Millət vəkili: "Azərbaycan AŞPA-nın qərəzli qətnamələrinin heç birini icra etməyəcək"

7-06-2020, 20:11

“AŞPA-Azərbaycan münasibətlərini təhlil edən Prezident İlham Əliyev qurumun təməlini təşkil edən bəşəri, demokratik dəyərlərin məhz qurumun özü tərəfindən heç də bəşəri planda qəbul edilmədiyini göstərmiş oldu”.  
Bunu ASMEDİA.AZ-ya açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva deyib.
O bildirib ki, qondarma xunta rejiminin keçirdiyi saxta seçkiləri şou və təlxəklər tamaşası adlandıran, “məzhəkə oyunu” kimi dəyərləndirən Prezident “seçkilər” və onun “nəticələr”inə yalnız Avropa Şurasının münasibət bildirməməsinə diqqət çəkdi:
“Ölkə başçısının proqram xarakterli bu çıxışının yalnız qarşı tərəfdə hansı nəticələri, reaksiyanı doğuracağını gözləməli, bundan daha artıq dərəcədə məsul şəxslər, ictimai fəal qüvvələrimiz tərəfindən müvafiq addımlar atılmalı, yaxud daha öncəki işlər davam və inkişaf etdirilməlidir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsçüsü və rəhbəri olduğu “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası bütün parametrlər, coğarafiyalar və mədəniyyət iqlimləri üzrə genişləndirilməli, dərinləşdirilməlidir. Bu, özü Avropa Şurasının susqunluğuna bir cavab olacaq.
Demokrat libaslı, amma işğalçı zehniyyətli Ermənistan rəhbərliyinin, eləcə də xunta rejiminin bu dəyərdən nə qədər uzaq olduğu, məhz işğal, vandalizm və digər beynəlxalq hüquqa zidd, birgəyaşayışa uyuşmayn hallar kimi dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır: "Xarici mətbuatdakı bir məqalə də, bir teleçıxış da, “onlayn konfrans” da, fundamental əsər də növbəti addım olardı, ümumi işimizi qabağa aparardı. Yəni, Prezidentin çıxışı, ismarıncları Tərtərdə qalmamalı, haqq etdiyi şəkildə işimizə də yansımalı, çalışmalarımızda öz yerini tutmalıdır”.
Deputat nəzərə çatdırıb ki, Prezidentin faktoloji – adlar çəkib, ünvanlar göstərərək və olaylara danılmaz obyektivliklə münasibət sərgiləməsi siyasi, analitik, sosial təhlil mərkəzlərinin, onların əməkdaşlıq etdiyi xarici tərəfdaşlarının müzakirələri, “beyin fırtınası” üçün əsaslar verir: “Prezidentin çıxışında qeyd edilən “Azərbaycanafobiya” sözü deyəsən ilk dəfə işlədilirdi. Bu “fobiya”nın səbəbi bizim uğurların kimlərisə çox ciddi narahat etməsi, məkrli planlarını pozması, çətin duruma salmasıdır. Bilirik ki, Azərbaycan və Ermənistan Avropa Şurasına eyni tarixlərdə üzv qəbul edilib və bərabər bir sıra öhdəliklər götürmüşük. Ölkə Prezidentinin də vurğuladığı kimi, Ermənistandan fərqli olaraq biz öz üzərimizə götürdüyümüz öhdəliklərə sadiqlik nümayiş etdirməsinə baxmayaraq, bu iki ölkəyə münasibətdə Avropa Şurasının konkret ikili standartlarda siyasət həyata keçirdiyini görürük. 19 il bundan öncə (Avropa Şurasına eyni gündə üzvlüyə qəbul olunan zaman) Azərbaycan və Ermənistanın Şura qarşısında götürdüyü öhdəliklərdən biri də (rəsmi istilahla desək) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Prezidentin də xatırlatdığı kimi, həmin öhdəliklərin monitorinqini məhz Avropa Şurası həyata keçirir. O zaman, münaqişə məsələsinə dair fikir bildirmək ilk növbədə həmməruzəçilərin birbaşa mandatına daxil deyilmi?! Bu sadə həqiqəti, mandat xatırlatmasını hər dəfə Azərbaycan tərəfimi xatırlatmalıdır? Sivil, mədəni, demokratik, sülhpərvər Avropa belə olmamalıdır. Avropa Şurası rəhbərliyi bu uyğunsuzluğun, mandatlıykən mandatsızmış kimi davranmanın, başqa sözlə, daşıdığı mandatın gərəyini yerinə yetirməməyin aqibətini düşünməli, mənfi tendensiyaların, xoşagəlməz presedentlərin qarşısını nəhayət almalıdır”.
Q. Paşayevanın sözlərinə görə, Prezidentin Tərtər nitqi bu həqiqəti bir daha təsdiq etmiş oldu ki, erməni lobbisinin, islamofobların apardığı mütəşəkkil anti-Azərbaycan kampaniyası ilə ölkəmizi öz yolundan döndərmək mümkün olmayacaq: “Azərbaycan AŞPA-nın qərəzli qətnamələrinin heç birini icra etməyəcək. Bu önəmli təsbiti bütün siyasi qüvvələrimiz qəbul etməli, sadə vətəndaşlarımız da bilməlidir. Müstəqil respublikamızın dövlət mövqeyi Prezident səviyyəsində bir daha ifadə olundu. Azərbaycanla hədə, şantaj dilində danışmaq olmaz! Əks təqdirdə, AŞPA bundan sonra da respublikamızla siyasi əməkdaşlıq körpülərini yandırmaq siyasətini eyni qətiyyətlə (əslində, bu sağlam qətiyyət yox, qətiyyətsizlikdir) davam etdirmək istəyirsə, bunun məsuliyyəti AŞPA-nın üzərindədir. Bu seçimi AŞPA etmiş olur. Ancaq dünyanın indiki halında körpü yandırmaqdan daha çox körpü qurmaq daha məntiqli olardı”.


İstifadəçi paneli