Prezident İlham Əliyevin 28 mayda “Qobu Park-3” kompleksinin açılışındakı nitqində Xalq Cümhuriyyəti və milli parlament (Milli Şura) ilə bağlı səsləndirdiyi fikirlər çox ciddi rezonans doğurub.
Niyə? Hansı istiqamətdə? Buna kimlər və necə reaksiya veriblər?
Bu suallara cavabdan öncə çıxışdakı həmin fikirləri mütləq nəzərdən keçirməliyik:
1. “Əlbəttə ki, Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir. Hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr edir ki, müsəlman aləmində ilk respublika məhz Azərbaycanda yarandı, Azərbaycan xalqı bunun təşəbbüskarı olub”.
2. “Çox önəmli addımlar atılmışdır. Müstəqillik elan olundu, dövlət atributları təsis edildi. Milli Ordu, Bakı Dövlət Universiteti yaradıldı, mütərəqqi qanunlar qəbul edildi”.
3. “Biz bu gün tarixdən ibrət götürməliyik”.
4. “Biz heç vaxt unutmamalıyıq ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri İrəvanı, bizim qədim şəhərimizi Ermənistana vermək idi. Bunu heç cür əsaslandırmaq və heç vaxt bağışlamaq olmaz”.
5. “Bizim 1920-ci ildə endirilən üçrəngli bayrağımızı 70 il sonra Heydər Əliyev Naxçıvanda yenidən qaldırdı”.
Beləliklə, Prezident Cümhuriyyətin uğurlarını vurğulayır, hamının haqlı olaraq AXC ilə fəxr etdiyini xüsusi qeyd edir, tarixdən ibrət götürməyə çağırır, İrəvan məsələsində AXC-ni ittiham edir və 70 il sonra Bizim Üçrəngli Bayrağımızın (!) yenidən qaldırılması ilə fikirlərini yekunlaşdırır.
Giriş və sondakı ismarışlar Prezidentin səsləndirdiyi fikirlərdən sui-istifadə imkanlarının qarşısını almalıydı. Çünki Prezidentin əsas hədəfi tamamilə başqadır və bu hədəf üçün səsləndirəcəyi fikirlərə əvvəlcədən hazırlıq görür.
Hədəf aydındırmı?
Görünür, heç kəsə aydın deyil!
Çünki 3 gündür sosial şəbəkələrdə - Feysbuk-Tvitterdən Yutuba qədər - əks düşərgənin təmsilçiləri bu fikirlərdən maksimum sui-istifadə edərək, antitəbliğat aparırlar. Hətta vaxtilə Heydər Əliyevin Cümhuriyyət və Milli Şura üzvləri haqda dediyi müsbət fikirləri oğul Əliyevə qarşı qoyaraq, əla bir şou düzəldiblər.
Bəs, iqtidar təmsilçiləri nə edir?
Ötən gün Milli Məclis kürsüsündən verilən reaksiyadan göründü ki, onlar yalnız Prezidentin çıxışının “hərfi mənası”na kökləniblər: Prezidentin 1920-ci ildə endirilən bayrağımızın 70 il sonra Naxçıvanda qaldırılması haqda fikirlərinə istinad edir, amma 1920-nin üstünə 70-i gələ bilmədikləri üçün üçrəngli bayrağımızın Naxçıvanda qaldırılması tarixini “80-ci illərin sonu” kimi başdansovdu bir yanaşma ilə təqdim edir və guya AXC-nin hədəf seçilməsi təəssüratını yaratmaqla əks düşərgənin apardığı kampaniyaya dolayı dəstək verirlər.
Yaxud, Prezidentin bu çıxışının “tarixçilərə dərs” olması barədə kökündən yanlış bir qənaətlə, əlavə sui-istifadələrə yol açırlar.
İlham Əliyevin hədəfi nədir?
Prezident birbaşa, açıq mətnlə dedi ki, “tarixdən ibrət götürməliyik”.
Tarixdən ibrəti tarixçilər götürmür; tarixçilərin işi tarixi hadisələri araşdırmaq, ortaya çıxarmaq və təqdim etməkdir. Tarixi hadisələrdən ibrət götürməli olanlar siyasətçilərdir!
Yəni doğrudanmı aydın deyil ki, Prezidentin “tarixçilərə dərs keçmək” kimi bir hədəfi-filan yoxdur, o, siyasətçilərə, millət vəkillərinə, ictimai xadimlərə yol göstərir?
Doğrudanmı aydın deyil ki, Prezidentin əsas hədəfi İrəvana iddiasını ortaya qoymaqla, hücum diplomatiyasında yeni bir səhifə açmaqdır?
Prezidentin Milli Məclis nitqi...
10 mart 2020-ci ildə, Milli Məclisin ilk iclasında İlham Əliyev bildirmişdi ki, elə məsələlər var, onları Prezident deməməlidir!
Prezident yalnız istiqaməti müəyyən edir – hamını bir-bir qəbuluna çağırıb, hansı istiqamətdə danışmalı olduğu barədə təlimat verə bilməz. Bu ölkənin, bu dövlətin siyasi kursu var və bəlli hədəfləri də Prezident işarə edir.
Siyasi kurs – illər öncə elan edilib, hücum diplomatiyasıdır.
Hazırkı təbliğat hədəfi – İrəvana iddiamızdır.
İlham Əliyev çıxışında tarixçilik edib, o dövrkü siyasi-hərbi şəraiti qiymətləndirə və İrəvanın zorən verildiyini deyə bilməz. Əgər bunu dilinə alarsa, onda İrəvandan siyasi təbliğat vasitəsi kimi istifadə imkanlarını tükəndirmiş olar.
İlham Əliyev İrəvanın verilməsində Osmanlı və ya Rusiya imperiyasını, yaxud Böyük Britaniyanı suçlaya bilməz! – belədə təbliğat başlamamış fiaskoya uğrayacaq.
İlham Əliyev haqlı olaraq Milli Şuranın 29 may 1918-ci il qərarını kəskin tənqid üstündə siyasət aparmağı nişan verir!
İlk Azərbaycan Prezidentidir ki, İrəvana iddiasını ortaya qoyur və bundan necə istifadə etmək lazım olduğunu göstərir: Milli Şuranın İrəvanın ermənilərə paytaxt olaraq verilməsi barədə məlum qərarı!
Milli Şura üzvləri – o fədakarlar bizim istifadə edə bilməyimiz üçün tarixi sənəd yaradıblar, “Rusiyanın İrəvan quberniyası ermənilərə verilsin” tezisini darmadağın edərək, “Azərbaycanın İrəvan şəhəri paytaxt olaraq ermənilərə verilsin” sənədini bizə ərməğan qoyublar. Və bunu ilk gündə ediblər, Cümhuriyyəti elan edən kimi!
Burda fərdlər rol oynamır – Milli Şura üzvlərinin nə qarasına deyinin, nə də onların müdafiəsinə qalxın! Burda söhbət milli davadan gedir. Ki, o milli davaya Milli Şura üzvləri özlərini qurban verməyə hazır idilər.
İndi də onlardan istifadə edin – çünki Milli Şuradakılar özləri bu faktı bizə qoymaqla, onlardan istifadə etməyimizi istəyiblər.
Heç kəs heç kəsin tarixi yerini əlindən almaq istəmir və bu, mümkün də deyil. Amma ortaya Vətən gəlirsə, ortada milli maraqlarımız varsa, tarixi şəxsiyyətlərdən də istifadə edəcəyik.
Miflərdən əl çəkin!
İllərdir təbliğat aparılır və Prezidentin bu çıxışından sonra yenə bütün dünyaya bağırırıq ki, Azərbaycan Xalq Cümhuriyyətini böyük və dahi şəxsiyyətlərimiz “yox yerdən” yaradıb.
Siz nə danışırsınız? Necə yəni “yox yerdən”? Minillərlə dövlətçilik ənənəsi olan xalqımızın tarixini hara silib atırsınız? Bu haqqı sizə kim verib?
“Yox yerdən” sözü ilə ermənilərə və ermənilərin timsalında düşmənlərə niyə əlavə arqument verirsiniz?
Kimisə şişirtmək üçün “yox yerdən dövlət qurdular” deyib, bütövlükdə xalqı və xalqın tarixini hara süpürüb atırsınız?
Prezident buna görə “miflərdən əl çəkin” deyir, buna görə “şişirtməyin” çağırışını edir. Çünki bu şişirtmələriniz bizim milli maraqlarımıza, tariximizə, dövlətçiliyimizə qarşıdır.
Azərbaycan Xalq Cümhuriyyəti böyük dövlətçilik ənənəsi olan xalqın Rusiya imperiyası dağılan kimi yaratdığı dövlətdir və bu dövlət tarixi torpaqlarımızın yalnız cüzi bir hissəsini əhatə edir.
Milli Şuranın İrəvanı ermənilərə güzəşt etməsi barədə qərarının o dövrdə hansı hüquqi-siyasi qiyməti olub, hansı şəraitdə qəbul edilib, başqa yol olubmu-olmayıbmı, imkan verin, onunla tarixçilər məşğul olsun. Siz faktdan istifadə edin: Fakt isə odur ki, AXC parlamentinin İrəvanı ermənilərə bağışladığı haqda sənəd var ortada və bu, hazırda bizim siyasi təbliğatımızın əsasına çevrilməlidir!
Siyasilərin də, millət vəkillərinin də, ictimai xadimlərin də işi bu sənəddən maksimum istifadə etmək və bütün dünyaya göstərməkdir ki, Ermənistanın paytaxtı da bizimdir!
İlham Əliyev bir neçə ildir bu istiqamətdə çalışır: Ən yüksək tribunadan “ermənilər bir dəfə müqəddəratlarını Azərbaycan torpaqları hesabına təyin ediblər” sözlərini təsadüfən deməmişdi. Bunu arqumentləşdirmək üçün hər imkandan istifadə edir, hamıya da yol göstərir.
Bu yolu “tarixçilərə dərs keçmək” kimi anlamaq da, bundan sui-istifadə edib, Prezidentə qarşı böyük kampaniya aparmaq və Cümhuriyyəti fanatcasına sevənləri manipulyasiya etmək də milli maraqlarımıza balta çalmaqdır...
Güman edirəm, bu qədər bəsdir...
P.S. Ermənistan politoloqları və mediası Prezident İlham Əliyevin İrəvan iddiası ilə Naxçıvana yerləşdirilən ortamənzilli raketlər arasında əlaqə tapmağa çalışır və xüsusi təşvişlərini ortaya qoyurlar.
Deyəsən, ermənilər Prezident İlham Əliyevin hədəfini bizim siyasilərdən daha tez anlayıb...