edib.
Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülərək ehtiram nümayiş etdirilib.

Qonaqlara hərbi hissənin fəaliyyəti, şəxsi heyətin hazırlıq prosesi və xidmət şəraiti haqqında ətraflı məlumat verilib.
Hərbi hissə ilə tanışlıqdan sonra dəniz piyadalarının istifadəsində olan silah və texniki vasitələrə baxış keçirilib.
Sonda hərbi hissənin ərazisindəki təlim poliqonunda sualtı hücum və sualtı müdafiə bölmələrinin dalğıclarının nümunəvi çıxışları nümayiş etdirilib.


İstifadəçi paneli