Azərbaycanın strateji valyuta ehtiyatı çoxalıb

1-01-2020, 18:19

2019-cu ildə Azərbaycanda iqtisadi aktivliyin müsbət dinamikası qorunub.
2019-cu ildə inflyasiya səviyyəsinin qəbul edilən hədəf dəhlizində (4±2) formalaşması iqtisadi şəraitdə əminlik yaradaraq iqtisadi aktivliyə əhəmiyyətli dəstək verib.
Qiymət sabitliyinin və inflyasiya gözləntilərinin formalaşmasında həlledici rolu Mərkəzi Bankın pul-kredit və məzənnə siyasəti oynayıb.
İnflyasiyanın bir sıra vacib daxili və xarici amillərini zərərsizləşdirmək üçün pul şəraitinin ardıcıl şəkildə normallaşdırılması, həmçinin iqtisadi fəaliyyət və məşğulluğun dəstəklənməsi böyümə və sabitlik istiqamətində balanslı nəticələrin əldə olunmasına imkan verib.
2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda xarici ticarət profisiti 5,9 milyard dollar təşkil edib.
Qeyri-neft sektorunda ixracın artım tempi, idxalın 7,1 faizə bərabər artım tempini qabaqlayaraq 16,3 faiz təşkil edib.
Profisit ödəniş balansı şəraitində strateji valyuta ehtiyatları ilin əvvəlindən 13,7 faiz artaraq ümumi daxili məhsulu üstələyərək 50,9 milyard dollara çatıb. Bu il tarixdə ilk dəfə olaraq dövlət neft fondunun aktivləri 40 milyard ABŞ dolları təşkil edib.


İstifadəçi paneli