Ermənistan silahlı qüvvələrinin zərbələri nəticəsində dinc əhalinin əmlakına ciddi ziyan dəyir

4-10-2020, 18:00

Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından, raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir, dinc əhalinin, eləcə də dövlət əmlakına ciddi ziyan vurmaqda davam edir.
Bu barədə “asmedia.az”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində Tərtər şəhərində vətəndaşa məxsus fərdi yaşayış evi və həyətyanı sahədəki təsərrüfat obyektinin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əraziyə cəlb olunmuş müvafiq qüvvələri tərəfindən yanğının keçdiyi yaxınlıqdakı fərdi yaşayış evinin böyük hissəsi yanğından mühafizə olunub.
Düşmənin atdığı mərmi səbəbindən Tərtər şəhərində yerləşən ikimərtəbəli yaşayış binasında iki mənzildə yanğın baş verib. Mənzillərin bir hissəsi yanğından mühafizə olunub.
Həmçinin Tərtər şəhərində vətəndaşa məxsus fərdi yaşayış evinin dam örtüyü və tavanının yanar konstruksiyaları, başqa bir vətəndaşa məxsus evin isə dam örtüyünün yanar konstruksiyaları yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub.
Bundan başqa, mərmi düşməsi nəticəsində Tərtər şəhərində 7 fərdi yaşayış evində, eləcə də 1 ticarət obyektində yanğın baş verməsi barədə məlumat daxil olub. Lakin ərazi düşmən tərəfindən intensiv atəş altında saxlanıldığından yanğınlara müdaxil edilməsi mümkün olmayıb.
Beyləqan şəhərində düşmənin atdığı mərmi vətəndaşa məxsus evi tamamilə və zərbənin təsirindən yaxınlıqdakı 2 fərdi yaşayış evinin dam örtüyünün konstruksiyalarını dağıdıb. Əraziyə cəlb olunmuş FHN Mülki müdafiə qoşunları, Muğan Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən dağıntılar altından 2 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.


İstifadəçi paneli