Təzə deputatların mandatlarını alacaqları tarix - RƏSMİ

10-02-2020, 21:49

Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 7 mübahisəli dairəni çıxmaq şərti ilə 118 dairədə seçkilərin nəticəsi Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanıb. Qarşıdakı müddətdə ciddi qanun pozuntularının qeydə alındığı dairələrdə təkrar seçkilərin keçirilməsi, eyni zamanda, qalan dairələrdə baş tutan seçkilərin nəticəsinin Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməsi və legitimləşdirilməsi prosedurları var.
 
Bəs, MSK seçki nəticələrini Konstitusiya Məhkəməsinə nə zaman təqdim edəcək? Məhkəmə bu proseduru hansı müddətdə təsdiqləyəcək?
 
Seçki Məcəlləsinin 171-ci maddəsinin 2-ci bəndi MSK-nın səsvermə yekunlaşdıqdan sonra həyata keçirəcəyi addımlar barədə məlumat verir:

  • Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını (bu Məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayır, 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir
 
Yəni fevralın 29-na qədər MSK bütün seçki dairələrindən müvafiq sənədləri toplayaraq səsvermə prosedurunu yekunlaşdırmalıdır.
 
171-ci maddənin 2-ci bəndinə əsasən, MSK seçkilər keçirilən gündən ən geci 20 gün ərzində seçki komissiyalarının 1 və 2 saylı protokollarını, dairələr üzrə seçkilərin yekunlarını Konstitusiya Məhkəməsinə təqdim etməlidir.
 
Eyni maddənin 3-cü bəndinə əsasən, Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin bu Məcəlləyə uyğunluğunu yoxlayır. Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər.
 
171-ci maddənin 3-cü bəndinə əsasən, dairə seçki komissiyalarının protokollarının bu Məcəllənin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir.
4-cü bənd isə seçkilərin yekunları bütövlükdə təsdiq edilmədikdə, Konstitusiya Məhkəməsi bu haqda qərar çıxardığını və bu Məcəllənin 145-ci maddəsinə uyğun olaraq yeni seçkilər təyin edildiyini göstərir.


İstifadəçi paneli