"Eurovision-2020"

22-01-2020, 21:40

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) "Eurovision-2020" üçün mahnı qəbulu elan edib.
 Asmedia.az İTV-nə istinadən xəbər verir ki, "Eurovision" mahnı müsabiqəsində Azərbaycanın iştirakı
 ilə bağlı milli seçim turunda mahnı qəbuluna başlanılıb.
“Eurovision - 2020” üçün mahnı seçimində iştirak etmək istəyənlər 7 fevrala qədər öz mahnılarını 
eurovision2020@itv.az elektron ünvanına və ya (050) 235 85 65 whatsapp nömrəsinə göndərə bilərlər.
Azərbaycan üzrə rəsmi yayım hüququna sahib İctimai Televiziya və Radio Yayımları Şirkəti bu ilin mayında 
Hollandiyanın Rotterdam şəhərində keçiriləcək  "Eurovision 2020" mahnı müsabiqəsində ölkəmizin təmsil 
olunacağı mahnı seçiminə dair şərtlərini də açıqlayıb.
Şərtlərdə qeyd edilir ki, göndəriləcək mahnı demo versiyada hazır şəkildə səsləndirilmiş olaraq təqdim 
edilməlidir. Mahnının xronometrajı Avropa Yayımları Birliyinin (EBU) şərtlərinə əsasən maksimum 3 dəqiqə
 olmalıdır. Mahnı 2019-cu ilin sentyabrın 1-dən öncə ictimaiyyətdə, eləcə də rəsmi olaraq hər hansısa 
mediada (televiziya, radio və ya internet resursları) yayımlanmamalıdır.  Mahnı seçimi turunda iştirak 
edəcək hər kəs özü haqqında qısa məlumat da yollamalıdır.
Müsabiqə üçün təqdim olunan mahnıların hansı müğənninin ifasında səsləndirilməsi seçimi yalnız 
“Eurovision”nun rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.


İstifadəçi paneli