Əliyevi 130 dövlət dəstəklədi: yalnız bu ölkə qarşı çıxdı...

28-06-2020, 13:54

ASMEDİA.AZ
Milli Məclisin Komitə sədri, siyasi elmlər doktoru Qənirə Paşayevanın müsahibəsi:
- Qənirə xanım, bildiyiniz kimi, BMT-nin üzvü olan 130-dan çox dövlət, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləyib. Sizcə, bu, nəyin ifadəsidir?
- İlk növbədə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş Xüsusi sessiyası barədə müəyyənliyin hasil olması münasibəti ilə ictimaiyyətimizi, ictimai-siyasi həyatımızın bütün iştirakçılarını təbrik edirəm. Bu təbrik nəyə əsaslanır və sizin verdiyiniz sualın cavabı nədədir? Gəlin may ayına dönək və hadisələrin inkişafını ordan incələyək. 04 may 2020-ci il tarixdə Azərbaycan Prezidentinin təşəbbüsü və sədrliyi ilə 120 üzvlü Qoşulmama Hərəkatının Təmas Qrupunun COVİD-19-a həsr edilmiş virtual Zirvə görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının Prezidenti, ÜST-ün Baş direktoru, Avropa Birliyi və Afrika Birliyi kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdi. Bundan öncə - aprelin 10-da, yenə cənab Prezidentin təşəbbüsü və sədrliyi ilə başqa bir beynəlxalq qurum – Türk Dövlət Başçıları Şurası virtual Zirvə keçirmişdi.
Bununla, Türk Şurası dünya miqyasında, dövlət başçıları səviyyəsində COVİD-19 pandemiyasına həsr olunmuş virtual Zirvə keçirən ilk beynəlxalq təşkilat oldu. Sırada bir beynəlxalq qurum vardı – o da məntiqlə, BMT olmalıydı. Necə ki bu barədə, məhz Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının virtual Zirvəsində çıxış edib, məsələ qaldırmışdı. Cənab İlham Əliyev qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə Xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdü. Təklif Nyu Yorkda – Qoşulmama Hərəkatına üzv 120 ölkə arasında yekdilliklə razılaşdırılmış, bunun ardınca Hərəkatın sədri – Azərbaycan Prezidenti İlham Əliyev, Qoşulmama Hərəkatına üzv ölkələr adından BMT Baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır. BMT Baş katibi 28 may tarixində BMT Baş Assambleyasının “Prosedur qaydaları”nın müvafiq bəndinə uyğun olaraq, bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində - yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdi. Mövcud qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi – bu isə 97 ölkə edir – təşəbbüsə dəstək verdiyi təqdirdə xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130 ölkə təşəbbüsə dəstək verdiyi barədə Baş katibin ofisini bilgiləndirmişdir. Bəli, bu, Qoşulmama Hərəkatının sədri statusunu daşıyan Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq təşəbbüsünün dəstəklənməsi, beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, cənab Prezidentə olan böyük etimadın, ehtiramın növbəti göstəricisidir.
- Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlətsə Ermənistandır...
- Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlətin Ermənistan olacağı həm gözlənilən, həm də, açığını desək, bir xeyli gözlənilməzdi. Ona görə gözləniləndir ki, Azərbaycanın artan nüfuzu, Azərbaycanın sözünün eşidilməsi bir işğalçı ölkə kimi Ermənistanı rahatsız edir – bu aydındır. Ona görə gözlənilməzdir ki, bütün dünya COVİD-19-a qarşı mübarizədə həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə, BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etmiş olardı – necə ki oldu.
Azərbaycan Przidentinin təşəbbüsünün əleyhinə olmaqla, bütün dünya bir daha Ermənistanın irticaçı mahiyyətinin şahidi oldu. Bu da demokrat libaslı, işğalçı zehniyyətli Paşinyan hökumətinin diplomatik səbatsızlığının, siyasi hazırlıqsızlığının, imkanlarının tükəndiyinin əlamətidir.
Qeyd edək ki, təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün bölgələrini əhatə edir. Onların arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər fərqli gücə, fərqli imkanlara malik və fərqli coğrafiyada yerləşən ölkələr var. Və bu məsələ ilə bağlı, ayrı-ayrı dövlətlər tərəfindən BMT Baş katibinə ünvanlanan məktublarda, Azərbaycan Prezidentinin Baş Assambleyanın Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.
- Qənirə xanım, əlbəttə, Azərbaycanın təşəbbüsləri, addımları yalnız sözügedən iki beynəlxalq quruma sədrlikdən irəli gələn təşəbbüslər deyil…
- Təbii. Daha öncələr, başqa qlobal çağırışlar dövründə sərgilədiyimiz duruşun, Azərbaycanın təşəbbüsü və ev sahibliyi ilə bir sıra beynəlxalq platformalar qurulmasının, bir sıra qlobal çağırışların ünvanının məhz Azərbaycan olmasının ölkəmizə etibar qazandırdığı şübhəsizdir. Ümumilli liderimizin əsasını qoyduğu uğurlu xarici siyasət, o siyasətin cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi ən ciddi faktor kimi undulmamalıdır. COVİD-19-a gəldikdə, respublikamız, pandemiya ilə mübarizədə qlobal həmrəyliyin örnəyini göstərərək, ÜST-ə üst-üstə 10 milyon dollar həcmində könüllü ianə ayırmış, üstəlik, 30-dan artıq dövlətə humanitar yardım göndərmişdir. Ümumən, dünyada COVİD-19-un pandemiya elan edilməsindən bəri cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədi ilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Bir daha vurğulamaq istərdim ki, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a həsr olunmuş Xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünə verilən böyük dəstək dövlətlərin Azərbaycana olan böyük inamını ifadə edir.
- Qənirə xanım, qlobal pandemiyanın artan fəsadları haqqında daha nələri demək istərdiz? Əgər mövcud təşəbbüslər, müvafiq addımlar fonunda dünya çapında xeyli problemlər qalmaqdadırsa, demək, hələ görüləcək çox iş vardır, elə deyilmi?
- Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla yanaşı, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb. Şərti olaraq “III Dünya müharibəsi” adlandırılan COVİD-19 pandemiyası ortamında, özünü təcrid və franqmental xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır. Çox təəssüflər ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT-nin, onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu, demək olar, görünmürdü; dünyanın aparıcı ölkələri qlobal liderlik əzəzinə geosiyasi rəqabət və özünütəcridə köklənmişdi...
Keçən dövr ərzində böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də, bu, faktiki olaraq, baş vermədi. Daha çox özünütəcrid və ya milli eqoizm xarakteri daşıyan fraqmental addımlar atıldı. Doğrudur, BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülmüşdü, lakin onların da çoxu uğurla sonuclanmadı və necə deyərlər, deklarativ mətnlərlə yekunlaşdı. Beləliklə, ümid edirik ki, Xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaq. Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatı ölkələrinin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün Xüsusi sessiyanın keçirilməsi artıq təkcə Hərəkat üzvlərinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir. Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına münbit ortam yaradacaq və bu qlobal təhdidə qarşı elə məhz qlobal səviyyədə də cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir. COVİD-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dövlət və hökumət başçılarının, BMT Baş Assambleyasının Xüsusi sessiyası çərçivəsində təcili və təxirəsalınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVİD-19-dan çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapılmasına böyük ehtiyac, ciddi tələbat vardır. Əlbəttə, pandemiya əbədi deyil, tədricən zəifləməsi, sıradan çıxması gözləniləndir; lakin dünyanın başqa problemləri vardır.
Respublikamız cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da dünya ölkələrinin ümumi təhdidlər qarsında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcəkdir.


İstifadəçi paneli