Rusiya kəşfiyyatı Praqa merini zəhərləmək istəyib? – İki ölkə arasında yeni qalmaqal

28-04-2020, 17:20

Çexiya jurnallarından biri Rusiyanın Praqa merini zəhərləmək planlarından yazdıqdan sonra şəhər rəhbərinin polis qorumasına alındığı bildirilir. Həmin jurnal iddia edirdi ki, Rusiya Praqa merindən başqa, bir çex rəsmini də hədəfə götürməyi planlaşdırır.
Praqa meri Zdenek Hrib aprelin 27-də Rusiyanın “Exo Moskvı” radiosuna müsahibəsində artıq bir neçə həftədir ki, polis mühafizəsində olduğunu təsdiq edib. Bundan əvvəl Çexiyada çıxan “Respekt” jurnalı yazmışdı ki, Rusiya kəşfiyyatı Hribi və Praqa 6-cı rayonunun bələdiyyə başçısı Ondrej Koları zəhərləməyi planlaşdırır.
Kəşfiyyat orqanlarındakı mənbələrə istinad edən “Respekt” yazıb ki, Rusiya kəşfiyyat zabiti olduğu ehtimal edilən şəxs Çexiya paytaxtına üç həftə bundan əvvəl diplomatik pasportla gəlib. O da qeyd olunurdu ki, həmin şəxsin çemodanında risin maddəsi tapılıb.
Hrib Praqada Rusiya səfirliyinin yerləşdiyi meydana Putinin qətlə yetirilmiş opponenti Boris Nemtsovun adının verilməsi ideyasını dəstəkləməklə Moskvanı qəzəbləndirmişdi. Kreml Koları Praqanın eyni rayonunda sovet marşalı Ivan Konevin abidəsinin sökülməsi qərarının qəbulunda ittiham edir.
Bu iki hadisədən sonra Praqa və Moskva arasında münasibətlər daha da gərginləşmiş və bunun dərhal ardınca Çexiya Səhiyyə və Daxili İşlər nazirliklərinə, habelə xəstəxanalara və hava limanına haker hücumları edildiyi bildirilmişdi.
Çexiya hökuməti zəhərləmə cəhdi iddiaları ilə bağlı rəsmi mövqe bildirməyib. Çexiya polisinin sözçüsü Jiri Danek “Azadlıq” radiosuna bu işə Daxili İşlər Naziyliyinin baxmadığını deyib.
Çexiya Mütəşəkkil Cinayətkarlıq İdarəsi də hadisə ilə bağlı şərh verməyib.
Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov ittihamları saxta adlandırıb.
“Exo Moskvı” radiosuna müsahibəsində Hrib deyib ki, o həyatının üzləşdiyi riskə baxmayaraq mövqeyində qalır: “Məni mühafizə ilə Çexiya polisi təmin edir. Bu onların qərarıdır. Amma mən bunun səbəbləri barədə şərh verə bilmərəm”.
Hribin sözçüsü Vit Hofman isə deyib ki, xüsusi mühafizənin hələ nə müddətdə davam edəcəyi bilinmir. Hofman əlavə edib ki, Hrib son günlər izləndiyi barədə şübhələrini və narahatlığını polisə bildirmişdi. Kolar da Çexiya mediasına polis mühafizəsi altında olduğunu təsdiq edib. “Mən həyatıma görə narahat deyiləm. Mən ondan narahatam ki, respublikamız bu tamamilə səriştəsiz hökumətə görə yerlə sürünür və xarici bir dövlətə öz ərazisində istədiyini etmək imkanı verir”.
“Respekt” jurnalı yazmışdı ki, kəşfiyyat zabiti olduğu güman edilən şəxsi hava limanında diplomatik maşın qarşılayıb və o Rusiya səfirliyinə aparılıb. Jurnal diqqəti belə bir məqama çəkir ki, sözü gedən şübhəli Praqaya, Çexiya Respublikasında şübhə altında olan başqa kəşfiyyat zabitləri Avropanın müxtəlif yerlərinə göndərildikləri bir vaxtda gəlib.
Kolar onun rəhbərlik etdiyi paytaxt rayonunda aprelin 3-də marşal Konevin heykəli götürüldükdən bəri Moskva tərəfindən hücumlara məruz qalırdı. Moskva heykəlin götürülməsini özü üçün təhqir saydığını bildirmişdi.
Praqa və Moskva arasında münasibətlər Praqadakı Rusiya səfirliyinin yerləşdiyi meydana Putinin qatı tənqidçisi Boris Nemtsovun adı verildikdən sonra daha da gərginləşib. Rusiya səfirliyi bildirib ki, gələcək fəaliyyətində “Boris Nemtsov meydanı” ünvanından yox, bu meydana bitişik küçələrdən birindəki ünvandan istifadə edəcək.


İstifadəçi paneli