Fevralın 20-də Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilən Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev və onun kadrları haqda maraqlı məlumatlar yayılıb.
Moderator.az-a danışan Neftçala sakini adının çəkilməsini istəməyib.
O, icra başçısının və Neftçala rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun ferması olduğunu qeyd edib:
“İsmayıl Vəliyevin rayonda bir çox obyektləri və o cümlədən, eşşək ferması mövcud idi. Burda saxlanılan eşşəyin südünü isə 80 manata satırdılar. İcra başçısının aylıq gəliri isə 2 milyon idi. Hər ay bütün məktəb direktorlarından 150, məktəb müəllimlərinin maaşından isə 10 manat tutularaq İ.Vəliyevə verilirdi. Təhsil şöbəsinin müdiri Əjdər Kərimov hər ay İ.Vəliyevə özü 2000 manat rüşvət verib”.
“Baş həkim Telman Zahidov hər ay İ.Vəliyevə 3000 manat rüşvət verirdi. Bunun üçün hər ay həkimlərin 20, tibb bacılarının maaşından isə 10 manat tutulub. Əməliyyat edən cərrahlar isə hər bir əməliyyata görə baş həkimə 100 manat pul veriblər. T.Zahidovun özünün həyətində ferması var idi. Orda təxminən 150 baş heyvan saxlayırdı. Heyvanlara isə Məşğulluq İdarəsinə cəlb edilən işçilər qulluq edirdi. Həmin işçilərə isə maaş kartı vasitəsilə 400 manat pul verilsə də, hər ay maaşlarından 200 manat tutulurdu. Bir sözlə, rayonda bütün fəhlələrin, həkimlərin, müəllimlərin, tibb bacılarının maaşından tutub İ.Vəliyevə rüşvət verirdilər”, - deyə rayon sakini bildirib.