Britaniyanın Mİ-6 xarici kəşfiyyat xidmətinin eks-rəhbəri Con Soyersin iddiası sübuta yetirilsə, Çinə qarşı ciddi ölçüdə təzyiqlər olacaq. Belə olan halda Çin məhkəməyə verilə bilər. Bu proses rəsmi Pekinin külli miqdarda cərimələnməsi ilə yekunlaşa bilər.
Bu sözləri ASMEDİA.AZ-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli Britaniyanın Mİ-6 xarici kəşfiyyat xidmətinin eks-rəhbəri Con Soyersin Çin hakimiyyətinin koronavirus pandemiyasını dünya ictimaiyyətindən uzun müddət gizlətməsi haqda səsləndirdiyi fikirləri şərh edərkən deyib. O bildirib ki, Çinin rəqəmləri saxtalaşdırması ilə bağlı müxtəlif iddialar mövcuddur:
“Hətta Çinin ölü sayının azalması və pandemiya ilə mübarizədə əldə olunan nailiyyətlərlə bağlı yaydığı bəyanatın həqiqəti əks etdirməməsi haqda ciddi iddialar var. Lakin fikrimcə, bu iddialar əsassızdır. Ən azından bunu demək üçün Çinin iqtisadi itkilərinə baxmaq kifayətdir. Bu gün dünya iqtisadiyyatı durma nöqtəsinə gəlib. Çin də dünya iqtisadiyyatında önəmli bir rola sahibdir. Yəni Çin bunu gizlətsə belə, heç nə əldə edə bilməzdi. Çünki bütün hallarda Çin koronavirusdan ən çox iqtisadi itkiyə məruz qalan ölkədir”.
Ekspert vurğulayıb ki, hazırda Çin dünya bazarına tibbi ləvazimatlardan başqa heç nə təqdim edə bilmir:
“Digər bütün sahələrdə əməkdaşlıqlar dayandırılıb. Başqa bir nüans isə Çinin dünya birjalarındakı səhmlərinin ciddi şəkildə ucuzlaşmasıdır”.
Qeyd edək ki, Britaniyanın Mİ-6 xarici kəşfiyyat xidmətinin eks-rəhbəri Con Soyers Çin hökumətinin biznes əlaqələrini qorumaq üçün koronavirusu dünya ictimaiyyətindən uzun müddət gizlətdiyini iddia edib.