Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla Bakı şəhər sakinləri Nadir Qafarzadə, Kamil Zeynallı və başqa şəxslər tərəfindən internet informasiya ehtiyatında, o cümlədən informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyaların, foto və videogörüntülərin yayılması halları müəyyən edilib.
Bu barədə Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.
Belə ki, inzibati xətalar haqqında qanunvericiliyin tələblərini pozduğuna görə Kamil Zeynallı barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) və 517-2.6-ci (hərbi vəziyyət rejiminin tələblərinin pozulması) maddəsinə əsasən Füzuli rayon prokurorluğunda inzibati xətalar haqqında işlər üzrə icraat başlanmış və toplanmış material baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Füzuli rayon məhkəməsinin qərarı ilə K.Zeynallı barəsində 10 gün müddətinə inzibati tənbeh növündə həbs seçilib.
Bundan başqa, qeyd edilənlərlə əlaqədar Nadir Qafarzadə Baş Prokurorluğa dəvət edilərək "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununa əsasən qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilib.
Maraqlıdır, hərbi məlumatların paylaşılması və yayılmasında iştirakçı olmağa görə neçə günə qədər həbs müddəti təyin edilə bilər?
ASMEDİA.AZ xəbər verir ki, hərbi ekspert Ramil Məmmədlinin fikirlərini öyrənib. Ekspert bildirib ki, belə tip məlumatların yayılmasına görə 15 ilədək inzibati həbs cəzası müəyyən edilə bilər:
"Ümumiyyətlə dövlət informasiyasının, sirr hesab olunan istənilən materialın ictimailəşdirilməsinə görə cinayət məsuliyyəti müəyyənləşdirilir. Bu gün əgər Kamil Zeynallı düşməndən azad olunan ərazidən videogörüntü paylaşırsa və o görüntülər hansısa formada süzgəcdən keçmir, sosial şəbəkəyə çıxırsa bu təhlükə deməkdir.
Sözügedən əməliyyat Azərbaycan ordusunun tarixdə həyata keçirtdiyi iri, uğurlu hərbi əməliyyatlardan biridir. Bu cür irimiqyaslı hərbi əməliyyat 1918-1919-cu illərdə həmin ərazilərdə ermənilərə qarşı aparılıb və ərazi düşmənlərdən azad olunmuşdur. 100 ildən sonra Azərbaycan ordusu ərazilərimizin işğaldan azad olunması əməliyyatlarına başlayıb. Azərbaycan vətəndaşları atdıqları addımlarla başa düşməlidirlər ki, ordumuzun yazdığı tarixə xələl gətirəcək hansısa hərəkət etmək olmaz.