Putinin şok tapşırığı: Rövşən və Quli niyə Türkiyədə öldürüldü?

20-08-2020, 20:11

Sabiq polis rəisi, ekspert-kriminalist Mahmud Hacıyevin bu gün gecə saatlarında Antalyada qətlə yetirilən Lotu Qulinin ölümü ilə bağlı ASMEDİA.AZ-a müsahibəsi:
- Sizcə, bu qətlin səbəbi nədir?
- “Vorzakon” və ya “qanuni oğru” dediyimiz şəxslərin vahid bir amalı, hədəfi, əqidəsi olmur. Bu şəxslər daha çox klanlar və ya qruplaşmalar halında müəyyən sahələrə nəzarət edirlər. Məhz qeyd etdiyim sahələr uğrunda vaxtaşırı bir-biri ilə konfliktə girirlər. Adətən bu mübahisələr bir klanın və ya qruplaşmanın digərinin ərazisinə girməsi, keçirilən “sxodka”larda yaranan konfliktlər, eyni zamanda klan üzvlərindən birinin qətli səbəblərindən yarana bilir. Yəni bu şəxslər və nəzarət etdikləri qruplar arasında vahid birlik və ya sabitlik olmur. Qeyd etdiyim mübahisələrin kulminasiya nöqtəsi isə Lotu Quli kimi klan başçılarının ölümü ilə nəticələnir.
Lotu Qulinin qətlinə gəldikdə isə onu deyə bilərəm ki, ümumiyyətlə, kriminal aləmdə digər qanuni oğrulara nəzərən ona qarşı münasibət heç də yaxşı olmayıb. Elə o özü də bir çox qanuni oğru ilə düşmənçilik edirdi. Lotu Quliyə qarşı bu cür aqressiyanın, düşmənçiliyin olmasının əsas səbəbi onun özü ilə bağlı idi. Bildiyiniz kimi, qanuni oğruların yazılmamış qanunları var. Bu qanunlara bütün qanuni oğrular riayət etməlidir. Lotu Quli bir çox hallarda bu qanunların bir çoxu ilə razılaşmır, hətta riayət etmirdi. Buna görə də bu gün, ya sabah onun qətlə yetiriləcəyi gözlənilirdi.
- Lotu Qulinin mərhum qanuni oğru Rövşən Lənkəranskinin qətlinin (18 avqust 2016-cı) ildönümündən bir gün sonra öldürülməsi bu hadisənin Rövşənin qisası olması haqda fikir yaradıb. Qulinin ölümü ilə bağlı diqqət çəkən bir digər məqam da həmin tarixdə, daha doğrusu, avqustun 18-də daha bir azərbaycanlı kriminal avtoritetin - “Qoca Yasamalski” ləqəbli Əlibala Həmidovun öldürülməsidir. Sizcə, bu şəxslərin qətlləri arasında bir bağlantı varmı?
- Düşünmürəm ki, bu şəxslərin qətlləri arasında hansısa bir bağlantı var. Tarixlərə gəldikdə isə bu, sadəcə, təsadüf də ola bilər. Bilirsiniz, belə məqamlar hər zaman olub, olacaq da. Tarixdə bir çox hökmdarların ölümü də eyni tarixdə olub və ya gündəlik həyatımızda baxırsan ki, bir ailənin 3 üzvü müxtəlif illərdə, lakin eyni ayda rəhmətə gedir. Yəni bu kimi hadisələrin eyni tarixlərə təsadüf etməsinin arxasında xüsusi bir səbəb dayanmaya da bilər.
Lakin diqqət yetirsəniz, görərsiniz ki, həm Rövşən Lənkəranski, həm də Lotu Quli məhz Türkiyədə qətlə yetirilib. Bunun isə xüsusi bir səbəbi var. Bildiyiniz kimi, postsovet məkanında qanuni oğruların ən çox yığıldığı, xüsusi tədbirlər keçirdiyi, hətta fəaliyyət göstərdiyi əsas ölkə Rusiya idi. Ukrayna, Belarus kimi böyük ölkələrin qanuni oğruları da bu ölkəyə üz tuturdular. Lakin Vladimir Putin faktiki olaraq qanuni oğrulara qarşı bir müharibə açdı.
Putin özü də xüsusi xidmət orqanlarından çıxmış təcrübəli və peşakar zabitdir. Həm bu aləmi, həm də qanunlarını yaxşı bilirdi. Digər tərəfdən, qanuni oğruların Rusiyada çoxalması həm ölkə iqtisadiyyatını, həm də dövlət idarəetməsini ciddi mənada zəiflətmişdi. Yəni qanuni oğrular, sadəcə öz aralarında münaqişə etmir, bir çox tanınmış dövlət adamlarını dəstəkləyərək vəzifəyə gəlməsini təmin edirdi. Bu isə faktiki olaraq qanuni oğruların özlərini dövlət qarşısında toxunulmaz hala gətirirdi.
Putin məhz buna görə ölkədə olan bütün qanuni oğrulara müharibə açdı, hətta onu da deyim ki, qanuni oğruların yazılmamış qanularından birini dəyişdirmələrinə nail oldu. O, polislərə qanuni oğrulara yaxınlaşanda onlardan qanuni oğru olub-olmadığını soruşmasını tapşırdı. Əgər şəxs qanuni oğru olduğunu desə, həbs edilirdi, demədisə, bu zaman onun qanuni oğru adı digərləri tərəfindən tanınmırdı. Çünki qanuni oğrular bu adı dana bilməzlər. Məhz bundan sonra qanuni oğrular həm öz yazılmamış qanunlarında bu məsələni əsas gətirərək dəyişiklik etdi, həm də daha fərqli ölkəyə - Türkiyəyə getməyə başladılar. Rövşən Lənkəranski və Lotu Qulinin Türkiyədə öldürülməsinin səbəbi də budur.


İstifadəçi paneli