Qazaxıstanın Azərbaycana elit dağ atıcılarından ibarət ordu yaratmağa kömək təklif etməsi müsbət haldır. İki ölkə arasında bu mənada ciddi imkanlar da var. Hər iki ölkənin dağ relyefi arasındakı fərq ordular arasında təcrübə mübadiləsi üçün lazımi əsasdır.
Bu sözləri ASMEDİA.AZ-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov Qazaxıstan Müdafiə Nazirliyinin analitik mərkəzinin keçmiş komitə rəhbəri Georgi Dubovtsevin elit dağ atıcılarından ibarət ordunun yaradılması prosesində Nur-Sultanın Bakıya yardım edə biləcəyi haqda fikirlərini şərh edərkən deyib.
O bildirib ki, Azərbaycan Ordusu bu gün dünyanın ən güclü, ən müasir orduları sırasında 50-ci yerdədir:
“Bu nəticə olduqca yaxşıdır. Təbii ki, bu nəticənin əldə edilməsi üçün ordumuzda müntəzəm işlər gedir. Bunu təkcə biz demirik. Dünyanın bir çox hərbi statistik komitələri Azərbaycan Ordusunun gücünü lazımınca qiymətləndirir.
Azərbaycan Ordusu bu gün tez-tez dünyanın nüfuzlu ordu yarışlarında iştirak edir. Xüsusilə NATO və MDB ölkələrinin ordularının yer aldığı nüfuzlu turnirlərdə hər zaman qaliblər sırasındadır”.
Polkovnik qeyd edib ki, Azərbaycanın dağlıq ərazidə döyüş tapşırıqlarını yerinə yetirə bilən yeni dağ atıcıları xüsusi təyinatlı dəstələrini yaratması zəruri prosesdir:
“Çünki müharibə şəraitində olan bir ölkəyik. Azərbaycan Dağlıq Qarabağda antiterror əməliyyatı aparmaq üçün ordusunu müntəzəm olaraq döyüş vəziyyətinə gətirmə iqtidarındadır. Bu gün biz antiterror əməliyyatına başlasaq, təbii ki, bu əməliyyatlar dağlıq ərazilərdə daha çox olacaq. Çünki əməliyyatlar Dağlıq Qarabağda baş tutacaq. Azərbaycan Ordusu bu reallığı unutmur. Bu gün keçirilən hərbi təlimlər ordumuzun dağlıq ərazilərdə döyüş tapşırığını yerinə yetirmək təcrübəsini artırmağı hədəfləyir”.
Polkovnik qeyd edib ki, Azərbaycan Qazaxıstanla hərbi sahədə əməkdaşlıq edir və bundan sonra da edə bilər:
“Beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində Azərbaycan Silahlı Qüvvələri Rusiya, Pakistan, Hindistan və bir sıra digər ölkələrin Silahlı Qüvvələri ilə xüsusi dağ təlimlərində qarşılıqlı fəaliyyət göstərir. Bundan əlavə, ABŞ, Böyük Britaniya, Türkiyə və digər dövlətlərin hərbçiləri ilə birgə təlimlərdə iştirak edilir. Bu mənada Qazaxıstan ekspertinin təklifini müsbət qiymətləndirirəm. Çünki Azərbaycan Ordusu Qazaxıstan ordusunun bu sahədəki təcrübəsindən faydalana bilər”.
Qeyd edək ki, Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin analitik mərkəzinin keçmiş komitə rəhbəri, ehtiyatda olan polkovnik Georgi Dubovtsev Azərbaycanda tam yeni xüsusi təyinatlı dəstələrin (dağlıq ərazidə müəyyən döyüş tapşırıqlarını yerinə yetirə bilən dağ atıcıları) yaradılması ilə bağlı aktiv işlərin getdiyini deyib.