"İlham Əliyevin islahatlarının fəlsəfəsi yerdəyişmə yox, yenilənmədir"

14-05-2020, 01:42

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalının “Yeni Müsavat”a bildirdiyinə görə, prezident İlham Əliyevin kadr siyasəti yeniləmə üzərində köklənib. F.Ağamalı 2018-ci ildən ən yüksək səviyyəli postlara müsbət reputasiyası, keyfiyyətləri olan kadrların gətirilməyə başlandığını xatırlatdı.

Onun fikrincə, yeni təyin olunan həmin vəzifəli şəxslərin cəmiyyətdə imici pozitivdir, rüşvət və korrupsiyada yer almayıblar, idarəçilik təcrübəsi var və prezidentin görmək istədiyi müasir dünyagörüşünə, intellektə malikdirlər. “Bu mənada prezident İlham Əliyev kadr islahatları həyata keçirərkən olduqca düzgün və əsaslı taktikaya əl atdı. Ölkənin idarəçilik sistemində, Nazirlər Kabinetində, hökumətdə, o cümlədən növbədənkənar parlament seçkiləri keçirilməklə Milli Məclisdə yenilənmələr oldu. Bu proses gedir və yeni təyinat alan məmurlar islahatlara uyğun fəaliyyət göstərsələr, xalqa şərəflə xidmət etsələr, sizin qeyd etdiyiniz rotasiya qaydasından da istifadə oluna bilər”.

Deputat hesab edir ki, rotasiya qaydası ilə təyinatların olması müxtəlif ölkələrin, eləcə də Azərbaycanın təcrübəsində var: “Amma prezident İlham Əliyevin islahatlarının fəlsəfəsi yerdəyişmə yox, yenilənmədir”. F.Ağamalı 5 icra başçısının həbsi və Mədəniyyət Nazirliyindəki əməliyyatın ardınca korrupsiyaya qarşı mübarizənin davam edəcəyini açıqladı. Deputat sosial şəbəkələrdə müxtəlif şəxslərin oxşar əməliyyatın öz rayonlarında da həyata keçirilməsini arzuladıqlarını yazmalarına münasibət bildirdi: “Gedən proseslərdə sui-istifadə halları ola bilər. Kiminsə kimdənsə xoşu gəlməyə, müxtəlif subyektiv yanaşmalar ola bilər. Eyni zamanda Prezident ictimai rəyi izləyir, qaldırılan məsələlər diqqətə çatdırılır, tədbir görülür. Ona görə də rüşvət və korrupsiyaya qarşı mübarizə islahatların tərkib hissəsidir və axıra qədər gedəcək. Bu prosesdə hansısa məmura güzəşt olmayacaq. Çünki korrupsiya adi cinayət deyil, dövlətin təhlükəsizliyini təhdid etdiyi üçün Dövlət Təhlükəsizlik Xidməti tərəfindən əməliyyatlar aparılır. Və deyərdim ki, bu əməliyyatlar kifayət qədər peşəkar və uğurla reallaşdırılır. DTX dövlətin təhlükəsizliyinə, Prezidentin hədəflərinə mane olan korrupsiyaya qarşı mübarizə aparır. Nə qədər ki, rüşvət var, bu mübarizə sistemli, ardıcıl aparılacaq”.


İstifadəçi paneli