Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb

14-11-2019, 22:56

Noyabrın 14-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Dünya dini liderlərinin II Sammitində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mədəniyyət Nazirliyindən Asmedia.az-a verilən məlumata görə, qonaqları salamlayan Əbülfəs Qarayev Azərbaycan ilə İran arasında münasibətlərin yüksək səviyyədə olduğunu və bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini bildirib: “Bizim mehriban dostluğumuz, qonşuluğumuz və tarixi əlaqələrimiz bu prosesə böyük təkan verir. Azərbaycan və İranı ortaq tarixi-mədəni keçmiş və din bir-birinə sıx bağlayır".
Nazir qeyd edib ki, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Qonşu ölkənin kino mütəxəssisləri ilə birgə layihələrdən söz açan Əbülfəs Qarayev Azərbaycanda İran kinosunun uğurlarının diqqətlə izlənildiyini dedi, bu sahədə İranın təcrübəsindən istifadə edilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Nazir onu da vurğulayıb ki, qarşılıqlı mədəniyyət və kino günlərinin keçirilməsi istiqamətində işlər davam etdirilməlidir. Gələn il üçün bu sahədə həyata keçiriləcək layihələr nəzərdən keçirilməlidir.
İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkman ötən gün Prezident İlham Əliyevlə görüşünü, eləcə də Bakıda Dünya dini liderlərinin II Sammitində iştirakını diqqətə çatdırıb. Qeyd edib ki, son illərdə Azərbaycanla münasibətlərdə böyük irəliləyiş müşahidə olunur. İran dövləti Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək üçün böyük maraq göstərir: “İldən-ilə ölkələrimiz arasında mədəniyyət əlaqələri genişlənir. Məqsədimiz bu istiqamətdə müştərək əməkdaşlığı davam etdirməkdir. Ölkələrimiz arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrin inkişafından məmnunam”.
Görüş zamanı hər iki ölkədə mədəniyyət sahəsi üzə fəaliyyət göstərən televiziya kanalları arasında əməkdaşlığın qurulması və birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Sədr Abuzər İbrahimi  həmçinin İranda Azərbaycan mədəniyyəti və kino günlərinin ən yüksək səviyyədə keçirilməsinə hazır olduqlarını vurğulayıb. Daha sonra Xəzəryanı ölkələr arasında müştərək mədəni layihələrin həyata keçirilməsinin zəruriliyini də qeyd edib.
Görüş mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri istiqamətində fikir mübadiləsi ilə davam edib.


İstifadəçi paneli