Ən sərt karantinin səbəbkarı kimdir?

4-06-2020, 17:46

Karantin davam edir, lakin vətəndaşlarımız özlərini elə aparırlar ki, sanki nə virus var, nə də yoluxma riski. Nəzərə almaq lazımdır ki, hələ də vaksin tapılmayıb.
Bu sözləri ASMEDİA.AZ-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Azərbaycanda həftə sonu üçün ən sərt karantin rejiminin elan edilməsini şərh edərkən deyib. O bildirib ki, Azərbaycan koronavirus pandemiyasından minimum itki ilə çıxmağa çalışır və burada vətəndaşların məsuliyyətli olması çox vacibdir:
“Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə dünyanın bir çox inkişaf etmiş ölkələrinə nəzərən uğurlu nəticələr əldə edir. Xüsusilə son günlər karantin rejiminin tələblərinin yumşaldılması, iş yerlərinin, istirahət mərkəzlərinin yenidən açılması bunun ən böyük sübutudur. Təəssüf ki, bu gün insanlar karantin rejiminin tələblərinin yumşalmasını yanlış anlayır. Parkların, iş yerlərinin, istirahət mərkəzlərinin, mağazaların açılması karantinin bitdiyini, virusa qalib gəlindiyini göstərmir. Təhlükə hələ də var, risk qalmaqdadır”.
Q.Hüseynlinin sözlərinə görə, ötən gün yoluxma sayının bir gündə 300-ü keçməsi Operativ Qərargahın yenidən karantin rejimini sərtləşdirməsi yönündə qabaqlayıcı addımlar atmağa vadar etdi:
“Həftənin şənbə və bazar günləri əksər sahələrin tam qapadılması qərarı verildi. Bu qərarın verilməsi birbaşa vətəndaşların səhlənkarlığı, məsuliyyətsizliyinin nəticəsidir. Pandemiyanın ikinci dalğası ilə bağlı təhlükənin olduğu bir zamanda vətəndaşlar karantin rejiminin tələblərinin yumşalmasından sui-istifadə edir, hətta maska taxmayan, birbaşa təmaslə görüşən insanlara çox rast gəlinir. Bu və digər səbəblərdən karantin rejimində yenidən sərtləşmələrə səbəb oldu”.
Politoloq bildirib ki, yoluxmaların yenidən kəskin artması ölkə başçısı İlham Əliyevi də narahat edir:
“Prezident 28 mayda “Qobu Park-3” kompleksinin və ötən gün Tərtərdə Olimpiya Kompleksinin açılışında bir daha vətəndaşlara səslənib, karantin rejiminin tələblərinə əməl etməyə çağırdı. Ölkə başçısının vətəndaşlara karantin rejiminin tələblərinə əməl etməklə bağlı çağırış etməsi insanların özündə məsuliyyət hissini artırmalıdır. İnsanlar mövcud tələblərə ciddi yanaşmasa, təəssüf ki, qaydaların sərtləşməsi yalnız şənbə və bazar günləri ilə məhdudlaşmayacaq”.


İstifadəçi paneli