Təhsil ocaqlarımız koronavirusdan necə qorunur? - AÇIQLAMA

25-02-2020, 13:47

Koronavirusun qonşu ölkə İranda yayılması və ölümə səbəb olması Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi məsələsini daha da aktuallaşdırıb. Mütəxəssislər virusdan qorunmaq üçün müxtəlif tövsiyələr verir. Kütləvi yerlərdə özünü qorumaq, maska və dezinfeksiyaedici vasitələrdən istifadə etmək, immuniteti gücləndirmək və digər tədbirlər insanları bu virusdan qoruya bilər. Xüsusilə gənclərin təhsil aldıqları ali məktəblərdə tələbələr bu virusdan necə qorunmalı olduqlarını bilirlərmi?Bununla bağlı tədbirlər görülürmü?

Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova bildirib ki, artıq universitetin Tələbə Poliklinikasının nümayəndələri olan həkim və tibb bacıları tələbələrlə görüşüb,koronavirusdan qorunmaq üçün maarifləndirici söhbətlər parıblar. Onun sözlərinə görə, universitetə tibbi maska və spirtlə gəlmək tələbələrin qarşısında tələb kimi qoyulmayıb: “Tələbələrə tövsiyə olunub ki, kütləvi yerlərdə maskadan istifadə etsələr, yaxşı olar. Əllərini tez-tez sabunlu su ilə yumaq, dezinfeksiyaedici vasitələrdən istifadə etmək tövsiyə olunub.Universitetdəki kütləvi tədbirlərimizin heç biri təxirə salınmayıb”.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərovun sölərinə görə,hələ yaz semestri başlamazadan əvvəl - fevralın 12-də universitetdə tələbələrlə görüş keçirilib və onlar yeni yayılan virus, soyuqdəymədən olan xəstəliklərlə bağlı maarifləndirilib: “Tələbələrlə keçirilən görüşdə onlara koronavirusdan, eləcə də başqa virus xəstəliklərindən qorunmaqla bağlı məlumat verilib. Gigiyena qaydalarına əməl etmələri tövsiyə edilib. Universitetin poliklinkası var, ehtiyac olanda tələbələr oradakı həkimlərə müraciət edə bilir. Hazırda qrip, soyuqdəymədən xəstələnən tələbələr maska ilə gəlib-gedir, amma bu hal kütləvi deyil. Dərslərə mütləq maska ilə gəlmələri tələbi qoyulmayıb”.

B.Nəzərov onu da bildirib ki, universitetin 41 çinli tələbəsi var: “Həmin tələbələrə dekabr ayında imtahanlarını verdikdən sonra onlara Çinə getməmələri tövsiyə olunub. 8-i Çinə getdi, amma hələ qayıtmayıblar. 5 nəfər iranlı tələbəmizdən isə 2-si İrana getmişdi. Onlardan 1-i qayıtsa da, biri hələ qayıtmayıb. Qayıdan tələbə sərhəddə yoxlanıldığı üçün heç bir problem yoxdur”.

Mətbuat xidmətinin rəhbəri onu da bildirib ki, universitetdə heç bir kütləvi tədbir təxirə salınmayıb.

Bakı Dövlət Universiteti mətbuat xitmətinin rəhbəri Günel Orucəliyeva bildirib ki, ali təhsil ocağında tələbələr koronavirusla bağlı kifayət qədər məlumatlandırılır: “BDU-u poliklinikasının həkimləri tələblərin koronavirusla bağlı məlumatlandırılmasında yaxından iştirak edir. Onlara sanitar-gigiyenik qaydalara əməl etmələri tövsiyə olunur. Hazırda maskadan istifadə edən tələbələr var, amma universitet tərəfindən mütləq şəkildə maska taxılması tələbi qoyulmayıb”.

BDU sözçüsü onu da əlavə edib ki, yeni virusdan qorunmaqla bağlı tədbirlər planı da hazırlanıb, bu günlərdə təsdiq olunacaq.

Qeyd edək ki, orta məktəblərdə də bir sıra tədbirlər həyata keçirilib.

Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov fevralın 24-də koronavirusla bağlı rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) tapşırıq verib.

Tapşırıqda bildirilir ki, son vaxtlar yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətə həssas yanaşma tələb edir. Bu baxımdan rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) tabeliyindəki təhsil müəssisələrində tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsinə şərait yaranıb.

Aparat rəhbəri qeyd olunan vəziyyəti nəzərə alaraq rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) bir sıra tədbirlərin görülməsini tapşırıb.

Həmin tədbirlər bunlardır:

1. Ümumi təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsi.

2. Ümumi təhsil müəssisələrində şagirdlər arasında respirator xəstəliklərin əlamətlərinin olub-olmamasına dair baxışın keçirilməsi, belə əlamətlər müşahidə olunduqda, bu şagirdlərin ambulator müalicəyə yerləşdirilməsi.

3. Ümumi təhsil müəssisələrinin tibb otaqlarının (olduğu təqdirdə) zəruri tibbi ləvazimatlarla təchiz olunmasına nəzarətin artırılması.

4. Ümumi təhsil müəssisələrinin dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması.

5. Ümumi təhsil müəssisələrində aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılması.

6. Ümumi təhsil müəssisələri tərəfindən təşkil olunan kütləvi tədbirlərin məhdudlaşdırılması.


İstifadəçi paneli