2020-ci ilin ikinci yarısında minimum əməkhaqqının 50 manat artırılması dövlət üçün hədəf ola bilər.
Bunu bağlı iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, minimum əməkhaqqının artırılması gündəmdədir və bunun üçün maliyyə imkanları mövcuddur.
“Ölkə başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Azərbaycanda 2025-ci ilə qədər minimum əməkhaqqı daxil olmaqla digər əməkhaqqı növlərinin artırılması nəzərdə tutulur. Məqsəd növbəti məhələdə minimum əməkhaqqı səviyyəsinin artırılmasına nail olmaqdan ibarətdir. 2020-ci ilin dövlət büdcəsində sosial xərclərin payında artım var. Sosial xərclərin payının 38,5 faizə qədər artması əməkhaqqı artımları üçün zəmin yaradıb. Belə ki, 2020-ci ilin dövlət büdcəsində birbaşa əməkhaqqı xərcləri 6,7 milyard manat, pensiya və təqaüdlərin verilməsi üçün isə 3,2 milyard manat vəsait ayrılacaq. Bütövlükdə büdcə xərclərinin 10 milyarda yaxını birbaşa əməkhaqqı, pensiya, sosial ayırmalar üçündür. Bu il nələrin artıla biləcəyi ilə bağlı Maliyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə qərar verəcək”.
Ekspertin sözlərinə görə, qiymətləndirmələr 2020-ci ildə minimum əməkhaqqının 250 manatdan 300 manatadək artırılmasının mümkün olduğunu göstərir.
“Bu, minimum əməkhaqqı alan vətəndaşlarımızın gəlirlərinin artmasına gətirib çıxara bilər. Məqsədəuyğundur ki, daha böyük həcmdə əməkhaqqı artımları olsun. Amma nəzərə almaq lazımdır ki, əməkhaqqı artımları elə olmalıdır ki, büdcə vəsaiti buna imkan versin. Həmçinin söhbət 2025-ci ilə qədər mərhələli şəkildə minimum əməkhaqqının artırılmasından getdiyi üçün bu il son olmayacaq. Növbəti illərdə də bu artımları müşahidə edəcəyik. Bu da son mərhələdə minimum əməkhaqqının kifayət qədər yüksək məbləğə qədər artmasına gətirib çıxara bilər”.
Qeyd edək ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır.