Konqres Bakı ilə bağlı qərəzli sənədi qəbul etdi

21-07-2020, 21:35

ABŞ Nümayəndələr Palatasında demokrat konqresmen, Erməni Məsələləri üzrə Komitənin həmsədri Frenk Pallonenin ABŞ-ın 2021-ci il hərbi büdcəsi ilə bağlı qanununa dəyişiklik edilməsiylə bağlı təklifi qəbul edilib.
ASMEDİA.AZ xəbər verir ki, Pallonenin təklif etdiyi 397 nömrəli düzəlişə əsasən, ABŞ Müdafiə Nazirliyi Dövlət Departamenti ilə birgə Konqresə ABŞ Müdafiə Nazirliyinin “Tərəfdaşların imkanlarının gücləndirilməsi” proqramı əsasında Azərbaycana edilən hərbi yardımlar barədə hesabat təqdim etməlidirlər.
Təqdim edilən hesabat özündə insan haqlarının yaxşılaşdırılması ilə bağlı təklifləri də ehtiva etməlidir.
Pallone sənədin qəbulundan sonra çıxışı zamanı bu düzəlişin mühüm əhəmiyyət daşıdığını bildirib. O, ABŞ xarici yardımlarının onun dəyərlərinə zidd olmamasına Konqresin əmin olması gərəkdiyini deyib.
Erməni lobbisinin üzvü olan konqresmen saxtakarlıq edərək, Azərbaycanı Ermənistana qarşı təcavüzdə ittiham edib, bu dəyişikliklərin Azərbaycanın hərbi yardımdan məhrum edilməsi üçün əsas olacağını söyləyib. Pallonedən fərqli olaraq başqa bir erməniyönlü demokrat konqresmen Bred Şermanın təklif etdiyi 66-cı düzəliş isə qəbul edilməyib. 66 nömrəli düzəlişə əsasən, Azərbaycana hansısa müdafiə məhsulu və xidmətlər ABŞ Prezidentinin Konqresə bu məhsulların mülki aviasiyaya təhdid yaratmayacağına dair zəmanət verməsi ilə tədarük edilə bilərdi.
Qeyd edək ki, hər iki sənədin həmmüəllifləri sırasında Demokratlar Partiyasından olan erməniyönlü konqresmenlər Ceki Şpeyer, Adam Şif və TJ Koks yer alıb. Düzəlişin qəbul edilməsinə rəğmən bu, yekun qərar sayılmamalıdır. Belə ki, sənədin qəbulu üçün bundan sonrakı mərhələdə onu Senat təsdiq etməlidir.
Hazırda ABŞ Konqresinin Nümayəndələr Palatasında Demokratlar Partiyası, Senatında isə Respublikaçılar Partiyası üstünlük təşkil edir.


İstifadəçi paneli