Ermənistanın yeni xarici işlər naziri Ararat Mirzoyan Moskvaya səfər edəcək.
Avqustun 31-də A. Mirzoyanın rusiyalı həmkarı Sergey Lavrovla görüşü olacaq.
Görüşdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il razılaşmalarının icrası vəziyyəti müzakirə olunacaq. Bu kontekstdə nazirlər humanitar, habelə Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyaların açılması məsələlərini müzakirə edəcəklər.
Bundan başqa, Rusiya-Ermənistan əməkdaşlığının bütün sahələr üzrə inkişafı istiqamətində atılacaq addımların, MDB, KTMT və Avrasiya İqtisadi İttifaqı çərçivəsində münasibətlərin genişləndirilməsinin, habelə BMT, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində mövqelərin koordinasiyasının da müzakirəsi planlaşdırılır.
Rusiya XİN-in məlumatında qeyd olunur ki, bu, A. Mirzoyanın xarici işlər naziri vəzifəsində ilk xarici səfəridir.
Qeyd edək ki, Ermənistan parlamentinin sabiq spikeri A. Mirzoyan avqustun 19-da xarici işlər naziri təyin olunub.