ABŞ hipersəsli silahlar sahəsində lider idi, lakin bu sahədə görülən işlər uğursuz oldu və indi mövqeyini yenidən bərpa etmək üçün illər lazımdır.
Bu barədə Asmedia.az “RİA Novosti” ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Birliyinin sədr müavini, general Con Haytenə istinadən məlumat yayıb.
“Biz on il əvvəl öndə idik. İki proqramımız, iki prototipimiz var idi... Onlar çox yaxşı işləmədi", - deyə Hayten Vaşinqtondakı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində çıxışı zamanı etiraf edib.
O bildirib ki, bu sahədə uğursuzluqdan sonra onun səbəblərini öyrənmək üçün uzunmüddətli araşdırmalar başlandı və sonra proqramlar, ümumiyyətlə, ləğv edildi.
General bu sahədə işlərin bərpası üçün illər lazım olacağını qeyd edib və prosesi sürətləndirməyə çağırıb.
2019-cu ilin dekabrında Pentaqonun rəhbəri Mark Esper ABŞ-ın hipersəsli silahların inkişafında Rusiyadan geri qaldığını etiraf etmişdi.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Federasiya Məclisinə illik müraciəti zamanı Rusiyanın silahlanma məsələsində, o cümlədən, nüvə silahında dünya birincisi olduqlarını açıqlamışdı.