BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

15-11-2019, 16:54

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüb.
Asmedia.az
xəbər verir ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri oktyabrın sonu və noyabrın əvvəlində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: "Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa bu il martın 15-dən 16-na keçən gecə Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu Ermənistan Respublikası Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iyunun 28-də yaydığı məlumata görə, E. İbrahimov Azərbaycana, 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviç isə müvafiq olaraq qarşı tərəfə təhvil veriliblər.


İstifadəçi paneli