Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Artur Rasi-zadəni qəbul edərək ona "Heydər Əliyev" ordenini təqdim edib.
Görüş zamanı çıxış edən dövlət başçısı bildirib:
Hörmətli Artur müəllim, sizi qarşıdan gələn yubileyiniz münasibətilə təbrik edir, sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram. Siz uzun illər ərzində Azərbaycanın tərəqqisinə mühüm töhfələr vermisiniz. Müxtəlif məsul vəzifələrdə çalışaraq ölkə iqtisadiyyatının inkişafına böyük əmək sərf etmisiniz - həm sovet dönəmində, həm də müstəqillik illərində. Ulu öndər Heydər Əliyev sovet dövründə sizin peşəkarlığınızı və biliklərinizi yüksək qiymətləndirərək, - siz o zaman gənc idiniz, - sizi irəli çəkərək, məsul vəzifələrə təyin etmişdi, Nazirlər Sovetinin sədr müavini vəzifəsinə. Heydər Əliyev müstəqillik dövründə Azərbaycan Prezidenti seçildikdən sonra ilk təyinatlarından biri də sizi özünə köməkçi vəzifəsinə gətirmək olmuşdu. Daha sonra isə sizi daha yüksək posta – Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə layiq gördü.
Təbii ki, Heydər Əliyev insanları çox yaxşı tanıyırdı, onların peşəkarlığını və bilik səviyyəsini dəyərləndirirdi. Bilirəm ki, o, sizi də bir şəxsiyyət kimi daim yüksək qiymətləndirirdi. Həm qeyd etdiyim keyfiyyətlərinizə, həm də prinsipial mövqeyinizə görə. Sizin prinsipial mövqeyiniz bütün sahələrdə özünü büruzə verirdi – istər ölkəmizin iqtisadi inkişafı ilə, istərsə də digər məsələlərlə bağlı.
Biz sizinlə 15 il birlikdə işləmişik - 2003-cü ildən 2018-ci ilə qədər. Düşünürəm ki, həmin illər Azərbaycan iqtisadiyyatı üçün ən dinamik inkişaf dövrü olub. Həmin illərdə ölkə iqtisadiyyatı, demək olar ki, iki dəfə artıb və mühüm infrastruktur layihələrinin icrası, eləcə də başlanması məhz həmin dövrə təsadüf edir. Sizin rəhbərliyinizlə Nazirlər Kabineti Prezidentin tapşırıqlarını layiqincə icra edirdi və bu gün Azərbaycanın dayanıqlı iqtisadi inkişafı müstəqilliyimizin əsasını təşkil edir. Birgə işlədiyimiz 15 il ərzində daim təmasda olmuşuq, məsələləri müzakirə etmişik və həll yolları tapmışıq. 2018-ci ildən sonra da əlaqələrimiz davam edib. Sevindirici haldır ki, siz yubileyinizi çox yaxşı sağlamlıq durumunda qeyd edirsiniz və sizi hər zaman görmək mənim üçün xoşdur. İllər ərzində dəfələrlə telefon söhbətlərimiz olub, bir çox məsələləri müzakirə etmişik. Bu gün isə sizi bu əlamətdar gün ərəfəsində dəvət edərək, sizə Azərbaycanın ən ali mükafatı – "Heydər Əliyev" ordenini təqdim etmək istəyirəm. Bu gün imzaladığım Sərəncama əsasən, siz bu yüksək mükafata layiq görülmüsünüz. Siz buna layiqsiniz, çünki Heydər Əliyevin etibarlı silahdaşı olmusunuz. Bir daha qeyd edirəm ki, həm sovet dövründə, həm də müstəqillik illərində, xüsusən də müstəqilliyimizin ən çətin vaxtlarında atamın yanında olmusunuz. O, bunu həmişə dəyərləndirirdi, mən də bunu yüksək qiymətləndirmişəm və qiymətləndirirəm. Bu, tam ədalətli qərardır və icazə verin, bu ali ordeni sizə təqdim edim.
Prezident İlham Əliyev "Heydər Əliyev" ordenini Artur Rasi-zadəyə təqdim edib.
Əməyinə verilən yüksək qiymətə görə dövlət başçısına təşəkkürünü bildirən Artur Rasi-zadə, Heydər Əliyevin adını daşıyan ordenə layiq görülməyin onun üçün ən böyük şərəf olduğunu vurğulayıb. O, ümummilli liderlə və Prezident İlham Əliyevlə uzun illər birgə çalışmaqdan qürur duyduğunu qeyd edib. Artur Rasi-zadə həmçinin Azərbaycan Prezidentinin tarixi bir hadisənin müəllifi olduğunu, torpaqlarımızın 30 illik işğalına son qoyduğunu və həmin ərazilərdə yeni həyatın başlandığını bildirib.