Azərbaycanda bu qida məhsulları bahalaşdı

12-07-2023, 13:27

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin yanvar-iyun aylarına nisbətən 112,7 % təşkil edib. Halbuki, yanvar-may aylarının yekununda illik inflyasiya 13,1% olmuşdu.

Dövlət Statistika Komitəsindən Asmedia.az-a verilən məlumata görə, istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 115,1 %, qeyri-ərzaq məhsulları üzrə 111,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,5 % təşkil edib.

Ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,1 %, ötən ilin iyun ayına nisbətən isə 110,6 % olub.

İyunda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi aprellə müqayisədə 97,9 %, ötən ilin iyun ayına nisbətən isə 111,5 % təşkil edib. Ayrı-ayrı ərzaq məhsullarından daha çox azalma qarabaşaq yarmasının, çörəyin, unun, təzə balığın, sterilizə olunmuş üzlü südün, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, əriyin, gilasın, çiyələyin, bananın, xiyarın, pomidorun, bibərin, badımсanın, göy lobyanın, sarımsağın, soğanın, kartofun, yerkökünün, mərcinin, artım isə əsasən yumru düyünün, mal və qoyun ətinin, xamanın, zeytun yağının, limonun, kələmin, çuğundurun, şəkər və şəkər tozunun, kola içkisinin, limonadın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,1 %, ötən ilin iyun ayına nisbətən 110,3 % olub. Qeyri-ərzaq məhsullarından artım əsasən velosipedlərin, sabunların, şampunların, azalma isə kəsilmiş taxtaların, yazı kağızlarının və planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyunda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,1 %, ötən ilin iyun ayına nisbətən 109,8 % təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma və minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi xidmətlərinin qiymətlərində, azalma isə ölkədən kənara istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


İstifadəçi paneli