İlham Əliyev və xanımı Zəngilanda

19-10-2022, 19:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan rayonunda da olublar.
ASmedia.az xəbər verir ki, dövlət başçısı və birinci xanım Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi və sakinlərlə görüşüb, Arximed turbini tipli Su Elektrik Stansiyasını işə salıb, Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olub, Zəngilan şəhərində ilk yaşayış binasının və məktəbin təməlqoyma mərasimlərində iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar.
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov dövlətimizin başçısına və birinci xanıma hava limanı barədə məlumat verdi.
Bildirildi ki, Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən geniş gövdəli ağır yük təyyarələrini qəbul edəcək.
Perronun sahəsi 60 min kvadratmetrdir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.
Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malik olacaq. Terminal daxilində VIP-zal, kafe, tibb məntəqəsi və ofis otaqları mövcuddur.
Aeroportda tam avtomatlaşdırılmış hava hərəkətinə nəzarət və aviasiya rabitəsi sistemləri ilə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi tikilib.
Uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün ICAO-nun beynəlxalq tələblərinə uyğun olaraq İtaliyanın və Almaniyanın aparıcı istehsalçılarının müasir aeronaviqasiya dəstək sistemləri tətbiq edilib. Qısa müddətdə ILS/DME instrumental eniş sistemləri, VOR/DME marşrutu üzrə hava gəmisi naviqasiya vasitələri, avtomatlaşdırılmış aviasiya və meteoroloji müşahidə sistemləri, ilkin və ikinci dərəcəli radar sistemləri quraşdırılaraq istifadəyə verilib. Bütün sistemlər ICAO və Eurocontrol-un beynəlxalq aviasiya kataloqlarında qeydiyyatdan keçib.
Zəngilan Beynəlxalq Hava Limanının ərazisində yardımçı binalar, transformator binası, qazanxana və su çənləri inşa edilib.
Uzunluğu təxminən 10 kilometr olan 35 kilovoltluq ikidövrəli elektrik kabel xətti çəkilib. 230 metr dərinlikdə artezian quyusu qazılaraq su çıxarılıb.
Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika mərkəzində çevriləcəyi günü yaxınlaşdırmaqdadır.
Onu da deyək ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilanda Arximed turbini tipli Su Elektrik Stansiyasının işə salınması mərasimində iştirak ediblər.
Kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına və birinci xanıma stansiya barədə məlumat verib.
Bildirildi ki, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində keyfiyyətli ekoloji mühitin yaradılması və enerjidən səmərəli istifadə edilməsi üçün dayanıqlı enerji mənbələrinə üstünlük verilib.
Bu baxımdan, kəndin dayanıqlı enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində Almaniyanın “Rehart GmbH” şirkəti tərəfindən istehsal olunan və hər biri 212 kilovat olmaqla 3 hidravlik turbindən və müvafiq hissələrdən ibarət Arximed turbini tipli Su Elektrik Stansiyası inşa edilib. Üç ədəd generatorun quraşdırıldığı stansiya Ağalı kəndinin elektrik enerjisinə tələbatını tam təmin etmək gücünə malikdir.
Arximed qurğusunun digər enerji istehsal sistemləri ilə müqayisədə ən böyük üstünlüyü ondan ibarətdir ki, təzyiqsiz sudan enerji istehsal edə bilir, asan quraşdırılır və iqtisadi baxımdan sərfəlidir.
Prezident İlham Əliyev Stansiyanı işə salıb.
Diqqətə çatdırıldı ki, balıqların Arximed turbinlərinin içindən keçə bilməsi və elektrik enerjisinin balıq ölümünə səbəb olmadan istehsal edilməsi ətraf mühitin qorunması baxımından xüsusi əhəmiyyətə malikdir.
Qeyd edək ki, Arximed turbinlərinin istismar müddəti 50-60 il proqnozlaşdırılır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan şəhərində ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak ediblər.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına və birinci xanıma binanın daxil olduğu yaşayış məhəlləsi barədə məlumat verib.
Bildirildi ki, ümumi sahəsi 2.06 hektar olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Zəngilan şəhərinin mərkəzi küçəsində, məktəb və biznes zonanın yaxınlığında yerləşəcək, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun olacaq. Bu məhəllədə ümumilikdə 10 bina tikiləcək. Bunlardan 6-nın ikimərtəbəli, 4-nün isə üçmərtəbəli olması planlaşdırılır.
Məhəllədəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən də istifadə ediləcək.
Tədbirdə yaşayış məhəlləsi barədə videoçarx nümayiş olunub.
Dövlətimizin başçısı Zəngilan şəhərində ilk yaşayış binasının təməlini qoyub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan şəhərində məktəb binasının təməlqoyma mərasimində iştirak ediblər.
Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma 960 şagird yerlik tam orta məktəbin binası ilə bağlı məlumat verilib.
Bildirildi ki, Zəngilan şəhərinin mərkəzində, yaşayış kompleksinin yaxınlığında inşa olunacaq məktəbin ərazisi 1,6 hektar sahəni əhatə edəcək. Üçmərtəbəli məktəb modul siniflərdən, böyük amfiteatrdan, açıq sinif otaqlarından, oyun, idman meydançalarından və giriş hissədən ibarət olacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il sentyabrın 7-də Zəngilan şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Dövlətimizin başçısı təhsil müəssisəsinin təməlini qoyub.


İstifadəçi paneli