QULDUR MƏMURLARIN CİNAYƏTLƏRİNƏ GÖZ YUMAN, ONLARLA ORTAQ OLAN QURUMLAR BUNLARDIR

27-05-2020, 02:18

Ölkədə bir-birinin ardınca baş verən məmur həbsləri gündəmə korrupsiya və rüşvəti gətirib. İcra başçısının evindən çıxan qablaşdırılmış pullar, nazir müavininin və idarə rəisinin dövlət büdcəsini necə talaması haqda açıqlanan məlumatlar etirazlara səbəb olub. Ekspertlər bildirirlər ki, bu, aysberqin görünən tərəfidir. Əslində korrupsiyanın miqyası daha genişdir və digər sahələr var ki, orada daha böyük büdcə vəsaitləri mənimsənilib, mənimsənilməkdə davam edir. Bəs dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət etməli olan qurumlar hansılardır? Həmin qurumların rəhbərlərinin məsuliyyəti nə qədərdir? Növbə onlara da çatacaqmı?


Mövzu ilə bağlı AFN-in suallarını cavablandıran iqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, bu istiqamətdə məsuliyyət daşıyan qurumlar Maliyyə Nazirliyi, Hesablama Palatası, Milli Məclis və satınalmalar üzrə məsul olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti: “Bu qurumlar birbaşa məsuliyyət daşıyırlar. Sadəcə obyektivlik naminə onların məsuliyyətlərinin dərəcəsini müəyyənləşdirmək lazımdır. Məsələn, Maliyyə Nazirliyinin əsas işi dövlət büdcəsinin xəzinədarlıq vasitəsilə icrasına nəzarət etməkdir. Şübhəsiz ki, nazirliyi xüsusi xərc normativləri var. Məsələn, ezamiyyə xərclərindən tutmuş tikinti xərclərinə qədər, eyni zamanda ərzaq xərclərin normativlərə nə qədər uyğun olduğuna nəzarət edir. Maliyyə Nazirliyinin daxili audit sistemi var. Xəzinədarlıq vasitəsilə ayrılan pulu şübhəsiz ki, izləyir və normativlərə nə dərəcədə uyğun xərcləndiyini nəzarətdə saxlayır. Amma mən sizə deyim ki, son həbs məsələlərində Maliyyə Nazirliyindən başqa Hesablama Palatasının və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin də məsuliyyəti önə çıxmalıdır. Şübhəsiz ki, Maliyyə Nazirliyinin məsuliyyəti azalmır, amma hər birinin özünün məsuliyyətinə qiymət vermək lazımdır. Baxmaq lazımdır ki, xəzinədarlıq vasitəsilə ayrlımış pullar nə dərəcədə qanunvericilikdə nəzərdə tutulmuş normativlər çərçivəsində xərclənib. Əgər o xərclənmə ilə bağlı bir pozuntu varsa, şübhəsiz ki, nazirliyin burda məsuliyyəti var. Amma burada çox önəmli qurum, mənim fikrimcə, Hesablama Palatası və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətidir. Fikir verirsinizsə, qurumun ayrı-ayrı qurumlarda, icra strukturlarında audit tədbirlərilə bağlı məlumatlar dərc olunur.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin məsuliyyətinə gəldikdə, fikir verdinizsə, həbslər vaxtı daha çox satınalmalar üzərindən yol verilən yeyintilər ortaya çıxdı. Beynəlxalq təcrübədə satınalmalara nəzarət edən qurumun çox geniş səlahiyyətləri olur. Təkcə tenderlərin keçirilməsinə nəzarətlə iş bitmir, bağlanan müqavilələrin icrasına nəzarət prosesi başlayır, hansı ki, böyük bir prosesdir. Müqavilələr necə icra olunur, nəzərdə tutulmuş şərtlər nə dərəcədə qanunvericiliyin tələblərinə uyğundur, müqavilədə nəzərdə tutulmuş məhsul və xidmətlərin ehtimal olunan qiymətləri nə dərəcədə reallığa uyğundur? Bunlar hamısı izlənir həmin qurum tərəfindən. Maraqlı bir detal deyim, tutaq ki, tenderdən müəyyən qədər vəsait geri çəkilirsə, “otqat” deyilən 20-25 faiz kiməsə verilirsə, bu pulun bir mənbəyi olmalıdır. Layihəni elə tərtib edir, mal və xidmətlərə elə qiymət qoyurlar ki, sonradan bu faizi geri götürə bilirlər”.
Ekspertin sözlərinə görə, satınalmalarla bağlı qurumun səlahiyyətlərinin artırılmasına ehtiyac var: "Mən bu sahədə beynəlxalq təcrübəni araşdırmışam və görünən odur ki, bizdə bu sahədə fəaliyyət göstərən qurumun çox məhdud səlahiyyətləri var. Tender müqavilələrinin, satınalma müqavilələrinin icrası prosesini sona qədər izləməlidir. Elə nəzarət mexanizmi qurmalıdır ki, korrupsiya riskini aşkara çıxarıb zərərləşdirə bilsin. Bunun üçün dünyada xüsusi indikatorlardan istifadə olunur. Bizdə satınalmaları kənardan izləyəndə belə ciddi korrupsiya risklərinin olduğunu görürük. Ona görə də bütün aidiyyatı qurumların məsuliyyəti var proseslərin bu həddə gəlib çıxmasında”.


İstifadəçi paneli