İFADƏ-SÖZ AZADLIĞININ MƏHKƏMƏSİDİR !

26-08-2020, 17:39


Bu gün Füzuli rayon Məhkəməsində RealMedia.az saytının baş redaktoru Ramin Məhəmmədoğluna qarşı qaldırılmış mülki iş üzrə şikayətə baxılacaq. Bu barədə baş redaktor özü məlumat verib. O bildirib ki, iddiaçı “Veteks 2017” MMC – nin təsisçisi Aslanov Vüqar Məzahir oğludur.
V. Aslanov Füzuli rayon məhkəməsində baş redaktora qarşı “şərəfin, ləyəqətin və işgüzar nüfuzu ləkələyən məlumatların yayılmasına görə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edib və bu gündə həmin iddia üzrə məhkəmə prosesi keçiriləcək.
Baş redaktor onu da bildirib ki, iddiaçı ona qarşı  şikayət ərizəsi ilə məhkəməyə müraciət etməyinə baxmayaraq, şikayətin heç bir hüquqi əsası yoxdur. Və hesab edir ki, buna görə də hakim həmin iş üzrə şikayəti rədd etməlidir. Yenə də qərar məhkəmənindir!
Məhkəmə saat 15:30 – da  Horadiz şəhəri, Füzuli Rayon Məhkəməsinin inzibati binasında keçiriləcək.
Redaksiyadan: Vüqar Aslanovun təsisçisi olduğu “Veteks 2017” MMC uzun illərdir ki, Beyləqanda keçirilən tenderlərin “əzəli və əbədi qalibi”dir. Məhz bu üzdən də baş redaktor “Veteks 2017” MMC – nin 2016-cı ildən 2020-ci ilə qədərki dövrü əhatə edən fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə rəsmi müraciət ünvanlaraq şirkətin fəaliyyətinin yoxlanılmasını xahiş etmişdir. Və hazırda onun müraciəti ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilkin araşdırmalar aparılır.


İstifadəçi paneli