Güləş millilərimiz 2019-cu ildə nə qədər medal qazanıb?

30-12-2019, 21:18

Asmedia.az Oxu.Az-a istinadən ilin yekun hesabatını diqqətinizə çatdırır.

Böyüklər
2019-un ilk yarısı böyüklər üçün yetərincə uğurlu keçdi. Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında pəhləvanlarımızın qazancı beş qızıl, bir gümüş və yeddi bürünc medal oldu. Belarusda baş tutan II Avropa Oyunlarında da güləşimiz öz çəkisini ortaya qoydu. Komandamız Minskdən dörd qızıl, iki gümüş və yeddi bürünc medalla qayıtdı. Sözsüz, əsas hədəf lisenziya xarakterli dünya çempionatı sayılırdı. Məqsəd Qazaxıstanda Olimpiadaya mümkün qədər çox vəsiqə qazanmaq idi. Etiraf edək ki, Nur-Sultanda bu mənada gözlənilən nəticə olmadı. Ümumilikdə iki lisenziya əldə edildi. Ancaq medalların sayına və əyarına görə cari olimpiya tsiklinin rekordu qeydə alındı. Belə ki, bir “qızıl”, üç “gümüş” və iki “bürünc” 2015-ci ildən bu yana mundiallarda qazanılan ən yüksək nəticə idi. Güləşçilərimiz Hərbçilərin Dünya Oyunlarında iki gümüş, bir bürünc, Dünya Çimərlik Oyunlarında isə iki gümüş medala sevindi. Digər beynəlxalq yarışlarda 15 qızıl, 26 gümüş, 27 bürünc medal hesabımıza yazıldı. Beləliklə, böyüklərdə il ərzində 25 “qızıl”, 36 “gümüş” və 44 “bürünc” əldə edildi.

Gənclər
İspaniyanın Pontevedra şəhərində baş tutan Avropa çempionatında gənc güləşçilərimiz iki qızıl, iki gümüş və iki bürünc medalla yadda qaldı. Estoniyanın paytaxtı Tallində keçirilən dünya çempionatında isə altı pəhləvanımız fəxri kürsüyə qalxdı. Onlardan ikisi gümüş, dördü bürünc medalı boynundan asdı. Digər beynəlxalq yarışlara gəlincə, qazanılan 15 medaldan üçü qızıl, beşi gümüş, doqquzu isə bürünc oldu. Ümumilikdə bu yaş qrupunda il ərzində beş qızıl, doqquz gümüş və 15 bürünc medal qazanıldı.

Yeniyetmələr
Bu yaş qrupu üçün 2019 xüsusən yaddaqalan oldu. Yeniyetmə güləşçilərimiz ən mühüm yarışlarda ümidləri artıqlamasıyla doğrultdu. İtaliyanın Faentsa şəhərində keçirilən Avropa çempionatında dörd dəfə himnimiz səsləndi. Üç yeniyetmə pəhləvanımız qitə ikincisi oldusa, səkkiz yığma üzvü üçüncü yeri tutdu. Qeyd etmək yerinə düşər ki, bu nəticə son beş ilin ən yaxşı göstəricisidir. İyunun sonlarında keçirilən 15 yaşadək güləşçilərin anoloji yarışında qazancımız üç “qızıl”, iki “gümüş” və yeddi “bürünc” oldu. Yeniyetmə güləşçilərimizin əsas sınağı iyulda Bakıda təşkil olunan Avropa Gənclərinin Yay Olimpiya Festivalıydı (EYOF). Gözləniləndən də uğurlu çıxış edən pəhləvanlarımız güləşin gələcəyinin parlaq olduğunu növbəti dəfə isbatladı. Təsadüfi deyil ki, yarışda iştirak edən 18 güləşçidən 16-sı fəxri kürsüyə qalxdı. Paytaxtımızda səkkiz dəfə himnimiz səsləndi. Beş nəfər ikinci, üç nəfər isə üçüncü pillədə qərarlaşdı. EYOF-dan bir neçə gün sonra yeniyetmələr Bolqarıstana yollandı. İki yarış arasında intervalın az olması Sofiyada optimal heyətlə və tam güclə mübarizə aparmağa imkan vermədi. Buna baxmayaraq, üç yeniyetmə güləşçimiz dünya çempionu olmağı bacardı. Mundialda daha iki gümüş və iki bürünc medala da sevindik. Digər beynəlxalq turnirlərdə yeniyetmələrin qazancı üç “qızıl”, altı “gümüş” və səkkiz “bürünc” oldu. İlboyu bütün yarışları nəzərə alanda 21 qızıl, 18 gümüş və 28 bürünc medalın əldə edildiyini söyləyə bilərik.


İstifadəçi paneli