ASMEDİA.AZ
Milli Məclis Sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya yenidən formalaşdırılacaq.
Xatırladaq ki, adıçəkilən qurum 3 mart 2004-ci ildə yaradılıb və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiyanın səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur. Komissiyanın rəhbəri Ramiz Mehdiyevdir.
Əli Hüseynlinin sözlərinə görə, Komissiya hakimiyyətin 3 qolunun nümayəndələrindən ibarətdir: İcra hakimiyyəti, məhkəmə və qanunverici orqan. Eyni zamanda qurumda parlamenti 5 nəfər təmsil edir. “Bilirəm ki, yenidən Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası formalaşdırılır. Hesab edirəm ki, indiki siyasi konfiqurasiyanı nəzərə alıb, orada həm də digər siyasi partiya nümayəndələrinin də təmsil olunması əhəmiyyətli olardı”, - Ə.Hüseynli deyib.
Vitse-spikerin dediklərindən belə məlum olur ki, Komissiyanın Əsasnaməsi, tərkibi və rəhbərliyi dəyişəcək. Bu zaman Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev bu postdan uzaqlaşdırılacaq və qurum yeni tərkibdə, yeni rəhbərliklə fəaliyyət göstərəcək. PA rəhbəri Samir Nuriyevin ona rəhbərlik edəcəyi ehtimalı yüksəkdir.
Xatırladaq ki, adıçəkilən qurum mövcud olsa da, faktiki fəaliyyətsiz olub. Ötən il Komissiyanın cəmi 2 iclası keçirilib, bu il isə ümumiyyətlə hər hansı toplantısı, bəyanatları olmayıb. Ölkədə korrupsiya və rüşvətxorluğa qarşı həyata keçirilən genişmiqyasılı tədbirlərdə Komissiyanın səssiz qaması ən azından təəccüb doğurur.
Görünür, ölkə rəhbərliyi bu qurumun tərkibini, rəhbərliyini dəyişməklə onu aktivləşdirmək, korrupsiyaya qarşı mübarizədə faydalı iş əmsalını artırmağa çalışır.
Amma bu prosesdə başqa maraqlı məqamlar da var. Bu, Azərbaycan hökumətinə Komissiyanın tərkibi ilə bağlı verilən beynəlxalq tövsiyələrdən ibarətdir.
Belə ki, 2017-ci ildə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya IV Monitorinq Raundu çərçivəsində Azərbaycan üçün qəbul edilmiş hesabatında tövsiyə olunub ki, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının tərkibinə vətəndaş cəmiyyətindən nümayəndələr daxil edilsin. Bundan başqa yenə həmin ildə Avropa Şurasının Korrupsiya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun 3-cü raund dəyərləndirmə çərçivəsində Azərbaycan üzrə qəbul etdiyi yekun hesabtda da bu tövsiyə əksini tapıb.
Azərbaycan Prezidentinin 27 fevral 2020-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda (5.4-cü bənd) dövlət orqanlarında kollegial qərarların qəbulu prosedurlarında, dövlət komissiyaları və işçi qruplarda vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının iştirakının və təmsilçiliyinin genişləndirilməsi ilə bağlı tədbilərin həyata keçirilməsi nəzərdə tutulub. İcraçı dövlət qurumları kimi Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutlub. Həmçinin Milli Məclisə tövsiyə edilib.
Bəs yeni Komissiya formalaşarkən, bu tövsiyə nəzərə alınaraq vətəndaş cəmiyyətinin təmsilçiliyinə şərait yaradılacaqmı?
Hüquq və İnkişaf İctimai Birliyinin sədri, tanınmış hüquqşünas Hafiz Həsənov "AzPolitika.info"-ya şərhində bildirib ki, Komissiyanın tərkibinin yenidən formalaşdırılmasında siyasi partiyaların iştirakına dair Milli Məclis Sədrinin I müavini Əli Hüseynlinin açıqlaması düzgün yanaşmadır. Bununla yanaşı, bu Komissiyanın tərkibində və onun işçi qruplarında qeyri-hökumət təşkilatlarının təmsilçiliyi də olduqca vacibdir: "Son proseslər, o cümlədən məmurların həbsləri də bunu bir daha göstərdi ki, idarəetmədə və dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətdə vətəndaş cəmiyyətinin iştirakına çox böyük ehtiyac vardır. Həmçinin, Prezident İlham Əliyev də öz çıxışlarında hər dəfə ictimai nəzarətin vacibliyini və əhəmiyyətini xüsusi qeyd edir. Eyni zamanda korrupsiya ilə mübarizə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların tövsiyələrində də, korrupsiya ilə mübarizə sahəsində və bu sahədə fəaliyyət göstərən dövlət qurumlarında vətəndaş cəmiyyətinin iştirakçılığı önə çəkilir".
Hafiz Həsənov xatırladır ki, bunlardan əlavə “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda da dövlət komissiyalarında və işçi qruplarında vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının iştirakının və təmsilçiliyinin genişləndirilməsi ayrıca fəaliyyət kimi nəzərdə tutulub. "Bütün bunlardan çıxış edərək belə hesab edirəm ki, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının tərkibində və onun işçi qruplarında qeyri-hökumət təşkilatlarının da təmsilçiləri olmalıdır və indiki halda qeyri-hökumət təşkilatlarında bu təmsilçiliyə potensialı olan şəxslər və resurslar var", - deyə hüquqşünas vurğulayıb.