“Bu, açıq-açığına onları Azərbaycana qarşı gələcək “Artsax uğrunda mübarizə”də partizan-diversiya savaşına hazırlamaq deyilmi?..”
“Biz Rusiya hərbçilərinə tez –tez "bizim sülhməramlılarımız" deyirik”- Vladimir Qriqoryan
“Rusiya sülhməramlı kontingentinin hərbçiləri Dağlıq Qarabağın bütün bölgələrindən olan uşaqlar üçün dağlarda sağ qalmağın əsasları öyrədilən "gənc döyüşçü" kursu keçiriblər.
Dağlıq Qarabağın Mardakert rayonunun Tsmakahox icmasındakı idman və turizm düşərgəsi bazasında 13-18 yaş arası uşaqlarla praktiki dərslər keçirilib”.
ASmedia.az xəbər verir ki, bu sətirlər Rusiya Federasiyasının Azərbaycan torpaqlarında rəsmən “sülhməramlı” adı altında müvəqqəti(?) yerləşdirilmiş hərbi kontingentinin 14 avqust Moskva vaxtı ilə səhər saat 05:00 üçün yaydığı məlumatdandır
Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı “Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağda” bölməsində yayılmış məlumatda daha sonra belə deyilir:
“Rusiya sülhməramlıları məktəblilərə Dağlıq Qarabağdakı missiyalarını izah edib, uşaqlara istehkamçılar tərəfindən yoxlanılmamış ərazilərdə oyunların gətirə biləcəyi təhlükələr, habelə ilk tibbi yardımın göstərilməsi üsulları haqda danışıblar.
“Bu gün rusiyalı sülhməramlılar uşaqlar üçün idman və turizm düşərgəsində olublar. Burada uşaqları sülhməramlı kontingentin fəaliyyəti ilə tanış etmək üçün dərslər keçiriblər və ilk tibbi yardım məşğələləri keçiriblər. Yarışlar zamanı uşaqlar praktik olaraq əldə etdikləri bilikləri təcrübədə icra ediblər. Rusiya sülhməramlıları uşaq və gənclər idman düşərgələri ilə qarşılıqlı əlaqəni davam etdirəcəklər " - deyə Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Aleksandr Korolyov bildirib"...
“Gənc döyüşçü” kursu müxtəlif yaş qruplarından olan uşaqlar arasında maneələr zolağını və kəndirlər ilə dırmanma divarını keçmək yarışları ilə başa çatıb...
"Rus sülhməramlıları ilə bütün sahələrdə əməkdaşlıq etməyə və təmas qurmağa çalışırıq. Biz onlara tez –tez "bizim sülhməramlılarımız" deyirik. Düşərgə - birlikdə layihələr və ideyalar təşkil edə biləcəyiniz əla bir platformadır. Bu halda fənlər və ixtisaslar üzrə dəstək verilməsi xahişi ilə rəsmi olaraq Rusiya sülhməramlı kontingentinin komandanına müraciət etdik. Söhbət ilk növbədə ilk tibbi yardımın göstərilməsi, oriyentasiya və idman və intellektual tədbirlərinin təşkilindən gedirdi. Bütün bunlar tez və səmərəli şəkildə təşkil edildi...” - idman və turizm düşərgəsinin direktoru Vladimir Qriqoryan deyib”- sitatın sonu...
Zəruri arayış:
“Tsmaqahox” - əslində Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dovşanlı kənd inzibati ərazi dairəsindəki Bazarkənd kəndidir. Xaçın çayının sahilində, Qarabağ silsiləsinin ətəyindədir. XIX əsrdə İrandan köçüb gəlmiş ermənilər burada yerləşdikdən sonra kəndin adı dəyişdirilərək Tısmaqa - hoğ, (ermənicə "meşə yeri") kimi rəsmiləşdirilmişdi. Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Tsmaqahox olub. 1992-ci ildə kəndin keçmiş adı bərpa edilib. Etnotoponimdir.
Bazarkənd - 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 Noyabr razılaşmasından bəri Rusiya sülhməramlı hərbi kontingentinin nəzarətindədir...
Zəruri şərh:
Həm başı son günlər Jirinovski-İsfəndiyar söhbətinə bərk qarışmış Azərbaycan ictimaiyyətinə, həm də müstəqil(!) dövlətimizin rəsmi qurumlarına müraciət edirik:
Rusiya sülhməramlı(?) kontingentinin son rəsmi məlumatından hansı nəticəyə gəldiniz? Erməni yeniyetmə və gənclərinə “dağlarda sağ qalmağın əsasları öyrədilən "gənc döyüşçü" kursu keçmək” nə deməkdir? Bu, açıq-açığına onları Azərbaycana qarşı gələcək “Artsax uğrunda mübarizə”də partizan-diversiya savaşına hazırlamaq deyilmi?..