“Qarabağ” qrupdan necə çıxa bilər?

8-11-2019, 06:29

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" qrup mərhələsinin IV turunda səfərdə APOEL-ə 1:2 hesabıyla uduzmaqla işini çətinə salıb.
"Asmedia.az" xəbər verir ki, Ağdam təmsilçisinin qrupdan çıxıb-çıxmayacağı müzakirələrə səbəb olub.
Nəzərə alaq ki, "Sevilya"nın 1/16 finala vəsiqəni təmin etdiyi qrupda həm APOEL, həm də "Qarabağ"ın 4 xalı var. Amma şəxsi oyunlara görə üstünlük Kipr təmsilçisinin xeyrinədir.
Bəs, "Qarabağ" qrupdan necə çıxa bilər? 
Ağdam təmsilçisini növbəti turda çətin "Sevilya" səfəri gözləyir. İspanların qrupdan çıxmağı təmin etməsi "Qarabağ"ın işinə yaraya bilər. Çətindir, amma Qurban Qurbanovun komandası səfərdən məğlub olmadan qayıtsa, bu, "Qarabağ" üçün göydəndüşmə olacaq. Buna ümid çox olmasa da, ağdamlıların Çempionlar Liqasının qrupunda səfərdə "Atletiko"dan xal aldığını xatırlatmaqda fayda var.
Gələn tur isə APOEL "Düdelanj"ın qonağı olacaq. Psixoloji üstünlük Kipr klubunda olsa da, "Düdelanj" qrupun son ev matçında yerli azarkeşləri məmnun salmağa çalışacaq. İlk turda APOEL üzərində 4:3 hesablı qələbə qazanaraq sürprizə imza atan "cırtdanlar"ın yenidən kiprlilərə başağrısı olacağını düşünmək olar. Hər halda ümid "Düdelanj"adır. Qarşılaşma heç-heçə bitsə, "Qarabağ" da "Sevilya" oyunda uduzsa, o zaman APOEL 1 xal önə keçəcək. 
Sözsüz ki, qrup ikinciliyinin taleyinə son turda aydınlıq gələcək. Qrupun son turunda isə "Qarabağ" "Düdelanj"ı, APOEL "Sevilya"nı qəbul edəcək. Bu turda APOEL-in "Sevilya"nı məğlub edəcəyi elə də inandırıcı deyil. Düzdü, ispanlar üçün formal xarakterli oyun olsa da, prestij baxımından uduzmayacağını düşünmək olar. Bizim üçün ən pisini düşünsək, yəni, APOEL bu oyunda bir xal qazansa, o zaman xallarının sayını 6-ya çıxarmış olacaq. "Qarabağ"ın son turda "Düdelanj"ı məğlub etsə, 7 xalla qrup ikincisi kimi Azərbaycan futbolu tarixində ilk dəfə adını 1/16 finala yazdıra bilər.


İstifadəçi paneli