SOCAR Bakı-Novorossiysk boru kəməri (Şimal boru kəməri) ilə neft nəqlini dayandırıb.
Asmedia.az "Economics"ə istinadən xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, sözügedən xətlə neftin nəqlinin dayandırılması texniki xarakter daşıyır.
"Bu il biz nəql məqsədi ilə bu kəmərdən (Bakı-Novorossiysk – red.) istifadə etməmişik. Nəql üçün biz bir neçə kəmərdən istifadə edə bilərik. Həcmləri bir istiqamətdən digər istiqamətə yönəldə bilirik", - deyə İ. Əhmədov bildirib.
O həmçinin qeyd edib ki, bu il üzrə Şimal neft kəməri üçün hələ son təsdiq olunmuş nəql planı (həcm və tarix üzrə – red.) yoxdur: "Bu il Bakı-Novorossiysk kəməri ilə neft tədarük edilə bilər. Mən dediyim kimi, bu istisna edilmir. Amma hələ ki, vaxt və həcm üzrə plan yoxdur".
Xatırladaq ki, Energetika Nazirliyinin məlumatına gərə, ötən il SOCAR Bakı-Novorossiysk neft kəməri ilə 824,4 min ton neft nəql edib, bu göstərici 2018-ci illə müqayisədə 36,5% azdır.
Qeyd edək ki, Bakı-Novorossiysk boru kəmərinin uzunluğu 1 147 kilometrdir: Azərbaycan hissəsinin uzunluğu 231 kilometr, Rusiya hissəsinin uzunluğu isə 916 kilometrdir.