UNEC tələbələrinin sərgisi “İçərişəhər” stansiyasında

15-12-2019, 19:24

Hər zaman ənənəvi sosialyönümlü layihələrlə metro sərnişinlərini məlumatlandıran, xoş anlar bəxş edən, maarifləndirmə məqsədilə müxtəlif layihələr həyata keçirən “Bakı Metropoliteni” QSC daha bir layihəsi ilə qeyd edilənlərlə yanaşı, ölkəmiz üçün əhəmiyyətli məsələlərin ictimai mövzulardan birinə diqqət ayıraraq istedadlı gənclərin bacarığını nümayiş etdirməsinə şərait yaradıb.
Metropolitendən asmedia.az-a verilən məlumata görə, bu dəfə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tələbələrinin əsərlərindən ibarət sərgi keçiriləcək.
Azərbaycan xalqının çoxəsrlik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin canlandırıldığı 14 rəsm əsərinin nümayiş olunacağı sərgi dekabrın 16-da “İçərişəhər” stansiyasının vestibülündə başlanacaq. Onu da xüsusi vurğulamaq lazımdır ki, rəsm əsərlərinin müəllifləri universitetin bu məsələlərdə xüsusi rol oynayan və ədəbi-bədii bacarığı olan tələbələrə dəstək verən yaradıcılıq mərkəzinin üzvləridir.
Hər kəsi istedadlı gənclərin yaradıcılığı ilə tanış olmağa, onlara dəstək verməyə dəvət edirik.
Sərgi zamanı yaradıcı qrupun üzvləri maraqlanan tamaşaçılara tövsiyələrini verərək, master-klas da keçəcəklər.
Sərgi zamanı həmçinin bu ali təhsil ocağının yaradıcılıq mərkəzinin daha bir fəal qrupu da öz istedadını nümayiş etdirəcək. Stansiyanın vestibülündə qrupun teatr truppasının Nəsimi yaradıcılığına həsr olunmuş səhnəciyindən bir fraqment numayiş olunacaq.


İstifadəçi paneli