Bakı-Sumqayıt yolunun səhər və axşam saatlarında tıxac olması hər gün bu yoldan keçənlərin qarşılaşdıqları adı haldır.
Və demək olar ki, bu yoldan istifadə edənlər saatlarla tıxaclarda qalacaqlarını göz önünə alırlar.
Yaranmış mənzərə aidiyyatı qurumları da ciddi narahat edir. Buna görə də, 2019-cu ilin sonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov məsələ ilə bağlı ölkə rəhbərliyinə məlumat verib.
Dövlət başçısı isə bu problemin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Hazırda ölkə başçısının sərəncamına əsasən Bakı-Sumqayıt yolunda genişləndirmə işləri həyata keçirilir.
Ancaq bu genişləndirmə prosesi xeyli evlərin sökülməsinə gətirəcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli mətbuata açıqlamasında bildirib ki, yolun genişləndirilməsi davam etdirilir.
Hətta yol kənarında yerləşən evlərin, obyektlərin söküntüsü də həyata keçirilir.
İnsanları narahat edən əsas məsələ Xırdalan qəbiristanlığı ilə bağlıdır. Belə ki, qəbiristanlığın Bakı-Sumqayıt yolunun hərəkət zolağında yerləşdiyindən, onun sökülməsi də planın tərkib hissəsi ola bilər.
Həmçinin, Xırdalan qəbiristanlığı şəhərin ən böyük qəbiristanlıqlarından biridir.
Məsələ ilə bağlı Anar Nəcəfli bildirib ki, qəbiristanlıq söküntü işlərinə daxil deyil:
“Xırdalan qəbiristanlığı ilə bağlı heç bir narahatlığa əsas yoxdur. Çünki qəbiristanlığın sökülməsi yolun genişləndirilməsi planına daxil deyil”.
Qurum rəsmisi nəinki qəbiristanlığın, onun hasarlarının da sökülməsinin gündəmdə olmadığını əlavə edib.