Ağdam şəhərinin daxili yollarının inşaat işlərinin 2026-cı ildə yekunlaşması nəzərdə tutulub.
ASMEDİA xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) avtomobil yollarının istismarı və təmiri idarəsinin böyük mütəxəssisi Məmməd Məmmədov deyib.
O bildirib ki, Ağdam şəhərinin Baş planına əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 km təşkil edir:
“Şəhərin yol və kommunikasiya şəbəkəsinin təməli Prezident tərəfindən 2022-ci ilin oktyabrında qoyulub. Şəhərin daxili yolları 2 və 8 hərəkət zolaqlı olmaqla 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub”.
M. Məmmədovun sözlərinə görə, 189,7 km-lik yolun 17,5 km hissəsində 6-8 zolaqlı olmaqla torpaq yatağının eni 55-60 metr, 50 km hissəsində torpaq yatağının eni 35-40 metr olmaqla hərəkət zolaqlarının sayı 4 ədəd, 122,2 km hissədə isə hərəkət zolaqlarının sayı 2 olmaqla torpaq yatağının eni 20-24 metr təşkil edəcək:
“Gördüyünüz kimi, artıq tikinti işlərinə başlanıb. Birinci mərhələ üzrə avtomobil yollarının 58,7 km-lik hissəsinin tikintisi nəzərdə tutulub. Ümumilikdə isə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə yekunlaşdırılması nəzərdə tutulub”.