Məktəblərdə tədris ilinin müddətini Nazirlər Kabineti müəyyən edəcək

12-03-2020, 21:39

Nazirlər Kabineti “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.
Bununla bağlı qərarı Baş NazirƏli Əsədov  imzalayıb.
Qərarda qeyd olunub ki, ümumtəhsil məktəbində tədris ilinin müddəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.
Bu qərar 2020-ci ilin sentyabrın 15-dən qüvvəyə minir.
Bundan əvvəl yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilərdi. Yeni qərarla Təhsil Nazirliyinin bu səlahiyyəti ləğv edilib.
Qeyd edək ki, dəyişiklikdən əvvəl ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatırdı. Dərs ili iki yarımilə bölünürdü:

- birinci yarımil - 15 sentyabr - 26 yanvar;

- ikinci yarımil - 1 fevral - 14 iyun.

- Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilirdi:

- 5 gün payız tətili (16-20 noyabr);

- 5 gün qış tətili (27-31 yanvar).

- İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilirdi.

- Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır.

- Məktəbəhazırlıq qruplarında dərs ili iki yarım ilə bölünürdü:

- I yarımil: 1 oktyabr - 26 yanvar;

- II yarımil: 1 fevral - 31 may.

- Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunurdu:

- 5 gün payız tətili (16-20 noyabr);

- 5 gün qış tətili (27-31 yanvar);

- 5 gün əlavə tətil (1-5 may).

Bu müddəalar “Ümumtəhsil Məktəbinin Nümunəvi Nizamnaməsi”ndən çıxarılıb.


İstifadəçi paneli