O, üzr istədi və Milli Şuradan istefa verdi

21-05-2020, 18:24

Hüquqşünas Namizəd Səfərov Milli Şuradan istefa verib.
ASMEDİA.AZ xəbər verir ki, bu barədə N.Səfərov Feysbuk hesabında yazıb.
O, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri tərəfindən səsləndirilmiş ifadələrin cəmiyyət tərəfindən heç cür qəbul edilmədiyini bildirib:
“Milli Şuranın nüfuzuna ağır zərbə dəydi. Milli Şuranın Koordinasiya Mərkəzinin iki üzvü onlara qarşı yönəlmiş hücumlar qarşısında istefa verməyə məcbur oldu. Baş verənlərlə bağlı dərin təəssüf hissi keçirməklə yanaşı, mənim də üzərimə ağır məsuliyyət düşdüyünün fərqindəyəm. Belə ki, uzun müddətdən bəri müxalifətin əsas mübarizə cəbhəsi hesab olunan Milli Şuranın nüfuzuna başqları tərəfindən deyil, özümüz tərəfindən xələl yetirilmişdir. Bir daha qeyd edim ki, baş verənlərlə bağlı dərin təəssüf hissi keçirirəm. Buna görə həm özüm, həm də bəzi dostlarım tərəfindən siyasi opponentlərimizin ünvanına işlədilmiş yolverilməz ifadələrə görə hamıdan üzr istəmək məcburiyyətində qalıram. Milli Şura üzvlərinin Qərb dəyərlərinə münasibətdə milli mənəvi dəyərlərə hörmətsiz yanaşması, ölkənin digər siyasi təşkilat və ictimai-siyasi xadimlərinə qarşı barışmaz münasibət bəsləməsi ilə bağlı ünvanımıza söylənən tənqidi fikir və mülahizələrlə razılaşa bilməsəm də, öz dilimizdən səslənmiş fikir və ifadələrdən müdafiə olunmaq o qədər də asan deyil. Baş verənləri özüm-özümlə dəfələrlə müzakirə edib, günlərlə araşdırmaqla özümə heç cür bəraət qazandıra bilmirəm. Bütün bunları nəzərə alaraq, yaranmış vəziyyətdə fəaliyyətimin Milli Şura tərkibində davam etdirilməsini qeyri-mümkün hesab edərək, Milli Şura tərkibindən istefa verirəm”.
Qeyd edək ki, sözgedən videonun yayılmasından sonra Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev və Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şuradan istefa verib.


İstifadəçi paneli