"Son dövrlərdə bir məmurun, hərbiçinin Nəcməddin Sadıqov qədər ümumxalq nifrətinə sahib olduğunu müşahidə etməmişəm"
Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayılın müsahibəsini təqdim edirik.
- İlham bəy, Tovuzda nələr baş verir? Yaşananları bir də sizin yorumunuzdan eşitmək istərdik.
- Azərbaycanla Ermənistan arasında yerindən, istiqamətindən asılı olmayaraq döyüş və ya atışma, nəhayət müharibənin olması təəccüblü deyil, o cümlədən Tovuzda. Bu, 30 ildir ki, davam edir. Amma yenə də “Tovuz döyüşü”nün özəllikləri var. Birincisi, düşmən artıq bir ilə yaxındır ki, bütün silahlı təxribatları Qarabağ cəbhəsində deyil, dövlət sərhədində aparır. Məqsəd təxribata cavab verən Azərbaycanın beynəlxalq aləmdə təcavüzkar, dinc, mülki əhalini atəşə tutan obrazını yaratmaq və Qarabağ cəbhəsini unutdurmaqdır. İkincisi, Ermənistanın daxilindəki müəyyən siyasi qarşıdurmanı səngitmək, cəmiyyətin diqqətini ümumi məsələyə yönəltmək və indiki hakimiyyətə müxalif olan qüvvələrin də fəaliyyətini bizə qarşı yönəltməkdir. O, bunu Qarabağ cəbhəsində etsə və kiçik olsa belə, məğlubiyyətə uğrasa, həm yerli erməniləri, həm də İrəvandakı əleyhdarları üzərinə qaldırmış olur. Eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü kimi, əsasən, Rusiyanı bu eskalasiyaya qoşmaqdır. Əlavə onu da qeyd etmək olar ki, Tovuz bütün bölgə üçün çox strateji yerdədir, buradan neft-qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti keçir. Düşmən arxasında dayanan qüvvələr bununla da bizi təzyiq altına ala biləcəklərini və şərtlərini yeridəcəklərini düşünürlər. Zəif, daim təhlükə altında qalanı razı salmaq asan olduğuna görə.
- O gün status yazdınız ki, “Ali Baş Komandan çox düzgün qərar qəbul edib müharibə başlamır. Bu müdafiə naziri, bu baş qərargah rəisi ilə və ümumiyyətlə ordunun indiki vəziyyətilə heç mövqe döyüşü də aparmaq mümkün deyil. Pir onundu kərəmətinə bələddi. Mən indiki vəziyyətdə qəti şəkildə Qarabağda müharibənin əleyhinəyəm”. Nə baş verdi ki, indiyə qədər müharibə tələb edən İlham İsmayıl bu fikrə düşdü?
- Sərhəddəki döyüşlər lokal xarakter daşıyır və əsasən mövqe döyüşləri gedir. Əgər bu tip döyüşlərdə bu qədər itki verir və postu geri ala bilmiriksə, düşmənə canlı qüvvə itkisini özümüzdən artıq yaşatmırıqsa, miqyası böyük olmayan bir həqiqi qələbəni içimizdə hiss etmiriksə, deməli, sarkazmla dediyim sözdə həm də həqiqət var. Səbəbləri çox olsa da, birini qeyd etmişdim - Müdafiə nazirliyi rəhbərliyinin belə situasiyalara tam hazır olmadığı qənaətindəyəm. Qarabağ cəbhəsi dövlət sərhədi deyil, burada müharibənin bütün vasitələrindən istifadə olunacaq, ona görə daha ciddi və yeni kadrlarla hazırlaşmağı məqsədəuyğun hesab edirəm.
- Bu dəfə tərəflərə açıq şəkildə Türkiyə və Rusiya dəstəyindən də söhbət gedir. Bu barədə də fikirləriniz önəmlidir.
- Rusiya Ermənistanın hərtərəfli müttəfiqidir, ona görə Rusiyanın aşkar və gizli köməyini biz yaxşı bilirik. Amma, hiss olunur ki, Paşinyan hakimiyyətindən narazı olan Rusiya bu dəfə Ermənistana qulaqburması vermək istəyir və o, açıq görünür. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təcili iclasının təxirə salınması da bu “dərs”in tərkib hissəsidir. Türkiyənin bizə dəstəyi bu dəfə xüsusi oldu. Suriya və Liviyada Rusiya ilə qarşılaşan Türkiyə Azərbaycana növbətçi dəstəyini deyil, düşməni və havadarını da şoka salan dəstək nümayiş etdirdi və hərbiçilərimizin Türkiyə Müdafiə naziri tərəfindən qəbul edilməsi və söhbətlər aparması həm dövlət, həm də cəmiyyət üçün çox təsiredici oldu.
- Beynəlxalq ekspertlər hesab edirlər ki, bu dəfə savaş başlasa, bu, artıq dünya müharibəsinə çevrilə bilər. O üzdən bir çox tərəddüdlər var ki, məhz həmin dövlətlərin müdaxiləsi ilə müharibənin başlamasının qarşısı alınacaq…
- Birbaşa hansısa dövlətin xüsusi müdaxiləsi hiss olunmur. Dünyanın aparıcı qüvvələri, beynəlxalq təşkilatlar bu günlərdə yalnız atəşkəs çağırışı ilə məşğuldur. Heç kim də "dayan" zəngini etməyib. Bu dönəmdə çox iş görmək olardı.Təəssüf ki, olmadı. Dünya müharibəsinin olması isə real görünmür. Liviyadakı döyüşlər bundan ağırdır.
- Ümumiyyətlə, müharibənin başlayacağı daha real görünür, yoxsa bu da tarixə “İyul döyüşləri” kimi düşəcək?
- Müharibənin başlama ehtimalı çox azdır. Bu isə daha çox “Tovuz döyüşləri” kimi yadda qalacaq, həm də hadisələr başlayandan ilk dəfə general rütbəsində hərbiçimizin şəhid olması ilə. Bütün şəhidlərimizə rəhmət diləyirəm. Müharibəni başlamaq üçün çox işlər görülməli, hazırlıq aparılmalıdır. Rəsmi qaydada belə bir hazırlıq aparılmayıb.
- İki gün öncə ölkənin Xarici İşlər naziri dəyişdirildi. Sizcə, indiki məqamda bu dəyişikliyə gedilməsi nə qədər uğurlu olacaq?
- Xarici İşlər naziri çoxdan dəyişdirilməliydi. Biz Qarabağın işğaldan azad edilməsinin diplomatik cəbhəsində on illərdir ki, heç bir uğur qazanmamışıq. Diplomatiya müharibənin vacib hissəsidir. Diplomatiyada isə vəziyyət göz qabağındadır və biz hələ əlifba öyrənməklə məşğul olacağıq. Qarabağ danışıqlarında o qədər beynəlxalq müddəalar var ki, növbəti görüş olacaqsa, buna yeni nazir gərək hərtərəfli hazırlaşa. Diplomatiyanın sakit dili olmasına baxmayın, bişmiş, təcrübəli diplomatlar rəqiblərini sakit-sakit sıradan çıxarırlar və yalnız danışıq aparanı yox, tərəfin özünü də oyundan kənar vəziyyətə salırlar. Mən xüsusi uğur gözləmirəm.
- Nəcməddin Sadıqovun da vəzifədən göndərilməsi ilə bağlı tələblər də çoxdur. Bu barədə siz necə düşünürsüz?
- Son dövrlərdə bir məmurun, hərbçinin bu qədər ümumxalq nifrətinə sahib olduğunu müşahidə etməmişəm. Bu nifrət o həddə çatıb ki, hətta onu satqınlıqda ittiham edənlər də tapılır. Məsələ burasındadır ki, istər tərxis olunmuş hərbçilərin, istərsə də xidmətdə olanların özləri də ondan narazıdırlar. Bu adam isə hiss olunur ki, baş qəragahın işinə ürək yandırmır. Həm Aprel döyüşləri, həm də son – Tovuz döyüşləri göstərdi ki, taktiki hazırlıq və sonadək döyüş planları baş qərargah tərəfindən keyfiyyətli hazırlanmır.
- O günki aksiyada siz də meydandaydınız, nələr baş verdi, aksiyadan hansı nəticələri çıxara bildiniz?
- Mən internet televiziyalarının birində canlı efirdə idim. Həmin efirdən məlum oldu ki, belə bir yürüş var. Veriliş bitdikdən sonra mən də Şəhidlər xiyabanına gəldim. Meydanda son illər görmədiyimiz bir xalq coşğusu və həmrəyliyi vardı. Hamı bir-birilə mehriban idi, o cümlədən polislər də. Mən ordaca Reaksiya TV vasitəsilə yığışanları təbrik edib, milli həmrəyliyə görə təşəkkür etdim. Amma hiss edirdim ki, bu cür lidersiz, təşkil olunmamış toplantıda təxribatlar ola bilər. Müraciət üçün səsgücləndirici belə, yox idi. Ona görə də polisə yaxınlaşıb maşının meqafonu vasitəsilə müraciət etməyi məqsədəuyğun hesab etdim. Polislər də şəraiti yaratdılar və mən yenə də toplaşan insanlara həmrəyliyə görə təşəkkür edib, təxribatlara uymamağı, imkan verməməyi və necə sakit gəldikləri kimi sakit şəkildə də dağılmağı bildirdim. Məndən sonra Reaksiya TV-nin rəhbəri Zaur Qəriboğlu da bu səpkidə müraciət etdi. Bizim dağılmaq təklifimiz bəzi adamların xoşuna gəlməyib. Maşından düşəndən sonra bir şəxs bizi kənara çəkdi ki, sizlərə qarşı fiziki təxribat ola bilər, kənara çəkilin. Çəkildik və müşahidə etdim ki, AzTV istiqamətində xeyli polis dayanıb. Ümumiyyətlə, ora elə yerdir ki, ətrafda dörd vacib dövlət obyekti var - AzTV, Milli Məclis, Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti. Ona görə hər cür təxribata hazır olmaq lazımdır, xüsusilə qəflətən, stixiya şəklində toplaşan kütlə arasında. Təxminən, gecə birin yarısında evə döndüm və bir neçə saatdan sonra məlum oldu ki, bir qrup adam Milli Məclisə girib və tam məqsədsiz şəkildə, çünki videolardan da görünür ki, ora girənlər nə edəcəklərini bilmirlər. Hesab edirəm ki, bu, xalq həmrəyliyinə kölgə salmaq üçün kimlərinsə təxribatıdır. Amma, əsas məsələ o həmrəyliyin özünün nümayişi oldu. Təəssüf ki, deputatlar, adına ziyalı deyilənlər, dövlət məmurlarının heç biri xalqa müraciət etmək üçün ora gəlmədilər, amma səhərisi gün Qarabağdan illərlə danışmayan Milli Məclis üzvləri təxribatdan daha çox danışmağa başladılar. Doğru deyil, xalqın ruhunu öldürməsinlər.